Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:03

Uber və Lyft sürücülərinə münasibəti dəyişməli olacaq


Mobil telefonda Uber tətbiqi
Mobil telefonda Uber tətbiqi

Uber və Lyft şirkətləri kontraktla çalışan sürücülərinə münasibətini dəyişməli olacaq. ABŞ-ın Kaliforniya ştatında bu həftə belə bir qanunvericilik qəbul olunub.

Hazırda bu şirkətlər üçün qısamüddətli kontraktlarla çalışanlar tibb xidməti, minimum əməkhaqqı kimi imtiyazlardan məhrumdurlar. Bu cür iqtisadiyyat tərəfdarları onu çevikliyinə görə dəstəkləyir, opponentləri isə işçilərin sabitlik və təhlükəsizlikdən məhrum olunduğunu bildirir.

ÜDM-nə görə ABŞ-ın ən böyük ştatı olan Kaliforniyada bundan sonra bu şirkətlər onlar üçün çalışanlara kontraktor kimi deyil, işçi kimi yanaşmalıdır.

Şirkətlər qanuna qarşı

Texnologiya nəhəngləri bu qanuna qarşı çıxırdılar, ancaq ştatın qanunverici orqanının yuxarı palatasında 29-11 səs çoxluğuyla qəbul olunub. “Frans Pres” agentliyi bunun Nyu York kimi ştatlarda da qəbul oluna biləcəyini yazır. Əmək hüquqları qrupları işçilər üçün oxşar hüquqlar uğrunda mübarizə aparırlar.

Aşağı palata artıq layihəni qəbul edib, indi Senatın təqdim etdiyi dəyişiklikləri səsə qoymalı, sonra sənədi Kaliforniyanın qubernatoru Gavin Newsom-a göndərməlidir.

Newsom-un isə qanunu imzalayacağı gözlənir, hələ ötən həftə “Sacramento Bee”də məqaləsində ona dəstəyini bildirmişdi.

Qanun müzakirəyə çıxarılmazdan öncə Uber və Lyft “San Francisco Chronicle”də birgə məqalə ilə çıxış edərək bu cür qanunları təsiri haqda xəbərdarlıq etmişdilər.

“Sirr deyil ki, sürücülərin işəgötürmə təsnifatında dəyişiklik biznesimizə risk yaradacaq”, – məqalədə deyilirdi.

Ancaq qanun layihəsinin müəllifi, Demokrat Lorena GonzalezBloomberg”ə deyib ki, bu qanun şirkətin “işçilərini yanlış təsnifatda göstərməklə sistemin qanunlarından kənar çıxa bilməyəcəyi” deməkdir.

Qanun gələn il yanvarın 1-dən qüvvəyə minməlidir.

XS
SM
MD
LG