Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 16:27

Gəncədə polisləri öldürməkdə suçlananın vəkili: 'Sübut olunmadı...'


Polis
Polis

Ötən il Gəncədə icra başçısının güllələnməsindən bir həftə sonra keçirilən aksiyada iki polis polkovnikinin öldürülməsində suçlanan 7 nəfərin məhkəməsi yekunlaşma ərəfəsindədir. Prokuror onlara 4 ildən ömürlük həbsə qədər ağır cəzalar istəyib. Təqsirləndirilən şəxslər quldurluq, qanunsuz silah saxlama, narkotikdən tutmuş, qəsdən adam öldürməyə qədər müxtəlif əməllərdə suçlanır. Ancaq prokuror onlardan bir neçəsinə münasibətdə ittihamların bəzilərindən imtina edib, «qabaqcadan əlbir olan mütəşəkkil dəstə tərəfindən qəsdən adam öldürmə» ittihamının «ağır cinayəti bilib, bu barədə xəbər verməmə» ilə əvəzlənməsini təklif edib.

Ancaq təqsirləndirilən şəxslər və onların vəkilləri bu ittihamla da razı deyillər, bəraət istəyirlər.

«Evə divanın altına atılıb, sonra götürülüb»

Rauf Bayramova ittihamçı 10 il cəza istəyib. Vəkili İsmayıl Abışov isə avqustun 22-də məhkəmədə çıxış edəndə deyib ki, ona bəraət verilməlidir, çünki heç bir günahı yoxdur.

R.Bayramovun bacısı oğlu polisləri xəncərlə qətlə yetirməkdə suçlanan Rəşad Böyükkişiyevin tanışı olub. İttihamda yazılıb ki, hadisədən sonra gecə R.Bayramov Rəşadı evində gizlədib. Gəncədə yas məclislərində mollalıq edən R.Bayramov isə bu ittihamı rədd edir. Vəkili deyir ki, R.Bayramov istintaqdakı etiraf xarakterli ifadəni zorakılığa məruz qalandan, ailə üzvlərinin həbs olunmasıyla hədələnəndən sonra imzalayıb.

«Bu adama qanunsuz silah-sursat, külli miqdarda narkotik saxlama ittihamı da verilib. İddia olunur ki, evində axtarış vaxtı torbada marixuana, 60 ədəd 5.45 kalibrli güllə, əl qumbarası tapılıb. Bu adam 10 iyul hadisəsindən xeyli sonra - iyulun 22-də tutulub. Həbsindən dörd gün sonra da evdə axtarış aparılıb. Özü də məhkəmədə yaxşı dedi, əgər evdə qanunsuz əşya olsaydı, onu bu müddətdə uzaqlaşdırardı. Onlar o evə divanın altına atılıb, sonra götürülüb. Axtarışda nə hal şahidi olub, nə Rauf Bayramovun özünün iştirakı təmin olunub», – vəkil bildirib.

Təqsirləndirilən Elşən Məmmədovun vəkili də bəraət istəyib. O da deyib ki, ittihamlar əsassızdır, axtarış vaxtı Elşənin yaşadığı evdən tapıldığı iddia olunan narkotik, silahların ona heç bir aidiyyəti yoxdur.

«Ya ekspert yalan deyir, ya da təcridxananın həkimi»

Təqsirləndirilən şəxslərin işgəncə barədə məhkəmədə səsləndirdikləri şikayətlərə toxunan müdafiəçi ziddiyyətlərdən danışıb. Bildirib ki, ekspertiza bu adamların üzərində xəsarət aşkarlanması, amma onların təxminən il yarım öncəyə (Gəncə olaylarından əvvələ-red.) aid olması barədə rəy verib.

Amma Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasının həkimi arayış verib ki, onları təcridxanaya gətiriləndə müayinə edilib, xəsarətləri olmayıb: «Deməli, ya ekspert yalan deyir, ya da təcridxananın həkimi. Qanun da deyir ki, ziddiyyət varsa, həmin məsələ təqsirləndirilən şəxsin xeyrinə qiymətləndirilməlidir. Biz dəfələrlə müstəntiq Orxan Babayevin çağrılıb dindirilməsini xahiş etdik, eləmədiniz. Bu işin kökü araşdırılmalıdır. Ortada faktiki heç bir mötəbər sübut yoxdur».

Cinayət işində təqsirləndirilən şəxslərdən biri də Gəncədəki aksiyada polis polkovniklərini xəncərlə qətlə yetirməkdə suçlanan Rəşad Böyükkişiyevdir. O, hadisədən iki gün sonra Şəmkirdə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülsə də, haqqındakı cinayət işinə xitam verilməyib. Onun vəkili Zərifə Əlizadə R.Böyükkişiyevin barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib: «Ona 30 maddə ilə ittiham verilib, prokuror çıxışında ikisini çıxdı, 28-i qaldı. Amma bu ittihamlar da nə istintaqda sübuta yetirildi, nə də məhkəmədə...».

Digər vəkillər hüquqlarını müdafiə etdikləri şəxslərə prokurorun 20 il, ömürlük həbs kimi ağır cəzalar istədiklərini vurğulayaraq, çıxışa hazırlaşmaq üçün iki həftə vaxt istəyiblər. Ancaq Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi onlara cəmi bir gün vaxt verib.

Bu qrupun işi üzrə məhkəmə avqustun 23-nə təyin edilib.

Xatırlatma

Ötən il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Məhkəməsi başlamayan Y.Səfərov bu iddialara münasibətini hələ ictimaiyyətə açıqlamayıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada isə yüksəkrütbəli polis zabitləri – İlqar Balakişiyev Səməd Abbasov qətlə yetiriliblər.

Gəncə olaylarına görə 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Bəzilərinə hökm oxunub, bəzi işlər hazırda apellyasiya məhkəməsində araşdırılır. Avqustun 9-da qruplardan birində dörd nəfər məhkəmə zalından azadlığa buraxılıb.

«Gəncə işi» üzrə 11 nəfər də beynəlxalq axtarışa verilib.

Həbs olunanlar məhkəmədə saxlanarkən və ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildiriblər. Daxili İşlər Nazirliyi isə saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri təkzib edib.

XS
SM
MD
LG