Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 13:21

Elinanın anası icra başçısının müavini ilə üzləşdirildi


Sevil Hüseynova
Sevil Hüseynova

162 saylı məktəbin üçüncü mərtəbəsindən özünü atıb intihar edən Elina Hacıyevanın ailəsinin tələblərindən biri də Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova ilə üzləşmək idi. Çünki hadisədən sonra direktor məktəbə Xalidə Bayramovanı çağırmış, o da gəlib yaral vəziyyətdə Elinanı sorğu-sual edərək, videoya çəkmişdi.

Zərərçəkmiş tərəfin Xalidə Bayramova ilə üzləşmə haqda vəsatəti öncə rədd edilsə də, istintaq orqanı bugünlərdə fikrini dəyişib.

Elina Hacıyevanın anası Sevil Hüseynova ötən həftə Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova ilə üzləşdirilib.

Bakı şəhər Prokurorluğunda keçirilən üzləşmədə vəkillərin də iştirak etdiyi bildirilir.

Zərərçəkmişin vəkillərindən Emin İsayev də AzadlıqRadiosu-na xəbəri təsdiqləyib.

Vəkil bildirib ki, Sevinc Hüseynova təkcə Xalidə Bayramova ilə yox, məktəbin keçmiş direktoru, Elina Hacıyevanın ölümü ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilən Sevinc Abbasova ilə də üzləşdirilib:

“Amma üzləşmələrin detalları barədə heç bir məlumat verə bilməyəcəm. Çünki istintaq sirridir”.

Vəkilin sözlərinə görə, Elina Hacıyevanın anası hadisədən sonra Kliniki Tibbi Mərkəzdə onun müayinə və müalicəsinə məsul olmuş həkimlərlə də üzləşdirilib: “Amma həkimlərlə üzləşmə çoxdan olub”.

Xatırlatma

Bakıda 162 saylı məktəbdə oxuyan Elina Hacıyevanın bu il aprelin 4-də özünü üçüncü mərtəbədən atdığı, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, sonradan (aprelin 6-da) vəfat etdiyi bildirilmişdi.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Şagirdin intihar etdiyi bildirilir və buna səbəb kimi məktəbdə ona pis münasibət bəsləndiyi qeyd edilir.

Elina Hacıyevanın təhsil aldığı 162 saylı məktəbin direktoru Sevinc Abbasovanın, direktor müavini Lalə Məhərrəmovanın, sinif rəhbəri Çimnaz Mehdiyevanın və həmin təhsil müəssisəsinin psixoloqu Könül Ağayevanın işdən çıxarıldığı açıqlanıb.

“Məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib”,- Baş Prokurorluğun açıqlamasında belə yazılıb.

İttiham sübuta yetirilərsə, məktəb direktoruna 5 ilədək həbs cəzası verilə bilər. Amma məktəb direktoru hadisədən az sonra mediaya açıqlamasında bu məsələdə özünün təqsirsizliyini bildirmişdi.

XS
SM
MD
LG