Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Babək Həsənovun bu il Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinə qəbul olunan oğlu Əhəd Həsənovun ali təhsil almasına əngəllər yaradıldığı bildirilir.
Bu barədə AzadlıqRadiosuna məlumat verən Ə.Həsənovun anası İlahə Həsənova bildirib ki, B.Həsənov Qarabağ müharibəsinin iştirakçısı və 2-ci qrup əlil olduğuna görə oğlu ödənişli əsaslarla universitetə qəbul olunsa da, təhsilini pulsuz almalıdır: «Lakin BDU-da bizdən çoxlu sənəd istədilər. Universitetin hüquqşünası dedi ki, əlillik barədə arayışı, veteran vəsiqəsini və hərbi komissarlıqdan məhz BDU üçün verilən kağızı gətirmək lazımdır».
«Məcbur olub birillik təhsil haqqını ödədik»
Veteran vəsiqəsinin 2017-ci ildə axtarış zamanı yoxa çıxdığını bildirən İ.Həsənova qeyd edib ki, B.Həsənovun 2012-ci ildə verilmiş əlillik haqqında müddətsiz arayışı var, lakin onu universitetdə qəbul etməkdən imtina ediblər:
«Universitetin hüquqşünası bizə deyib ki, 2015-ci ildə əlillik barədə arayışın forması dəyişib və arayış məhz bu formada təqdim edilməlidir. Mənim «Babək bəy həbsdə olduğuna görə arayışı və hərbi komissarlıqdan kağızı gətirə bilmərik, ona 2012-ci ildə verilən arayış müddətsizdir» sözlərim qəbul olunmadı. Ona görə məcbur olub birillik təhsil haqqını ödədik. Bizə qarşı ayrı-seçkilik edilir».
İ.Həsənova əlavə edib ki, məsələ ilə bağlı məhkəməyə müraciət edəcəklər. Yaxınları bildiriblər ki, B.Həsənovun ailəsi kirayədə yaşayır.
Amma İ. Həsənovanın dediklərinə, hələlik, Bakı Dövlət Universitetindən və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Qanunvericilikdə necədir?
Təhsil məsələlər üzrə ekspert Kamran Əsədov deyir ki, 2014-cü ilin martında prezident İlham Əliyevin imzaladığı sərəncamda bu məsələlər öz əksini tapıb. Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi, Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil, ölkənin azadlığı, ərazi bütövlüyü uğrunda həlak olan və itkin düşən vətəndaşların təhsil müəssisələrində ödənişli əsaslarla oxuyan uşaqları təhsil haqlarından azaddırlar…
Xatırlatma
Babək Həsənov ötən il mayın 25-də partiyanın digər funksionerləri - Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov və Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirovla birlikdə həbs olunub. Onlar Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmli ilə birlikdə mühakimə olunublar.
S.Rüstəmov ötən il mayın 8-də narkotik ittihamıyla həbs edilib. İki gün sonra onun qardaşı oğlu V.Rüstəmli də eyni ittihamla saxlanılıb. Bundan sonra mayın 25-də AXCP funksionerləri tutulub. Onların saxlanması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb. Həmin açıqlamaya görə, AXCP funksionerləri və S.Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Açıqlamada S.Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri V.Rüstəmlidən alıb partiya rəhbərinə çatdırdıqları bildirilir. İddialarda söhbət toplam 412 min dollardan gedir. Onlar Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Rüstəmov 7 il 3 ay, A.Məhərrəmov 4 il, B.Həsənov isə 3 il azadlıqdan məhrum edilib. V.Rüstəmli və R.Nəsirova şərti cəza verilib.
AXCP sədri Əli Kərimli ittihamı rədd edərək, bunu «qurama iş» adlandırıb. O bildirib ki, S.Rüstəmovla uzun illərdir dostdurlar. Dostu olaraq da bir neçə dəfə ona yardım edib.