Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:37

Azərbaycanda hər 100 min nəfərə neçə intihar düşür


İllüstrativ foto
İllüstrativ foto

2016-cı ildə Azərbaycanda hər 100 min nəfərə 2,6 intihar düşüb. Qonşu ölkələrdən Ermənistanda bu göstərici 5,7, Gürcüstanda 6,7, İranda 4,0, Rusiyada 26,5-dir.

Belarusda hər 100 min nəfər üzrə 21,4, Qazaxıstanda 22,8, Çexiyada 10,5 intihar halı qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sentyabrın 10-nu İntiharların Önlənməsi Günü kimi qeyd edir. Qurum bildirir ki, intiharların önlənməsi üzrə milli strategiyası olan ölkələrin sayı son beş ildə artıb. Ancaq dünya üzrə cəmi 38 ölkədə belə strategiya mövcuddur və bu, çox kiçik rəqəmdir. ÜST hökumətləri bu strategiyanı qəbul etməyə çağırır.

2016-cı ildə dünya üzrə intihar səviyyəsi hər 100 min nəfərə 10,5 olub. Ölkələr üzrə isə rəqəmlər fərqlidir, 100 min nəfərə 5-30 intihar arası dəyişir.

Dünyada intiharların 79 faizi az və ortagəlirli ölkələrdə törədilir. Ancaq ən yüksək göstərici – hər 100 min nəfərə 11,5 intihar halı yüksək gəlirli ölkələrdə qeydə alınır. Aşağı və ortagəlirli ölkələrlə müqayisədə yüksəkgəlirli ölkələrdə üç dəfə çox kişi və qadın canına qıyır.

15-29 yaşlıların ölüm səbəbləri içində intiharlar ikinci yerdədir. Birinci yeri yol qəzaları tutur.

15-19 yaşlı yeniyetmə qızların ölüm səbəbləri sırasında isə intihar ikinci yerdə (analıq şərtlərindən sonra), oğlanlar üçün üçüncü (yol qəzaları və şəxslərarası zorakılıqdan sonra) yerdədir.

İntihar metodları içində ən geniş yayılanları özünü asmaq, kimyəvi preparatlarla zəhərləmək və odlu silahlardır.

İntiharları önləməyə daha çox bu vasitələrə çıxışı məhdudlaşdırmaqla nail olmaq olur. Digər metodlar medianı bu cür xəbərləri işıqlandırmaq üzrə maarifləndirmək; gənclərin həyatı bacarıqlarını inkişaf etdirən proqramlar gerçəkləşdirmək; intihar riski olan şəxsləri müəyyənləşdirərək göz qoymaqdır.

ÜST bildirir ki, intiharların sayını azaldacaq birinci müdaxilə kimyəvi maddələrə çıxışı məhdudlaşdırmaqdır. Bu maddələrin zəhərlilik səviyyəsi intihar cəhdlərinin adətən ölümlə nəticələnməsi deməkdir.

Şri Lankada bu maddələrə qadağalar 1995-2015-ci illərdə intiharların 70% azalması və 93 min nəfərin həyatının xilas olunmasıyla nəticələnib. 2000-ci illərdə Cənubi Koreyada kimyəvi preparatlarla zəhərlənmə hallarının çoxu paraquat adlı herbisidlə törədilirdi. 2011-2012-ci illərdə bu maddəyə qadağanın tətbiqi 2011-2013-cü illərdə kimyəvi preparatlarla intiharları yarıbayarı azaltdı.

Ümumiyyətlə isə, intiharların önlənməsi strategiyasının əsasında intiharların dövlət səviyyəsində qeydiyyatı və mütəmadi monitorinqi durur, ÜST bildirir. 2016-cı il üzrə göstəricilər hazırlanmış 183 ÜST ölkəsindən yalnız 80-də keyfiyyətli işlək qeydiyyat datası olub. Bu datanın olmadığı ölkələrin çoxu isə az və ortagəlirli ölkələrdir.

“Daha yaxşı nəzarət intiharları önləmək strategiyalarının daha effektiv işləməsinə, qlobal məqsədlərə doğru daha dəqiq məlumat verməyə imkan yaradacaq”, – ÜST bildirir.

XS
SM
MD
LG