«Əsrin müqaviləsi»nin faydası, problemli kreditlərin həcminin əhəmiyyətli şəkildə azalmamasının səbəbləri, xarici ticarətdə müsbət saldonun düşməsi və başqa məsələlər medianın toxunduğu mövzulardandır...
«Problemli kreditlərin həcmində ciddi azalma baş verməyib»
«Yeni Müsavat» qəzetində «Problemli kreditlərin məbləğinin azalmamasının sirri üzə çıxır» sərlövhəli yazı dərc edilib.
Yazıda bildirilir ki, Azərbaycanda bank sektorunun əsas problemlərindən biri vaxtı keçmiş kreditlər hesab olunur.
Müəllifin vurğulamasına görə, 2015-ci ildə baş vermiş devalvasiyalardan sonra vaxtı keçmiş kreditlərin ümumi kredit qoyuluşlarındakı payı 16 faizə - 1.9 milyard manata qədər artıb. Yazıda qeyd edilir ki, bu ilin fevralında dövlət başçısı «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərman imzalayıb. Bu fərmana əsasən, banklara 10 min dollara qədər borcu olan şəxslərə devalvasiyalarla (manat iki dəfə dəyər itirib) dəyən ziyan dövlətin üzərinə qoyulub: «...Problemli kreditlərin həcmində ciddi azalma baş verməyib. Belə ki, Mərkəzi Bankın məlumatına görə, problemli kreditlərin həcmi bu il iyulun 1-nə 1486.5 milyon manat təşkil edib. Bu, iyunun 1-i ilə müqayisədə 0.5 faiz azdır. Bu il martın 1-də isə Azərbaycanda 1574.7 milyon manat həcmində vaxtı keçmiş kredit qeydə alınıb. Bu isə prezident fərmanının icrası nəticəsində problemli kreditlərin həcmində azalmanın kifayət qədər kiçik olduğunu göstərir».
Bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənovun bildirdiyinə görə, problemli kreditlərin azalmamasının bir səbəbi bağlanmış banklar üzrə xarici valyutada olan kreditlərə görə kompensasiya ödənişinin başa çatmamasıdır. Onun fikrincə, ikinci səbəb də fərmanın ikinci hissəsinin icrasına başlanmamasıdır: «İkinci hissə, bildiyiniz kimi, milli valyutada 17 min manata qədər ( 10 min dollar) olan problemli kreditlərin restrukturizasiyasını nəzərdə tutur...».
Ə.Həsənovun sözlərinə görə, problemli kreditlərin əhəmiyyətli şəkildə azalmamasının üçüncü mühüm səbəbi onların əsas hissəsinin iri məbləğli kreditlərdən ibarət olmasıdır.
«Saldo düşüb»
Marja.az-da «Azərbaycanın idxalı kəskin artıb, saldo düşüb» sərlövhəli yazı yer alıb.
Yazıda qeyd edilir ki, bu ilin 7 ayında ölkədə idxal 8 milyard 433 milyon 668 min dollar, ixrac 12 milyard 267 milyon 714 min dollar, müsbət saldo isə 3 milyard 834 milyon dollar təşkil edib.
Müəllif müqayisə üçün qeyd edib ki, 2018-ci ilin eyni dövründə Azərbaycanın xarici ticarət əməliyyatları 16 milyard 524 milyon 541 min dollar olub. Bunun 5 milyard 776 milyon 222 min dolları idxalın, 10 milyard 748 milyon 319 min dolları da ixracın payına düşüb.
Müəllif əlavə edib ki, müsbət saldo 4 milyard 2 milyon dollar təşkil etmişdi: «İllik müqayisədə (ötən ilin 7 ayı ilə) idxal 42%, ixrac 14.1% artıb, saldo isə 4.2% azalıb».
Amma yazıda vurğulanır ki, iyulda ixracda sıçrayış baş verib: «İyul ayında Azərbaycanın ixracı 2 milyard 288 milyon 251 min dollar təşkil edib. Bu, iyun ayı ilə müqayisədə 1.7 dəfə çoxdur. İyunda ixrac 1 milyard 358 milyon 574 min dollar təşkil etmişdi. İyun ayı ilə müqayisədə iyulda idxal da artıb. Aylıq müqayisədə idxal 20% artaraq 1 milyard 417 milyon 438 min dollar təşkil edib».
«Azərbaycana xidmət edən layihə»
«Azərbaycan» qəzetində «25 ildir Azərbaycana xidmət edən layihə» sərlövhəli yazı dərc edilib.
Yazıda Xəzərin Azərbaycan sektorundakı «Azəri», «Çıraq» və «Günəşli» (AÇG) yataqlarının xarici şirkətlərlə birgə işlənməsi üçün sazişin imzalanmasından ötən 25 illik bir dövr dəyərləndirilir.
Müəllif yazıb ki, sonradan «Əsrin müqaviləsi» kimi məşhurlaşan bu saziş imzalanarkən çoxları onun uğur qazanacağına inanmayıb və onun elə kağız üzərində qalacağını düşünüblər: «Çünki müqavilənin həyata keçirilməsi üçün təkcə iqtisadi deyil, eyni zamanda siyasi və regional məsələlərdə öz həllini tapmalı idi. Ulu Öndər Heydər Əliyev diplomatiyası qarşıda duran məqsədə nail olmaq imkanı yaratdı».
Müəllif xatırladıb ki, AÇG yataqları üzrə saziş 30 illik müddət üçün imzalanıb. Yazıda vurğulandığına görə, lakin zaman AÇG yataqlarının imkanlarının daha geniş olduğunu göstərib. 2017-ci ilin sentyabrında «Əsrin müqaviləsi»nin müddəti 2050-ci ilin əvvəllərinədək uzadılıb: «AÇG Azərbaycana gəlir gətirməkdə davam edir. 1997-ci ilin sonundan 2018-ci ilin sonunadək bu yataqlardan hasil edilən neftin həcmi 3.5 milyard barel olub. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri 2006-cı ildə tam sistem kimi istifadəyə verilərək Azərbaycan neftini dünya bazarlarına çıxarır».
Yazının sonunda da oxuyuruq: «Bütün bunların sayəsində indi Azərbaycan iri həcmdə neft və qaz ixrac edən ölkələr sırasında layiqli yer tutur. Sürətli sosial-iqtisadi yüksəliş dövrünü yaşayan ölkəmizin dinamik inkişafı nəticəsində əldə edilən nailiyyətlər milli iqtisadiyyatı şaxələndirməklə bütün sahələrdə, o cümlədən qeyri-neft sektorunda əsaslı irəliləyişə gətirib çıxarmışdır».