Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:07

Vahid Əhmədov: 'Bu məsələnin uşaqpuluna aidiyyatı yoxdur'


Vahid Əhmədov, 18 oktyabr 2011
Vahid Əhmədov, 18 oktyabr 2011

2006-cə ildən Azərbaycanda ünvanlı sosial yardımların tədbiqi ilə bağlı uşaqlara aylıq müavinətlərin verilməsi dayandırılıb. Hazırda, sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, ölkənin süverenliyi, ərazi bütövlüyü uğurunda həlak olanların və müharibə əlillərinin uşaqları aylıq sosial müavinətlə təmin edilirlər. Bura habelə, çoxuşaqlı anaların (beşdən çox) , müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları və valideyn himayəsindən məhrum olmuş uşaqlar daxildir. Üstəlik, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək uşaqlarına aylıq sosial müavinət, yeni doğulan uşaqlara görə isə birdəfəlik müavinət ödənilir.

Artıq, bir ilə yaxındır ölkədə yenidən uşaqlara aylıq müvinətin bərpası məsələsi müzakirə edilir. Bəzi deputatlar və ekspertlər bununla bağlı təkliflərini ifadə ediblər. Müxalifət isə bunu birmənalı şəkildə tələbləri sırasına daxil edib.

Musa Quliyev: “Həm “uşaq pulu”nun, həm də ünvanlı sosial yardımın verilməsi məqsədəuyğun deyil”

Musa Quliyev
Musa Quliyev

Amma bu günlər Milli Məclisin Əmək və sosial siyasət komitəsinin və hakim Yeni Azərbaycan Partiyasının üzvü Musa Quliyev deyib ki, həm “uşaq pulu”nun, həm də ünvanlı sosial yardımın birlikdə verilməsi məqsədəuyğun deyil.

“Çünki "uşaq pulu" yuxarı məbləğdə təyin olunacaqsa, ailə avtomatik ünvanlı sosial yardım almaq imkanından xaric olunacaq. Yəni ailənin gəlirləri artacaq və onlara ünvanlı sosial yardım tətbiq olunmayacaq. Bəziləri də təklif edir ki, "uşaq pulu" ailənin gəlirlərindən asılı olmayaraq hər kəsə verilsin. Burada da sosial ədalət prinsipinə sadiq qalınmalıdır. Çünki elə ailə var ki, onların gəlirləri olduqca yüksəkdir. Onların ailəsinə dövlət tərəfindən 50 və ya 100 manatın verilib-verilməməsi ailə büdcələrinə hiss olunacaq dərəcədə təsiri olmayacaq. Lakin həmin vəsaiti aztəminatlı ailənin uşağına yönəltsək bu daha yaxşı olar”, deyə o Report-a bildirmişdi.

“...onlar hesablayıb ortaq məxrəcə gələcəklər"

Manat
Manat

Onun həmkarı, İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov isə deyir ki, Milli Məclisdə “uşaq pulu”nun bərpası tez-tez qaldırılır. Onun özü də “uşaq pulu”nun bərpasını dəstəkləyir. Ancaq onun fikrincə, məsələyə dövlət büdcəsi səviyyəsində baxılmalıdır. Vahid Əhmədov “uşaq pulu”nun veriləcəyi təqdirdə, ünvanlı sosial yardımın ləğv olunması təklifi ilə razılaşmır:

“Bunun ünvanlı sosial yardıma nə aidiyyatı var? Ləğv olunacaqsa, “uşaq pulu”nun nə əhəmiyyəti oldu? Ünvanlı sosial yardım niyə verilir, ada baxın, ünvanlı, yəni söhbət konkret adamdan gedir, hamıya verilmir. O adamlara verilir ki, yaşayış səviyyəsi aşağıdır, maddi imkanları yoxdur. Bu məsələnin “uşaq pulu”na aidiyyatı yoxdur. Məncə, maliyyə orqanlarında kifayət qədər təcrübəli adamlar oturub, onlar hesablayıb ortaq məxrəcə gələcəklər”.

“Hazırda əhali üçün əsas icbari tibbi sığortanın tətbiqidir”

Ancaq Vahid Əhmədov hesab edir ki, hazırda əhali üçün əsas icbari tibbi sığortanın tətbiqidir:

“ Bu sahənin işə düşməsi üçün külli miqdarda vəsait lazımdır. Azərbaycan əhalisi üçün əsas məsələ icbari tibbi sığortadır, bu problem həll olunmalıdır ki, insanlar xəstəliklə bağlı əziyyət çəkməsin. Əgər icbari tibbi sığorta tətbiq olunsa, əhalinin vəziyyəti 50 faiz yaxşılaşacaq”.

Fazil Mustafa: “İlkin mərhələdə 6 və 12 yaşa qədər nəzərədə tutula bilər”

Fazil Mustafa, 10 oktyabr 2011
Fazil Mustafa, 10 oktyabr 2011

Deputat Fazil Mustafa da Azadlıq Radiosuna ünvanlı sosial yardımın gəlirləri az olan ailələrə verildiyini xatırladıb:

“Yəni qanunvericilikdə müəyyən məbləğdə gəlirləri olan ailələrə ünvanlı sosial yardım düşmür. Amma uşaqlarını saxlamasından əziyyət çəkən müəyyən ailələr var ki, onların “uşaq pulu”na ehtiyacı var. “Uşaq pulu”nunun o formada tətbiqi mümkündür ki, ünvanlı olaraq bu nəzərdə tutulmalıdır. Hətta müəyyən qism üçün natural formada da mümkündür, söhbət qida və başqa aspektlərdən gedir. Bununla da yoxsul ailələrin problemlərini həll etmək olar.Həm də demoqrafik artımı da stimulllaşdırmaq mümkündür. Çünki müharibə aparan dövlət olduğumuzdan say məsələsində maraqlı olmalıyıq. Bu mənada “uşaq pulu”nun bərpası ünvanlı sosial yardıma təsir etsə də, çox da əhəmiyyətli təsir göstərməyəcək. Xeyli ailələr var ki, uşaqlar böyük olduğundan hamını “uşaq pulu” ilə təmin etmək nəzərdə tutulmamalıdır. İlkin mərhələdə 6 və 12 yaşa qədər nəzərədə tutula bilər, ona görə də bütün ailələr “uşaq pulu”ndan təsirlənməyəcəklər”.

Fazil Mustafa deyib ki, Musa Quliyev qanunvericiliyə uygun danışıb:

“Çünki gəlirlər artdıqca ünvanlı sosial yardımın mənasına uyğun gəlmir”

İqtisadçı Rövşən Ağayev isə hesab edir ki, bu məsələdə hansı yanaşmanın götürüləcəyi əsasdır:

“ “Uşaq pulu” uşağın ehtiyaclarını ödəmək üçün təyin olunur. Tutaq ki, ailə yoxsulluq həddindədir və ailənin yoxsulluq həddindən çıxmaq üçün 600 manat lazımdır. Uşağa da 200 manat təyin olunur, o zaman ailə yoxsulluq müavinəti almamalıdır?”.

Rovşən Ağayev : “Hökumət bir çox məsələləri bir-birinə qarışdırır”

Rövşən Ağayev, 14 dekabr 2010
Rövşən Ağayev, 14 dekabr 2010

Rövşən Ağayevin fikrincə, hökumət sosial siyasətinə köklü yanaşmalıdır:

“Təəssüf ki, hökumət bir çox məsələləri bir-birinə qarışdırır. Məsələn, yoxsul, ünvanlı sosial yardım alan ailələr üçün məşğulluqla bağlı proqram həyata keçirilmir. Bu, normaldır ki, insan məşğul olsun, amma müavinət almasın? Amma məşğulluq sosial müdafiənin bir elementidir, yoxsulluq müavinətləri başqa bir elementdir. Çünki bütün dünyada yoxsulluq müavinəti var. Avropa ölkələrində heç kim demir ki, yoxsulluq müavinəti vermirlər, insanlara iki inək veriləcək və yoxsulluq müavinətləri dayandırılacaq. Bu, fundamental olaraq səhv yanaşmadır. Ona görə müdafiənin bütün elementləri işləməlidir, “uşaq pulu”da, ünvanlı sosial yardım da, işsizliyə görə yardım da. Sadəcə, sosial siyasət elə qurulmalıdır ki, hər kəs haqqı olanı almalıdır. Yəni “uşaq pulu” uşağın saxlanılması, sosial müdafiəsi üçündür, həmin vəsaiti valideynlərə vermirlər. Bu absurd yanaşmadır ki, “uşaq pulu” alan ailəyə ünvanlı yardım verilməyəcək, ailənin haqqı varsa, onu almalıdır”.

“Bu ölkədə pensiya insanların yoxsulluqdan çıxmasına imkan vermir, o ki, qala “uşaq pulu”...”

O daha sonra da deyib.

“Mən şəxsən inanmıram ki, hökumət elə bir müavinət təyin etsin ki, müavinət nəinki uşağın, ailənin də yoxsulluqdan çıxmasına imkan versin. Bu ölkədə pensiya insanların yoxsulluqdan çıxmasına imkan vermir, o ki qala “uşaq pulu” olsun. Ona görə də hökumət bu məsələləri cəmiyyətlə, ekspertlərlə, sosial qruplarla, maraqlı tərəflərlə müzakirə etməlidir. Ümumiyyətlə, sosial siyasətə yanaşma dəyişməli, hər bir məsələ üzrə büdcə ehtiyacları dəqiq müəyyən edilməli və hər kəs haqqı olanı almalıdır”, deyə Rövşən Ağayev fikrini tamamlayıb.

XS
SM
MD
LG