Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:02

Gəncə işində 4 nəfər buraxılıb


Gəncə hadisələrinə görə həbs olunan şəxslərdən dördü - Qadir Hüseynov, Kamal Məmmədtağıyev, Mireşqin Seyidov və Rauf Qurbanzadə məhkəmə zalından azadlığa buraxılıb.

Bu, avqustun 9-da Bakı Apellyasiya Məhkəməsində yaşanıb. Onların azadlığa buraxılması qərarını isə Gəncə Apelyasiya Məhməməsinin hakimləri verib.

Adları çəkilən şəxslər daha 7 nəfərlə birlikdə eyni qrupun tərkibində mühakimə olunub. Onlara CM-in 220.1 (kütləvi iğtişaşların təşkili), 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlığı üçün təhlükəli zor tətbiq etmə), 228 (qanunsuz silah saxlama) və 234-cü (narkotik əldə etmə, saxlama və daşıma) maddələri ilə ittiham irəli sürülüb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə onlara 7 ildən 10 ilə qədər həbs cəzası verilmişdi. Ən az - 7 il cəza alanlar azadlığa buraxılan dörd nəfər idi. Onlara yalnız CM-in 228.1 maddəsilə ittiham verilmişdi.

Digər təqsirləndirilən şəxslərdən Vüqar Allhverdiyev, Raul Süleymanov və Ülvi Həsənov 8 il, Kamal Quliyev və Əli Rzayev 8 il 6 ay, Xəyal Qafarov və Samir İbrahimov isə 10 il azadlıqdan məhrum edilmişdi.

Avqustun 9-da məhkəmədə öncə dövlət ittihamçısı çıxış edib. O, dörd nəfərin cəzasının 2 ilə, digərlərinin cəzasının isə 5 il 6 ay - 7 ilə endirilməsini istəyib.

Məhkəmə isə dörd nəfərin hər birinə 1 il cəza kəsib, həmin müddət də başa çatdığına görə onlar məhkəmə zalından azadlığa buraxılıb.

Digərlərinin cəzası isə 4 il 6 ay - 6 ilə endirilib.

Təqsirləndirilən Ə.Rzayevlə bağlı ittihamda yazılmışdı ki, o, Gəncədə tutulub və üzərindən narkotik tapılıb. Lakin təqsirləndirilən şəxs bütün ittihamları rədd edir, bildirirdi ki, onu nə Gəncədə tutublar, nə də üstündə narkotik olub.

"Azəriqaz"ın Samux şöbəsinin rəisi Süleyman Qarayev də apellyasiya məhkəməsində dindirilərkən təsdiqləyib ki, Ə.Rzayevi iş yerindən gəlib aparıblar.

Gəncə Ağır Cinayətlər Məhkəməsi hökmündə ittihamı olduğu kimi saxlasa da, Apellyasiya Məhkəməsi qərarında narkotik məsələsini çıxarıb. Ə.Rzayevin cəzası 8 il 6 aydan 4 il 6 aya endirilib.

Xatırlatma

Ötən il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Məhkəməsi başlanmadığından Y.Səfərov bu iddialara münasibətini hələ ictimaiyyətə açıqlaya bilməyib.

Sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsinə dair məlumatlar yayılıb. Rəsmi məlumata görə, həmin gün Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Baş Prokurorluğun yaydığı məlumata görə, 8 qrupun işi məhkəməyə göndərilib. Bu qruplarda ümumilikdə 60 nəfər təqsirləndirilən şəxs var. Onlardan da 6 qrupa hökm oxunub, həmin işlər hazırda apellyasiya məhkəməsində araşdırılır. Daha 2 qrupun işi üzrə birinci instansiya məhkəməsində araşdırmalar davam edir.

“Gəncə işi” üzrə 11 nəfər də beynəlxalq axtarışa verilib.

Bu məsələlərlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda o da vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər. (Rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər). Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.

Həbs olunanlar məhkəmədə saxlanılarkən və ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildiriblər. Daxili İşlər Nazirliyi isə saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri də təkzib edib. Bildirilib ki, məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə məhkəmədə həqiqətəuyğun olmayan ifadələr verirlər.

XS
SM
MD
LG