Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:38

İran tankeri Cəbbərültariqdən çıxmağa hazırlaşır


Grace 1 tankeri
Grace 1 tankeri

Cəbbərültariqdə altı həftə öncə saxlanmış İran supertankeri Britaniyaya məxsus bu ərazidən çıxmağa hazırlaşır, adı və bayrağı dəyişdirilir. İranın Limanlar və Dənizçilik Təşkilatının sədr müavini Jalil Eslami avqustun 16-da dövlət televiziyasında deyib ki, Grace 1 bundan sonra İran bayrağıyla üzəcək.

“Sahibinin xahişilə Grace 1 Aralıq dənizinə yola düşəcək, o, İran İslam Respublikasının bayrağını daşıyacaq, adı da Adrian Darya olacaq. Gəmi Rusiya mənşəli idi və Panama bayrağıyla üzürdü, 2 milyon ton İran neftini daşıyır”, – o deyib.

Cəbbərültariqin Baş naziri Fabian Picardo bu gün deyib ki, altı həftə qabaq saxlanmış supertanker hazır olan kimi yola düşə bilər. O əlavə edib ki, ərazinin Ali Məhkəməsi ABŞ-ın Grace 1 tankerinin yola düşməsini əngəlləməyə yönəlik istənilən cəhdini nəzərdən keçirəcək.

Fabian Picardo
Fabian Picardo

Bundan öncə Birləşmiş Ştatlar bildirib ki, supertankerin ekipajı ABŞ-ın viza qadağasına məruz qala bilər. Dövlət Departamentinin bildirməsinə görə, Grace 1 İranın İslam İnqilab Keşikçiləri Korpusuna yardım edir. Vaşinqton bu qüvvəni “terrorçu təşkilat” sayır.

***

ABŞ-ın etirazına baxmayaraq İran tankeri azad edilir

Cəbəllütariqdən alınan ən son məlumatlarda deyilir ki, ABŞ-ın saxlanma barədə müraciətinə baxmayaraq bu ərazidə həbs edilmiş İran neft tankerinin buraxılması üçün qərar verilib.

***

Bundan əvvəl xəbər verilirdi ki, ABŞ-ın müraciətindən sonra Cəbəllütariqin azad etməyə hazırlaşdığı İran tankerinin taleyi naməlum qalır.

Cəbəllütariq hökuməti avqustun 15-də bu barədə verdiyi bəyanatda bildirir ki, “ABŞ-ın Ədliyyə Nazirliyi Grace 1 tankerinin saxlanması üçün müraciət edib və hazırda bu məsələyə baxılır”.

Bu da qeyd olunur ki, tankerlə bağlı məsələyə Britaniyanın dəniz ərazisi olan Cəbəllütariqin məhkəməsində baxılacaq.

ABŞ-ın müraciəti İran supertankerinin azad edilməsi barədə qərarın icrasına bir neçə saat qalmış daxil olub.

Chronicle qəzeti xəbər verir ki, ABŞ-ın belə bir müraciəti olmasaydı, İranın supertankeri buraxılacaqdı.

Grace 1 tankerinin saxlanması müddəti avqustun 17-də bitir.

***

Cəbbərültariqdə saxlanmış İran tankeri buraxıla bilər

Britaniyanın nəzarətində olan Cəbbərültariq avqustun 15-də İranın neft tankerini buraxacaq. Bu haqda “The Sun” qəzeti yazıb. Tanker iyulda Britaniya qüvvələri tərəfindən AB-nin Suriyaya sanksiyalarının pozulması şübhəsilə saxlanmışdı.

Tehran Grace 1 supertankerinin Suriyaya xam neft daşımadığını bildirir. İranın yarırəsmi Fars agentliyi gəminin avqustun 13-də buraxılacağını bildirmişdi. Cəbbərültariqin hökumət rəsmisi isə məlumatı təkzib etmişdi.

“The Sun” məlumatı Cəbbərültariqin Baş naziri Fabian Picardo-nun yaxın ətrafına istinadla yayıb. O da bildirilir ki, Picardo tankerin saxlanması orderinin yenilənməsini rəsmən xahiş etməyəcək, o, gəminin daha Suriyaya getməməsindən məmnundur.

ABŞ Prezidenti Donald Trump ötən ilin mayında İranla 2015-ci il nüvə sazişindən çıxandan, Tehrana iqtisadi sanksiyaları bərpa edəndən sonra İranla Qərb arasında gərginlik güclənib.

Grace 1 saxlanandan iki həftə sonra İran qüvvələri Hörmüz boğazında Britaniyanın Stena Impero tankerini saxlayıb.

XS
SM
MD
LG