“Jurnalist Azərbaycanda korrupsiyanı ifşa edib. Ölkə isə onu təqib etməkdədir”. “The Washington Post” qəzetinin baş məqaləsi belə adlanır. Qəzet araşdırmaçı jurnalist Xədicə İsmayılovanın 2016-cı ildə həbsdən buraxılmasına baxmayaraq mübarizənin davam etdiyini yazır. Jurnalist hakimiyyətin yüksək pillələrində korrupsiya və qohumbazlığı araşdırandan sonra susdurulmaq üçün həbsə atılmışdı. Avqustun 7-də Azərbaycanın Ali Məhkəməsi onun barəsində qondarma vergidən yayınma ittihamlarını qüvvədə saxlayıb.
Məqalədə Xədicə İsmayılovanın Azərbaycan Prezidenti İlham Əliyev və ailəsinə bağı biznesi ortaya çıxarmasından, Əliyevin Azərbaycanı “şəxsi ərazi” kimi idarə etməsindən söz açılır. Jurnalist qanunsuz sahibkarlıqda təqsirli bilinib, onun “xarici mediadan qazandığı bütün pullar qanunsuz” sayılıb. O, 2008-2010-cu illərdə AzadlıqRadiosu-nun Bakı bürosunun rəhbəri olub. X.İsmayılova “Amerikanın səsi”nə deyib ki, hələ də 2016-cı ildə UNESCO-dan aldığı mükafatı əldə etməyə çalışır. Jurnalistə səyahət qadağası qoyulub, bank hesabları dondurulub.
Bu ilin yanvarında Avropa İnsan Hüquqları Məhkəməsinin İsmayılovanın 2013-cü ildə verdiyi şikayəti üzrə qərarında deyilirdi ki, hakimiyyət jurnalistə qarşı qarayaxma kampaniyasına düzgün yanaşmayıb. O zaman İsmayılovaya şantaj məktubu göndərilmiş, “gördüyü işlərdən əl çəkməzsə” intim videolarının yayılacağı bildirilmişdi. Sonradan video internetdə yayıldı. İsmayılova isə mənzilində gizli kameralar aşkarladı, araşdırılma tələb etdi. Məhkəmə hökumətin jurnalistin gizlilik və ifadə azadlıqlarını qorumadığını bildirmiş, 19 min dollarlıq kompensasiya kəsmişdi.
“Bu, Azərbaycanın jurnalistlərə və azad sözə amansız repressiyasına kiçicik cavab zərbəsi idi. İndi bu cəsarətli jurnalisti yenilənmiş təqiblərdən qorumağa Qərbdən daha bir reaksiya gərəkdir”, – qəzet yazır.
Amerikalılar İranla müharibə istəyirmi
Amerikalıların çoxu İranın nüvə proqramının dayandırılması üçün ölkəsinin hərbi deyil, iqtisadi və diplomatik yollara baş vurmasını istəyir. Bunu “Gallup” sorğu mərkəzi üzə çıxarıb.
İki böyük siyasi partiya tərəfdarları arasında bu fikir üzrə geniş konsensus mövcuddur. Respondentlərin cəmi 18 faizi hərbi addıma, 78 faizi isə iqtisadi/diplomatik cəhdlərə üstünlük verdiyini deyib. Respublikaçılar arasında bu nisbət 25 və 72, demokratlarda isə 11 və 86 faizdir.
Bu sorğu 15-31 iyul tarixlərində, Britaniya Cəbbərültariqdə İran tankerini saxlayandan sonra keçirilib. Daha sonra İran da Hörmüz boğazında Britaniya bayrağıyla üzən tankeri saxladı.
Gallup qeyd edir ki, amerikalıların İranla necə davranmaq məsələsinə yanaşması 2007-ci ildəkinə oxşardır. O zaman George W. Bush administrasiyası İranın neft hasilatına sanksiyalar tətbiq etdi. Onda 18% respondent İrana qarşı hərbi hərəkət, 73% isə iqtisadi və diplomatik sanksiyalar tərəfdarı idi.
Təsəvvür edin ki, iqtisadi və diplomatik cəhdlər nəticə vermir. Bu zaman Birləşmiş Ştatlar İrana qarşı hərbi addım atmalıdırmı? Bu suala respondentlərin 42 faizi “hə”, 53 faizi “yox” cavabını verib. Respublikaçılar üzrə göstəricilər uyğun olaraq 60 və 35, demokratlarda 29 və 68 faizdir.
Kəşmirdə nə baş verir
“Reuters” agentliyi Kəşmirin əsas şəhəri olan Şrinaharın Soura rayonunda bir həftədən çoxdur gənclərin gecə-gündüz keşik çəkdiyini yazır. Onlar Hindistanın təhlükəsizlik qüvvələrinin əraziyə girməsini önləməyə çalışırlar.
“Səsimizi eşidən yoxdur. İçimiz partlayır. Dünya bizə qulaq asmayacaqsa nə etməliyik? Silaha əl ataq?” – 25 yaşlı Ejaz agentliyə deyib. O, həbs qorxusundan ancaq adını çəkib.
15 min nəfərin yaşadığı Soura Hindistan hökumətinə müqavimətin episentri sayılır. Hindistan regionun xüsusi statusunu ləğv edib. Agentlik yazır ki, bu anklav indi Baş nazir Narendra Modinin millətçi hökumətinin Kəşmirdə iradəsini bərqərar etmək bacarığının barometrinə çevrilib.
Hökumət Kəşmiri Hindistana tam inteqrasiya etmək, korrupsiya və nepotizmlə mübarizə aparmaq olduğunu deyir. Ancaq Sourada Modi-ni dəstəkləyən kimisə tapmaq çətindir. “Reuters”in son bir həftədə burada danışdırdığı 20-dən çox adam baş naziri “zalım” adlandırıb.
Soura sakinləri son bir həftədə polislə toqquşmalarda onlarla adamın xəsarət aldığını deyir. Saxlananların sayı bəlli deyil. “Sanki burada təmas xəttini qoruyuruq”, – Ejaz deyib.
Kəşmir Hindistanla Pakistan arasında bölünüb.