Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:23

Alimlər ‘gey geni’ni tapa bilməyiblər


İllüstrativ foto
İllüstrativ foto

Dünən – avqustun 29-da eyni cinsdən olanların seksual davranışının mənbəyi üzrə indiyədək aparılmış ən böyük tədqiqatın nəticələri açıqlanıb. Alimlər belə bir qənaətə gəliblər ki, adamı öz cinsinə cəlb edən ayrıca bir gen mövcud deyil. Di gəl, belə davranışın təxminən 25 faizini məhz genetik faktorlar müəyyənləşdirirmiş. “Science mag” portalında Jocelyn Kaiser bu haqda yazır.

ABŞ və Britaniyada yarım milyonadək yetkin yaşlı üzərində DNT-nin genetik analizi aparılıb. Tədqiqatı ABŞ-ın Milli Səhiyyə İnstitutu və digər dövlət agentlikləri maliyyələşdirib.

Əvvəllər gey və lezbianların seksual oriyentasiyası ilə bağlı olmayan beş genetik dəyişiklik aşkarlanıb. Bu variantlara adətən nə vaxtsa eynicinsli seksual partnyorları olduğu deyənlərdə rastlanırdı. Alimlər həm də xəbərdarlıq edirlər ki, tədqiqat yalnız Avropa mənşəli insanlar üzərində aparılır və oxşar nəticələrin digər etnik qrupların təmsilçiləri üzərində də aşkarlanacağına dəlil yoxdur.

Araşdırma üzə çıxarıb ki, eynicinsli partnyorları olanlarda müəyyən DNT- markerlər mövcuddur. Ancaq bütün markerləri birlikdə götürəndə belə, kiminsə gey, biseksual, yaxud ənənəvi oriyentasiyalı olduğunu söyləmək çətindir. Yəni genetik markerlərə, başqa sözlə, dominant genə əsasən seksual davranışı müəyyənləşdirmək çətindir.

“İlk dəfə olaraq şübhəsiz deyə bilərik ki, bəzi genlər eynicinsli tərəfdaşlara meylə təsir göstərir”, – tədqiqata qatılmış psixoloq Michael Bailey deyib.

Tədqiqatçılar bütün genom üzərində sınaqdan keçirdikləri variantları cəmləyərək belə qənaətə gəliblər ki, genetika qeyri-heteroseksual davranışın 8-25 faizini izah eləyə bilər. Qalan hissəsi isə ətraf mühitin təsirinə bağlıdır, buraya fərdin ana bətnində məruz qaldığı hormonlardan tutmuş, sonradan həyatda üzləşdiyi sosial təsirlərə qədər müxtəlif faktorlar daxildir.

Tədqiqatçılar onu da qeyd edirlər ki, tədqiqat əsasən seksual mənsubiyyət, yaxud oriyentasiyanı deyil, davranışı öyrənib.

Tədqiqatın nəticələri genetik testlər və sorğulara əsaslanır.

Respondentlərin çoxu eynicinsli intim münasibətlərinin tezliyi haqda sualı cavablandırıblar, Yəni suallar onların gey, yaxud lezbian olub-olmadığını əhatələməyib.

Bəzi mütəxəssislər isə bu tədqiqatın nəticələrini tənqid edirlər, onun eynicinsli həvəsin səbəblərini birmənalı izah etmədiyini, onun geniş interpretasiyasına şərait yaratdığını deyirlər.

XS
SM
MD
LG