Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:30

'Neftin qiymətində 20 faizlik artım da bazarda nikbinlik yaratmır'-Media icmalı


Zorakılıq
Zorakılıq

Regionların inkişafında dövlət proqramlarının rolu, məişət zorakılığı, büdcədə neftin qiyməti və başqa məsələlər medianın toxunduğu mövzulardandır...

Mühafizə orderi alanlar

Modern.az-da «Azərbaycanda bir ildə 915 qadın, 306 kişi məişət zorakılığına məruz qalıb» sərlövhəli yazı diqqət cəlb edir.

Müəllif məişət zorakılığı və onun nəticələri barədə rəsmilər və ekspertlərlə söhbətləşib.

Yazıda Dövlət Statistika Komitəsinə istinadən qeyd edilir ki, 2018-ci ildə 915 qadın, 306 kişi məişət zorakılığından zərər çəkib. Müəllif əlavə edib ki, amma mətbuatda yayılan məlumatlar real rəqəmlərin rəsmi statistikadan xeyli çox olduğunu göstərir: «Məişət zorakılığına kişilərin və uşaqların da məruz qaldığı faktları olsa da, amma daha çox qurbana çevrilən qadınlardır. Ailədə qəzəbə tuş gələn qadını isə qanun da xilas etmir. Halbuki, Azərbaycanda 2010-cu ildən qüvvədə olan «Məişət zorakılığının qarşısının alınması haqqında» Qanun var».

Yazıda bildirilir ki, həmin qanun 2010-cu ildə qüvvəyə minsə də, zərərçəkmiş şəxsə mühafizə orderinin verilməsi ilə bağlı müddəa 2 il işləməyib: «Çünki «Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası»nı Nazirlər Kabineti yalnız 2012-ci ilin fevralında qəbul etdi. Qaydaya əsasən, uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizəyə məhkəməyə təqdim olunduqdan 3 gün müddətində baxılmalıdır. Ərizəyə məişət zorakılığından əziyyət çəkmiş və məişət zorakılığını törətmiş şəxsin iştirakı ilə baxılır».

Sayt mühafizə orderlərinin verilməsi ilə bağlı statistikanı əldə etməkdən ötrü Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə informasiya sorğusu verib. Cavab belədir: «2014-cü ildə Azərbaycanda zorakılığa məruz qalan 3, 2015-ci ildə isə 6 nəfərə uzunmüddətli mühafizə orderi verilib. 2016-cı ildə 7 nəfərə mühafizə orderi verilib ki, onlardan 3-ü qısa, 4-ü uzunmüddətli olub. 2017-ci ildə isə 24 uzunmüddətli, 10 qısamüddətli order verilib».

Neft buruğu
Neft buruğu

Büdcədə neftin qiyməti

Yenisabah.az-da «Büdcədə neftin qiyməti niyə endirildi? – Şərh» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, Maliyyə Nazirliyi gələn ilin dövlət büdcəsi layihəsinin xülasəsini ictimaiyyətə təqdim edib. Sənədə əsasən, dövlət büdcəsində neftin 1 barelinin qiyməti 55 dollar nəzərdə tutulub.

Bunu sayta şərh edən iqtisadçı Vüqar Bayramov bildirib ki, bu, 2019-cu il ilə müqayisədə hər bareldə 5 dollar azdır. Bununla belə o vurğulayıb ki, neft bazarındakı volatilliyi nəzərə alsaq, qiymətin daha aşağı götürülməsi məqsədəuyğun idi. V.Bayramov qeyd edib ki, onun rəhbərlik etdiyi İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) neftin büdcədəki qiymətini 50 dollar təklif edib. «Hətta Səudiyyə Ərəbistandakı neft quyularına hücumdan sonra bu gün (sentyabrın 16-da) neftin qiymətində müşahidə edilən 20 faizlik artım da bazarda nikbinlik yaratmır. Aydındır ki, belə qiymət artımları texniki səbəblər ilə bağlıdır və bazardakı kəskin volatilliyi azaltmır», - iqtisadçı deyib.

Yazıda qeyd edilib ki, neftin qiymətinin aşağı götürülməsinə baxmayaraq, gələn il dövlət büdcəsinin gəlir və xərclərində bu il ilə müqayisədə artım proqnozlaşdırılır: «Gələn il büdcə xərcləri 25.6 milyard manat olacaq. Bu isə 2019-ci il ilə müqayisədə 427 milyon manat çoxdur. Büdcə xərclərinin yüksəlməsinin əsas səbəbi sosial istiqamətə ayrılacaq vəsaitin artırılması ilə bağlıdır».

Yazıda vurğulanıb ki, bu artımın maliyyələşmə mənbəyi yenə də, əsasən, neft sektoru olacaq: «...Büdcə gəlirlərinin 57 faizi neft sektorunun payına düşəcək. Dövlət Neft Fondundan 11 milyard 767 milyon manat vəsait dövlət büdcəsinə transfert ediləcək. Qeyd edək ki, Neft Fondundan bu il büdcəyə 11 milyard 364 milyon manat ödənilməlidir».

Gələn ilin büdcə xərcləri 25 milyard 617.7 milyon, gəliri isə 24 milyard 484 milyon manatdır.

İ.Əliyev Bakı-Şamaxı yolunun açılışında
İ.Əliyev Bakı-Şamaxı yolunun açılışında

«Regionların sosial-iqtisadi simasını dəyişib»

«Azərbaycan» qəzetində «Dövlət proqramlarının icrası regionların sosial-iqtisadi simasını dəyişib» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası ölkənin ümumi inkişafında önəmli rol oynayır. Yazıda vurğulandığına görə, bu proqramlar Azərbaycanın hərtərəfli tərəqqisinin təmin edilməsinə, paytaxtla regionlar arasında fərqin azalmasına səbəb olur: «...Proqramların qəbulundan sonra regionlarda minlərlə kiçik, orta və böyük həcmli müəssisələr istifadəyə verilmiş, münbit infrastruktur yaradılmış, turizm inkişaf etmiş, aqrar sektorda məhsul istehsalı dəfələrlə artmışdır».

Müəllifin fikrincə, prezident İlham Əliyevin bölgələrə səfərləri dövlət proqramlarının icrasını sürətləndirməklə regionların hərtərəfli inkişafının təmin edilməsi, yeni iş yerlərinin açılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi sahəsində görülən işlərə təkan verib: «Dövlət başçısı proqramların icra olunduğu dövr ərzində 1800-dən çox infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, istehsal təyinatlı müəssisələrin fəaliyyəti ilə tanış olmuş, sahibkarlarla görüşlər keçirmiş, qaldırılan məsələlərlə maraqlanmışdır».

Yazıda habelə qeyd edilib ki, prezident yerlərdə olunan müraciətləri və dövlət proqramlarının tələblərini nəzərə alaraq, bölgələrdə sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində 650-dək sərəncam imzalayıb: «Dövlət proqramları çərçivəsində görülən işlər ölkədə həyata keçirilən sosial-iqtisadi inkişafa da müsbət təsir göstərmişdir. Bunun sayəsində 2004-2018-ci illərdə ümumi daxili məhsul real ifadədə 3.3, o cümlədən qeyri-neft sektoru 2.8 dəfə artmışdır. Bu dövrdə sənaye real ifadədə 2.6, o cümlədən qeyri-neft sənayesi 2.4, kənd təsərrüfatı 1.7 dəfə çoxalmışdır».

XS
SM
MD
LG