Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:42

BMT-nin Baş Məclisindən nə gözləməli – Qərb mediası


Sentyabrın 20-də dünyanın bir ölkələrində iqlim dəyişikliyinə etiraz aksiyaları keçirilib
Sentyabrın 20-də dünyanın bir ölkələrində iqlim dəyişikliyinə etiraz aksiyaları keçirilib

Bu həftə Nyu Yorkda BMT-nin Baş Məclisi işinə başlayır. Dünyanın 200-dək lideri beş gün ərzində ən məşhur diplomatik səhnədə çıxış edəcək, yüzlərlə görüş keçiriləcək. “The New York Times” iqlim dəyişikliyi, İran və ticarət məsələlərində toqquşmaların gözləndiyini yazır.

Çin və Rusiya prezidentləri, İsrailin baş naziri, eləcə də Venesuela Prezidenti Nicolás Maduro toplantıya getmir. Sonuncunu Trump administrasiyası və dünyanın 50-dək hökuməti qanunsuz lider sayır.

Ancaq Ukrayna Prezidenti Volodymyr Zelensky Nyu Yorkda olacaq və onun ABŞ Prezidenti Donald Trump ilə görüşü gözlənir. Bu arada ABŞ liderinin ona Amerikanın daxili siyasi məsələləri ilə bağlı təzyiq göstərdiyi bildirilir.

Qəzet bu həftə gözlənən ən böyük məqamlar və qarşıdurmalar haqda proqnozlarını bölüşür.

Trump özükimilərin əhatəsində

Trump-ın toplantıda özünə oxşar liderlərlə əhatələndiyini yazan qəzet ondan öncə Braziliya Prezidenti, bəzən mini-Trump adlandırılan Jair Bolsonaro-nun çıxış edəcəyini yazır. O, Trump kimi, iqlim dəyişikliyini rədd edir, Twitter-də yazdıqları gülüş doğurur.

Trump-dan sonra isə Misir Prezidenti, keçmiş general, Ərəb baharı inqilablarına qarşı repressiyanın simvoluna çevrilmiş Abdel Fattah el-Sisi çıxış etməlidir. Daha sonra isə tənqidçiləri susduran, hökuməti dünyada ən çox jurnalist həbs etdirmiş Türkiyə prezidenti Recep Tayyip Erdogan danışmalıdır, qəzet yazır.

Toplantıda ABŞ və Səudiyyə Ərəbistanı İrana qarşı mövqeyə tərəfdar yığmağa çalışacaqlar. Bu yaxınlaradək belə bir spekulyasiya dolaşırdı ki, Trump sessiya çərçivəsində İran Prezidenti Hassan Rouhani ilə görüşəcək. Ancaq sentyabrın 14-də Səudiyyədə neft obyektlərinə hücum belə bir görüşü mümkünsüz etdi. Amerika və Səudiyyə rəsmiləri hücumlara görə İranı günahlandırır. İran isə ittihamları rədd edir. Rouhani çərşənbə günü çıxış edəcək. Gözlənir ki, o, Trump-ın ötən il nüvə sazişindən çıxmaqla münaqişəni qızışdırdığını söyləyəcək.

İqlim dəyişikliyinə həsr olunmuş sammitə isə ABŞ rəhbərliyi qatılmayacaq. Bu gün keçiriləcək samitdə rəsmilər binalardan karbon emissiyalarının sıfır səviyyəyə endirilməsi təşəbbüslərini açıqlamalıdırlar. Ancaq Birləşmiş Ştatların belə bir planı yoxdur. Trump hələ 2017-ci ildə elan edib ki, ölkəsi iqlim dəyişikliyi üzrə Paris razılaşmasından çıxır.

BMT Baş Məclisində müzakirəsi gözlənən digər məsələlər ABŞ-Çin ticarət müharibəsi, Avropanın Venesuela hökumətini cərimələməsi üçün ona təzyiq göstərilməsidir.

ABŞ-Türkiyə ziddiyyətlərinin də gündəmə gələcəyi gözlənir. Trump ilə Erdogan görüşəcək, di gəl, nəticə necə ola bilər, bəlli deyil. Trump administrasiyası Türkiyəni Rusiyadan S-400 zenit-raket kompleksi aldığına görə cəzalandırmağı nəzərdən keçirir. Erdogan isə Birləşmiş Ştatların Suriyanın şimalında tutduğu mövqedən narazıdır.

XS
SM
MD
LG