Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:04

'Türkiyə universitetlərinin təhsil haqqı bizdəkindən dəfələrlə azdır'-Media icmalı


BDU
BDU

Azərbaycanın xarici ticarətində müsbət saldo, təhsil haqlarının hissə-hissə ödənilməsi ilə bağlı qərarın yerinə yetirilmə vəziyyəti, toylardakı kütləvi zəhərlənmələr və başqa məsələlər medianın diqqət verdiyi mövzulardandır...

«Rektorlar Təhsil Nazirliyinin qərarını qulaqardına vururlar»

Modern.az-da «Bəzi rektorlar Təhsil Nazirliyinin qərarını qulaqardına vururlar- qalmaqal» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilib ki, təhsil naziri Ceyhun Bayramov bir müddət öncə ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırıq verib. Müəllifin qeyd etməsinə görə, ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, ödənişlə oxuyan tələbələrin təhsil haqlarını yarımilliklər üzrə ödənilməsinə şərait yaratmalıdırlar: «Amma, deyəsən, bəzi universitet rektorları bu tapşırığa əməl etmək istəmir».

Yazıda bildirildiyinə görə, ekspert Kamran Əsədov da deyib ki, Təhsil Nazirliyinin kollegiyası rektorlara tələbələrin təhsil haqqını hissə-hissə ödəməyə imkan yaratmağı tapşırsa da, buna riayət edilmədiyinə aid siqnallar gəlir: «...İnsanların maddi imkanı olsa, tam şəkildə ödəyər. Bir neçə universitetin məsul şəxsləri onlara müraciət edən tələbələrə deyir ki, «Təhsil Nazirliyinin qərarını göstərin». Bunu 17-yaşlı vətəndaşdan tələb etmək ayıbdır. Plan yerləriniz iki qəbul kampaniyası ilə güclə dolub. Hətta tam şəkildə belə dolmayıb. Bu tələbə onsuz da təhsil haqqını ödəyəcək, amma indi tam şəkildə imkanı çatmır. Yarısını indi ödəsin, yarısını da yanvar ayında».

Ekspertin qeyd etməsinə görə, bununla bağlı onlara 100-dən çox müraciət daxil olub: «Türkiyə universitetlərinin həm təhsil haqqı bizdəkindən dəfələrlə azdır, həm də onlar tələbəyə nəinki iki dəfəyə, hətta üç dəfəyə təhsil haqqını ödəmək imkanı verirlər».

Şadlıq sarayı
Şadlıq sarayı

«Toyxanalar insanların tədricən və qəfil zəhərləndiyi yerlərdir»

Moderator.az-da «AQTA-nın toylardakı problemi həll etmək fəaliyyəti sıfıra bərabərdir...- Ekspert» sərlövhəli yazı yer alıb.

«Toyxanalar insanların tədricən və qəfil zəhərləndiyi yerlərdir. Burda qayda-qanun yaratmaq üçün AQTA ciddi iş aparmalıdır». Bunu sayta açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov son zamanlar toylarda baş verən zəhərlənmə hadisələri haqqında danışarkən deyib. Ekspert bundan ötrü cəld reaksiya mexanizminin yaradılmasının vacibliyini vurğulayıb: «AQTA-nın (Azərbaycan Qida Təhlükəsizlik Agentliyi) toylardakı problemi həll etmək fəaliyyəti, demək olar ki, sıfıra bərabərdir... Bununla yanaşı, cəld reaksiya mexanizmi yoxdur və ona görə də toylarımızda problemlər yaşanır. Toyxanalar insanların tədricən və qəfil zəhərləndiyi yerlərdir».

E.Hüseynov hesab edir ki, qayda-qanun yaratmaqdan ötrü AQTA ciddi iş aparmalıdır: «...Cəld reaksiya mexanizmi yaradılmalıdır, yəni ölkənin istənilən yerindən qidayla bağlı xəbər gələndə dərhal tədbir görülməlidir, amma onlar bu günə kimi bu mexanizmi yaratmayıblar. Bundan əlavə, malların geri çağırılması mexanizmi olmalıdır, amma təəssüflər olsun ki, bu da yoxdur. Ona görə də bunlar olmadığı halda Azərbaycan istehlakçıları tədrici və qəfil zəhərlənmənin qurbanına çevrilirlər...».

Ekspert vurğulayıb ki, bazarın aksiomu tələb və təklifdir: «Tələb varsa, təklif mütləq olacaqdır. Sovet hökuməti 70 il «kubinka»da cins şalvar satışının qarşısını ala bilmədi, çünki tələb var idi. İnsanların mağazalarda satılan ətlərə də inamları yoxdur, çünki bilirlər ki, at ətini də gətirib orda sata bilərlər. Onlar elə bir şəffaf iş görməlidir ki, insanların inamı olsun, küçədə kəsilən ətlərə tələb yaranmasın».

Yazıda səslənən fikirlərə, AQTA-nın özündən münasibət almaq mümkün olmayıb.

İxrac-İdxal
İxrac-İdxal

Xarici ticarətdə müsbət saldo

«Azərbaycan» qəzetində «Azərbaycanın xarici ticarət dövriyyəsində saldo yenə də müsbətdir» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, Azərbaycanın xarici ticarət saldosu, həmişə olduğu kimi, yenə də müsbətdir. Yazıda vurğulandığına görə, ölkədə aparılan iqtisadi islahatlar, iqtisadiyyatın şaxələndirilməsi idxal-ixracın strukturuna da, əməliyyatların coğrafiyasına da müsbət təsir edir: «Azərbaycan dövlətinin qeyri-neft-qaz sektorunun inkişafını önə çəkməsi bu sahədə məhsul bolluğu yaratmaq, yeni iş yerləri açmaq kimi vacib məsələlərlə yanaşı, həm də ixracı artırmaq, idxaldan asılılığı azaltmaq kimi mühüm əhəmiyyət daşıyır».

Yazıda Dövlət Statistika Komitəsinin məlumatına istinadən bir sıra rəqəmlər də oxucuların nəzərinə çatdırılıb: «Bu ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri 117 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları aparıblar. 103 ölkəyə məhsul ixrac olunub, 164 ölkədən mal idxal edilib... 6 ayda xarici ticarət dövriyyəsi 16866.2 milyon dollar, o cümlədən ixracın dəyəri 9850.6 milyon dollar, idxalın dəyəri 7015.6 milyon dollar təşkil edib. Nəticədə 2835 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb».

Yazıda bildirilir ki, keçən ilin birinci yarısı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 15.2, idxal 50.5 faiz artıb, ixrac 1.4 faiz azalıb. Müəllif sonda da qeyd edib ki, bu ilin birinci yarısında qeyri-neft-qaz məhsullarının ixracı keçən ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 15.7, real ifadədə isə 11.1 faiz artıb: «...Bütün bunlardan əlavə, cari ilin yanvar-iyun aylarında ölkəmizə humanitar və texniki yardım şəklində 17.2 milyon dollarlıq müxtəlif məhsullar daxil olub».

XS
SM
MD
LG