Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:30

İtalyansayağı uşaqpulu- Media icmalı


Doğum evi
Doğum evi

Ölkədə təhsilin vəziyyəti, sonsuzluq, uşaqlara aylıq müavinətin verilməsi mövzusuna dair yeni təkliflər və başqa məsələlər medianın diqqət ayırdığı mövzulardandır...

Hər 10 ailədən 1-i sonsuzluqla bağlı müraciət edir

Modern.az-da «Azərbaycanda hər 10 ailədən 1-i sonsuzdur - süni mayalanma gizlədilir» sərlövhəli yazı yer alır.

Müəllif ölkədə boşanma və sonsuzluğun səbəbləri barədə Respublika Perinetal Mərkəzinin direktoru Sevinc Məmmədova ilə söhbətləşib.

Yazıda qeyd edilib ki, 2019-cu ilin 6 ayında ölkədə 8324 boşanma qeydə alınıb, rəsmilər boşanma səbəbləri sırasında sonsuzluğun artdığını da vurğulayırlar.

Müəllif hesab edir ki, burada valideynlərin də günahı var: «Məsələ burasındadır ki, valideynlərin qızını ərə verməyincə, oğlunu evləndirməyincə, onda hansısa ginekoloji, androloji xəstəliklərin inkişafından xəbəri olmur. Mütəxəssislər erkən diaqnoz qoyulmasını sonsuzluğun qarşısının alınmasında mühüm rol oynadığını vurğulayırlar».

S.Məmmədovanın sözlərinə görə, sonsuzluğun bir neçə səbəbi var. Bunlardan birincisi endokrinoloji, hormonların pozulmasıdır, ikincisi cinsiyyət üzvlərində anadangəlmə qeydə alınan anomaliyalardır, üçüncüsü isə immunoloji səbəblərdir.

O, sonsuzluqla bağlı statistikaya da toxunub: «İllər boyu dünyada da, ölkəmizdə də sonsuz nikahlar bütün nikahların təxminən 25 faizini təşkil edib. Sadəcə 15 il əvvəl diaqnostika belə yüksək inkişaf etməmişdi, süni mayalanma yox idi. Ona görə də sonsuzluq o qədər də insanların diqqət mərkəzində deyildi. İndi respublikada süni mayalanma həyata keçirilir, avadanlıqlarımız, mütəxəssislərimiz var, klinika-laborator diaqnostikamız yaxşılaşıb».

Direktorun sözlərinə görə, hazırda sonsuzluğun aşkarlanması yaxşılaşıb: «Azərbaycanda rəsmi olaraq hər 10 ailədən 1-i sonsuzluqla bağlı müraciət edir. Amma süni mayalanma ilə uşaq dünyaya gətirənlərin statistikası toplanmır… Ailə sirri olduğu üçün həkimin bu məlumatları açıqlamağa ixtiyarı yoxdur».

V.Bayramov
V.Bayramov

«Uşaqpulu ilə ünvanlı sosial yardım fərqli mexanizmlərdir»

«Yeni Müsavat» qəzetində «Uşaqpulu ilə ünvanlı sosial yardım fərqli mexanizmlərdir- ekspertdən maraqlı təklif» sərlövhəli yazı oxumaq olar.

Yazıda uşaqlara aylıq müavinətin (uşaqpulu) verilməsinin bərpası məsələsi ətrafında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı Vüqar Bayramovun fikirləri təqdim edilib.

Yazıda bildirilir ki, son vaxtlar ölkədə uşaqpulunun bərpası məsələsi ilə bağlı müzakirələr davam edir: «Bu müzakirələrdə bir qisim müxtəlif qrup uşaqlara görə dövlət tərəfindən müavinət ödənildiyini əsas gətirərək, bütün uşaqlara yönəlik ödənişə ehtiyac olmadığını bildirirlər».

Yazıda qeyd edilib ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi də bu məsələ ilə bağlı təkliflərini hökumətə təqdim edib. V.Bayramov deyib ki, mərkəz bu sahədə fərqli ölkələrin təcrübəsini öyrənib, Azərbaycanda İtaliya modelinin tətbiqini daha məqsədəuyğun hesab edir: «…Bəzi ölkələrdə uşaqpulunun məbləği ailənin gəlirlilik səviyyəsinə uyğunlaşdırılır. Məsələn, İtaliyada illik gəliri 11422 avroyadək olan ailələrə hər uşağa görə ayda 250 avro ödənilir. Ailənin gəliri artdıqca, uşaqpulu məbləği dəyişir».

Ekspertə görə, Azərbaycanda 4 min manat aylıq gəliri olan üçün 100 manat uşaqpulu ciddi rəqəm hesab olunmaya bilər: «Amma 400 manat qazanan ailə üçün bu, əhəmiyyətli dəstəkdir. Yəni imkanlı ailənin uşaqpuluna ciddi ehtiyacının olmaması gəliri az olanların bu imkandan faydalanmasına əngəl olmamalıdır. Bu baxımdan, İtaliya modelində olduğu kimi, gəliri az olan ailələrin uşaqların sayına görə uşaqpulu alması daha məqsədəuyğun hesab oluna bilər».

V.Bayramov deyib ki, bunun tətbiqi üçün Azərbaycanda gəlirlərin deklarasıyası haqqında qanunun qəbul edilməsinə ehtiyac var: «Kimin varlı və kimin kasıb olduğunu müəyyənləşdirmək üçün dövlət qulluqçuları daxil olmaqla, hamının gəlirlərini bəyan etməsi vacibdir».

İ.Əliyev 20 saylı məktəb-liseyin açılışında
İ.Əliyev 20 saylı məktəb-liseyin açılışında

Təhsil

«Azərbaycan» qəzetində «Dayanıqlı inkişafa xidmət edən müasir təhsil strategiyası» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, hər bir xalqın tarixində silinməz iz buraxmış böyük şəxsiyyətlərin elm və təhsilə münasibəti, bu sahələrin inkişafına verdikləri töhfələr onların əbədiyaşarlığını təmin edən başlıca amillərdən biridir. Yazıda vurğulandığına görə, bu il anadan olmasının 96-cı ildönümü təntənə ilə qeyd edilən keçmiş prezident Heydər Əliyev də dövlət idarəçiliyinin bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşaraq, ilk növbədə xalqın intellektual gələcəyini düşünüb: «Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli dövlətçilik konsepsiyasını son 16 ildə yüksək dinamizmlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi strateji inkişaf kursunun tərkib hissəsi kimi milli təhsil ənənələrimiz getdikcə zənginləşməkdədir».

Müəllif habelə yazıb ki, dövlət başçısının təhsil sektoruna göstərdiyi diqqət və qayğı nəticəsində son illər Azərbaycan təhsili özünün müasirləşmə mərhələsinə qədəm qoyub: «Xüsusən də aparılan əsaslı kadr dəyişiklikləri, novatorluğu ilə fərqlənən yeni təşəbbüskar intellektual komandanın rəhbərliyə gətirilməsi islahatların çevikliyini və səmərəliliyini təmin etmişdir».

Yazının sonunda da oxuyuruq: «Təhsil ictimaiyyəti ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkənin bütün sahələrində, o cümlədən təhsil, elm sahəsində mövcud problemlərin tezliklə öz həllini tapacağına ürəkdən inanır».

XS
SM
MD
LG