“Kommersant” qəzeti sözügedən informantın prezident administrasiyasında yüksək vəzifədə, daha öncə Rusiyanın Vaşinqtondakı səfirliyində çalışdığını, adının Oleg Smolenkov olduğunu yazır.
Kremlin sözçüsü Dmitry Peskov jurnalistlərin suallarına cavabında administrasiyada həmin şəxsin çalışdığını, “ancaq bir neçə il öncə işdən çıxarıldığını” bildirib.
Rusiya xarici casusluğun öhdəsindən necə gəlir sualına cavabında Peskov deyib: “Rusiyanın əks-kəşfiyyatında hər şey qaydasındadır”.
Rusiya hökumət administrasiyasının açıq sənədlərinə görə, 2008-2010-cu illərdə, ozamankı prezident Dmitry Medvedev administrasiyasında Oleg Smolenkov adlı şəxsin çalışdığını göstərir. O, Rusiyanın Vaşinqtondakı səfirliyində ikinci katib işləyib.
***
Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) 2017-ci ildə Rusiyadan baş informatorunu çıxarıb. O, Prezident Vladimir Putin, Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsi haqda informasiya ötürürmüş. Bu haqda ABŞ mediası yazıb.
“The New York Times” və CNN-in sentyabrın 9-da bildirməsinə görə, həmin şəxs ABŞ kəşfiyyatı üçün dəyərli imiş, Putinin yaxın çevrəsində olmasa da, Rusiyanın təhlükəsizlik planlaşdırmasına, digər məxfi informasiyaya çıxışı varmış.
Rusiyanın adı çəkilməyən rəsmiləri “Kommersant” qəzetinə bu xəbərlərin saxta olduğunu deyiblər. MKİ-nin sözçüsünün CNN-ə deməsinə görə, bu xəbər “yanlış istiqamətli spekulyasiya”dır. Ağ evin sözçüsü CNN-in məlumatını qeyri-korrekt adlandırıb.
Casusu niyə 2017-ci ildə çıxarıblar
“The New York Times” yazır ki, həmin şəxs onillər boyunca Birləşmiş Ştatları informasiya ilə təmin edib. Məhz onun məlumatları əsasında ABŞ kəşfiyyat agentlikləri Putinin Donald Trump-ın xeyrinə prezident seçkisinə müdaxiləyə cəhd göstərdiyi qənaətinə gəliblər.
Qəzet yazır ki, MKİ 2016-cı ilin sonunda və 2017-ci ildə həmin şəxsi Moskvadan çıxarmaq istəyib, ancaq o, ailə səbəblərini əsas gətirərək imtina edib. Rusiyalı buna 2017-ci ilin birinci yarısında razılaşıb.
CNN isə xəbər verib ki, informatoru Rusiyadan çıxarmaq qərarına ABŞ kəşfiyyatının bir məsələdən narahatlığı təsir göstərib. Onlar 2017-ci ilin mayında Ağ evdə görüş daxil olmaqla, Rusiya rəsmilərinə məxfi informasiya ötürə biləcəyini düşünüblər. Trump 2017-ci ildə Ağ evdə Rusiyanın Xarici işlər naziri Sergei Lavrov və Rusiyanın ABŞ-dakı səfiri Sergei Kislyak-la görüşdə məxfi informasiyanı paylaşandan sonra informatorun ölkədən çıxarılmasına qərar verilib, CNN yazır.
Ağ evin sözçüsü bu iddianı da qətiyyətlə təkzib edib.
Qəzet isə bildirir ki, qərar həmin vaxt ABŞ mediasında bir məlumatın getdikcə daha çox yayılmasından qaynaqlanırdı. Media Moskvada ABŞ informatorunun ola biləcəyindən yazırdılar.
Keçmiş informator indi hardadır
Rusiyanın bir teleqram kanalı informatorun Rusiya prezidenti administrasiyası əməkdaşı olduğunu yazıb. Kanalın bildirməsinə görə, o, 2017-ci ilə həyat yoldaşı və üç uşağıyla birlikdə Qara dənizə istirahətə gedib, oradan yoxa çıxıb. Fakt üzrə “qətl” maddəsi üzrə cinayət işi açılsa da, indiyədək iş bağlanmayıb.
“Kommersant” qəzeti yazır ki, istintaq həmin şəxsin ailəsi ilə birlikdə başqa ölkədə yaşadığını müəyyənləşdirib. Qəzet cütlüyün 2018-ci ildə Virciniya ştatında ev aldığını bildirir.
Amerikanın “NBC News” telekanalı isə keçmiş informatorun həqiqi adıyla bu regionda yaşadığını bildirir. Telekanalın jurnalistləri keçmiş casusun evində olublar, ancaq onları özlərini bu evdə yaşayanların dostları kimi təqdim edən mühafizəçilər saxlayıb.
CNN həmin şəxsin 10 ildən artıq, “New York Times” isə “onillərlə” informator kimi çalışdığını yazır.