Çin Honq Konqdakı etirazları qanlı Tiananmen hadisələri sayaq yatırda bilərmi. “Frans Pres” agentliyi yazır ki, Pekin belə bir metodun fəsadlarını götür-qoy edə bilər, amma təhlilçilər potensial faciəvi iqtisadi və siyasi nəticələrin Pekini belə bir açıq müdaxilədən çəkindirəcəyini düşünürlər.
Vaxtilə Britaniyanın koloniyası olmuş Honq Konqda nümayişçilərlə polisin toqquşmaları getdikcə daha zorakı xarakter alır. Pekin baş verənləri pisləyir, xəbərdarlıq edir ki, odla oynayanları elə od məhv edəcək.
Bu arada Xalq Azadlıq Ordusunun Honq Konqdakı hərbi qarnizonu iğtişaşlara qarşı təlimdən görüntülər yayıb, odlu silahlı, videoda zirehli maşınlarla hərəkət edən əsgərlər etirazçıları su şırnaqları ilə dağıdır.
İndilik, Çin Honq Konq polisinə tam dəstək bildirir. Ancaq son video və güclənən ritorika Pekinin etirazları zorakılıqla yatıra biləcəyi sarıdan əndişə yaradıb.
“Pekin ordunu göndərmək, yaxud birbaşa müdaxilə təhdidiylə etirazçıları qorxutmağa çalışır”, –Sidneydəki Lowy İnstitutundan Ben Bland deyib.
“Ancaq Çinin nüfuzu və iqtisadiyyatına mümkün risk səviyyəsinin nəzərə alanda, ordunu göndərmək təhlükəli hərəkət olar”, – tədqiqatçı Bland vurğulayıb.
Çin 1989-cu ildə Pekinin Tiananmen meydanında demokratiya tələb olunan etirazları qəddarlıqla yatırdı, sonrakı iki il ölkə iqtisadiyyatı demək olar, yerində saydı.
Təhlükəsizlik ekspertlərinin fikrincə, Tiananmen hadisələrindən sonrakı 30 il ərzində Çin təkmil təhlükəsizlik nəzarəti aparatı hazırlayıb və iğtişaşları yatırmağa tank göndərməkdən başqa yolları da var.
Kəşmirdə sakitçilikdir
Bazar ertəsi Kəşmirin Hindistanın nəzarətində olan hissəsində gərgin sakitçilik hökm sürüb, sakinlər Qurban bayramını qeyd edirlər. Bir neçə gün öncə Hindistan bu mübahisəli regionunun muxtariyyətini ləğv edib, komendant saatı tətbiq edib.
“The Assosiated Press” agentliyi artıq səkkizinci gündür ərazidə kommunikasiya və internetin kəsildiyini yazır.
Xəbər agentliklərinə görə, hakimiyyət məscidlərdə bayram namazına icazə veriləcəyini, ancaq çox sayda adamın bir yerə yığılmasının qarşısının alınacağını bildirib. Məqsəd Hindistana qarşı etirazlara imkan verməməkdir.
Əsasən müsəlmanların yaşadığı regionda çoxları Hindistanın idarəçiliyinə qarşı çıxır.
Hindistanın Baş naziri Narendra Modi xalqa müraciətində deyib ki, ərazi “terrorçuluq və separatçılıq”dan təmizlənəcək. O, ölkəsinin əzəli düşməni Pakistanı iğtişaşları qızışdırmaqda suçlayıb.
Kəşmir bu iki ölkə arasında bölünüb, Hindistanın nəzarətində olan hissədə üsyançılar onun idarəçiliyinə qarşı çıxırlar.
Jeffrey Epstein-in ölüm səbəbi haqda müəyyənləşməyib
İnsan alveri ittihamıyla həbs olunmuş maliyyəçi Jeffrey Epstein şənbə günü Menhettendə saxlandığı kamerada ölü tapılıb. Nyu York Şəhərinin tibbi ekspertiza idarəsi bazar günü bildirib ki, cəsədin autopsiyası bitib, ancaq ölümün səbəbini müəyyənləşdirməkdən ötrü əlavə informasiya lazımdır. Bu haqda “NBC News” yazır.
Təhqiqatdan xəbərdar bir neçə mənbə NBC News-a deyib ki, intihar ölümün ilkin versiyası kimi qalır, son günyarımda qətl versiyasının hər hansı əlaməti aşkarlanmayıb.
66 yaşlı Epstein-in intihar etməməsi üçün ona kamerada göz qoyulmayıb. İki həftə öncə onun boynunda əlamətlər aşkarlanıbmış. Bunu da istintaqın gedişilə tanış olanlar deyib.
Baş prokuror William Barr şənbə günü deyib ki, “Jeffrey Epstein-in ölü tapıldığını eşidəndə dəhşətə gəlib”.
Xəbər yayılan kimi internetdə əsassız konspiroloji nəzəriyyələr ortaya atılıb, çoxları Prezident Donald Trump və keçmiş prezident Bill Clinton-u bu ölümdə suçlamağa cəhd ediblər. Onların hər ikisinin maliyyəçi ilə əlaqələri olub. Ancaq bu nəzəriyyələrin heç birində dəlil göstərilmir. Birini hətta Trump-ın özü də paylaşıb.
Epstein-in ölümündən bir gün öncə məhkəmə sənədlərinin məxfiliyi qaldırılıb, onun suçlandığı insan alveri işinin detalları yayılıb.
İttihamnaməyə görə, o, azından 2002-ci ildən 2005-ci ilədək azyaşlıları, hətta 14 yaşlıları bir neçə yüz dollar əvəzində cinsi əlaqəyə cəlb edib. Özü isə ittihamları rədd edirdi. Təqsirli bilinsəydi, 45 ilədək həbsə məhkum oluna bilərdi.