Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:52

Biləsuvarda su şikayəti: 'Su məmurların...'


Biləsuvar rayon İsmətli kəndinin bir qrup sakini dövlət başçısı İlham Əliyevə müraciət edib. Onlar şikayətləniblər ki, kənddə pambıq və həyətyanı sahələr susuzluqdan məhv olur.

İsmətli kəndinin dörd min əhalisi olduğunu bildirən müraciət müəllifləri qeyd ediblər ki, su əsasən əkin sahələri olan məmurların ixtiyarına verilir. Onların vurğulamasına görə, Biləsuvarda yüzlərlə hektar əkin sahələri olan məmurlar var. Müraciət müəllifləri, üstəlik, suyun qonşu rayonlara satıldığını da iddia ediblər.
Şikayətçilərin vurğulamasına görə, sadə vətəndaşlar isə pambıq sahələrini suvara bilmir. Onlar qeyd ediblər ki, “Cənub Muğan” kanalından çəkilən yeni kanalın kənd ərazisinə çatmasından ötrü 25 metrlik iri diametrli dəmir boruya ehtiyac var. Müraciətdə o da vurğulanıb ki, dəfələrlə şikayət etmələrinə baxmayaraq Biləsuvarda aidiyyatı qurumlar problemlərini həll etmirlər.

Bələdiyyə sədri: “Bu məsələ müəyyən müddətə həllini tapacaq”.

İsmətli kənd bələdiyyəsinin sədri Mirzəxan İbayev də su problemi olduğunu söyləyib. Amma o vurğulayıb ki, problem məhsulun və ya həyətyanı sahələrin susuzluqdan yanması həddində deyil.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı adı çəkilən kəndin bir qrup sakini bu il Kənd Təsərrüfatı Nazirliyində olub, işin görülməsi ilə bağlı müəyyən danışıqlar aparılıb: “İşin müəyyən hissəsi görülüb, amma daha bir qismi yarımçıq haldadır. Hətta dövlət başçısı İlham Əliyev Biləsuvarda olanda (2018-ci il-red) da bu məsələ müzakirə edilib. Dövlət başçısı da problemi həll etməklə bağlı tapşırıq verib”.

M.İbayev deyib ki, burada bir anlaşılmazlıq da özünü göstərir. Onun vurğulamasına görə, rayonun Aranlı və Çinarlı kəndləri adı çəkilən kanaldan su nəqli məqsədi ilə İsmətli kəndinə boru xətti çəkilməsinə etiraz edirlər: “Yəni, bu kəndlərin əhalisi bunu belə izah edir ki, əgər kanaldan əlavə boru ilə su xətti çəkilsə, bu kanalda suyun azalmasına, Aranlı və Çinarlı kəndlərinin yetərli dərəcədə su ilə təmin olunmamasına gətirib çıxara bilər. Ona görə də, hələlik, məsələ belə qalıb. Amma ümid edirik ki, bu məsələ müəyyən müddətə həllini tapacaq”.

Suyun məmurların ixtiyarına verilməsi və ya qonşu rayonlara satılıması barədə iddialara gəlincə M.İbayev qeyd edilənləri əsassız sayıb.

Müraciətə, hələlik, başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG