Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:12

Deputat təhqirə görə cəzaların sərtləşdirilməsindən danışıb


Ç.Qənizadə
Ç.Qənizadə

Bugün, sentyabrın 20-də Bakıda «Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək» adlı tədbir keçirilib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Çingiz Qənizadə Cinayət Məcəlləsinin təhqir və böhtanla bağlı maddələri (147,148 və 148.1) üzrə sanksiyaların artırılmasının vacibliyindən danışıb.

«Turan» agentliyinin xəbərinə görə, deputat deyib ki, Cinayət Məcəlləsində göstərilən maddələrin olmasına baxmayaraq, ölkə rəhbərliyinin humanist yanaşması nəticəsində onlar tətbiq edilmir.

Ç.Qənizadə əlavə edib ki, son vaxtlar sosial şəbəkələrdə şantaj, böhtan və təhqir tipli paylaşımların sayı artıb. «Bunların qarşısının alınmasının zamanı çoxdan çatıb», - o qeyd edib.

«İfadə azadlığının genişlənməsinə şərait yaratmaq lazımdır»

«Böhtan və təhqirlə bağlı qanunvericiliyin sərtləşməsindən, hələlik, heç kəs fayda görməyib». Bunu isə AzadlıqRadiosuna media məsələlər üzrə ekspert Ələsgər Məmmədli deyib. Onun fikrincə, belə olsaydı, 2017-ci ildən, yəni internetdə təhqirlə bağlı Cinayət Məcəlləsinə maddə əlavə olunandan və sanksiyalar artırılandan sonra Azərbaycanda sosial şəbəkələrdə təhqirlər azalardı.

Ə.Məmmədlinin sözlərinə görə, sanksiyaların artırılması əvəzinə ifadə azadlığının genişlənməsinə şərait yaratmaq lazımdır: «İnsanların ifadə azadlığı məhdudlaşdırılmasa, onlar özünə inanıb fikirlərini daha mədəni tərzdə ifadə edərlər».

Ə.Məmmədli
Ə.Məmmədli

«Sosial şəbəkələrdə təhqir və böhtanı bəhanə edib…»

Ə.Məmmədli vurğulayıb ki, sosial şəbəkələr tənzimlənməyən bir platforma kimi qiymətləndirilə bilməz və Azərbaycan qanunvericiliyinə görə, kifayət qədər hüquqi tənzimləmə mövcuddur: «Lakin bu tənzimləmə hər zaman işləmir. Çünki sosial şəbəkələrə virtual olaraq dünyanın istənilən yerindən qoşulmaq olar və mütləq deyil ki, kimsə Azərbaycanda oturub təhqir dolu fikirlər bildirsin. Belə olan halda, ölkənin qanunlarını nə qədər istəyirsən tənzimlə, onlar işləməyəcək. Ona görə düşünürəm ki, sosial şəbəkələrdə təhqir və böhtanı bir bəhanə edib, hakimiyyət sanksiyaları sərtləşdirmək istəyir».

Ə.Məmmədli əlavə edib ki, təhqir və böhtana son qoymaq üçün diffamasiya haqqında qanun qəbul olunmalıdır: «Azərbaycan Avropa Şurasının üzvü kimi, İnsan Hüquqları Konvensiyasına qoşulub. Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) hüquqi məkanına daxil olub və ona görə diffamasiya haqqında qanun qəbul etməlidir. AİHM Azərbaycanda ifadə azadlığın pozulması ilə bağlı kifayət qədər qərar verib və hər belə qərarda xüsusi vurğulanır ki, qanunvericilik Avropa Konvensiyasına uyğunlaşdırılmalıdır».

Hüquqşünasın sözlərinə görə, bunu nəzərə alaraq, prezident İlham Əliyev 2011-ci ildə Milli Fəaliyyət Proqramı imzalayıb və orada göstərilib ki, söz və diffamasiya dekriminallaşmalıdır: «Ona görə də, Milli Məclis sanksiyaların sərtləşməsini yox, diffamasiya haqqında qanunu çoxdan qəbul etməli idi».

Sosial şəbəkələrdə öz adınız, ya təxəllüslə yazmağa üstünlük verirsiz?
Gözlə

No media source currently available

0:00 0:00:45 0:00

Xatırlatma

Diffamasiya başqasının şərəf və ləyaqətini alçaldan həqiqətəuyğun olmayan məlumatın yayılmasıdır. Avropa Şurası belə yazılara görə cinayət məsuliyyətinin olmaması, bunun yalnız mülki qaydada cəzalandırılmasına çalışır.

Azərbaycanın Cinayət Məcəlləsinin 3 maddəsi bu mövzu ilə əlaqəlidir. Məcəllənin 147, 148-ci (habelə 148.1-ci) maddələri mediada (internetdə) böhtan və təhqirə görə cinayət məsuliyyətini nəzərdə tutur. Bu maddələrə görə, ən yüngül cəza 1000 manatdan 1500 manata qədər cərimədir. Ən ağır cəza isə 3 ilədək müddətə azadlıqdan məhrumetmədir. Bundan əlavə, Cinayət Məcəlləsinin 323-cü maddəsi Azərbaycanın dövlət başçısına yönəlik ləkələyici ifadələrin yayılması məsələsinə aiddir. Həmin maddədə ən yüngül cəza 2 ilədək islah işləri, ən ağır cəza isə 5 ilədək azadlıqdan məhrumetmədir.

XS
SM
MD
LG