Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:03

178 illik turizm şirkəti iflas etdi


Thomas Cook şirkətinə məxsus A330-200 təyyarəsi
Thomas Cook şirkətinə məxsus A330-200 təyyarəsi

Bu gün – sentyabrın 23-də Britaniyanın Thomas Cook turizm şirkəti iflas edib. Şirkət hökumətdən fövqəladə yardım ala bilməyib, onminlərlə səyahətçi isə xaricdə qalıb.

Britaniya hökuməti bildirir ki, 178 illik şirkətin hazırda dünyanın müxtəlif yerlərində istirahətdə olan 150 min britaniyalı müştərisini vətənə qaytarmaq ölkənin dinc tarixinin ən böyük repatriasiyası olacaq. Proses artıq bu gündən başlanıb və rəsmilər yubanmaların qaçılmaz olduğunu bildirib.

21 min iş yeri ləğv olunur

Rəsmi məlumata görə, Thomas Cook biznesi dayandırıb, dörd aviaşirkəti bağlanacaq, 16 ölkədə 21 min işçisi işini itirəcək. İşçilərin 9 mini Böyük Britaniyadadır.

Şirkət bir neçə ay qabaq bildirmişdi ki, Breksit qeyri-müəyyənliyindən dolayı sifarişlərdə azalma var və bu səbəbdən borclanması artır.

Thomas Cook cümə günü iflasdan qurtarmaqdan ötrü 200 milyon funt-sterlinq (250 milyon dollar) gərəkdiyini bildirmişdi. Dünyanın bir sıra ölkələri ilə uçuşlar reallaşdıran şirkətin Böyük Britaniyada 600-dək səyahət bürosu vardı.

Şirkətin rəhbəri Peter Fankhauser bu gün səhər şirkətin ofisi qarşısında oxuduğu bəyanatda iflasdan dərin təəssüf hissi keçirdiyini deyib.

“Bilirəm ki, bu nəticə bir çoxları üçün fəlakətlidir, narahatlıq, stress, məyusluq yaradacaq”, – o vurğulayıb.

Britaniya hakimiyyəti britaniyalıların geri qaytarılması üçün təyyarələr hazırladığını, bu prosesin iki həftəyədək çəkəcəyini bildirib.

Qara günlər necə başlandı

Britaniyanın səyahət eksperti Simon Calder Sky News-a deyib ki, Thomas Cook-un problemləri 1994-cü ildə başlanıb. O zaman “açıq səmalar” razılaşması easyJet Ryanair kimi şirkətlərin çiçəklənməsinə yol açdı. Üstəlik, internet vasitəsilə səyahət sifarişləri etmək asanlaşdığından Thomas Cook-un səyahət agentliklərinə tələbat azaldı.

Şirkəti təmsil edən həmkarlar ittifaqları Britaniya hökumətini şirkətin iflasını önləməyə, iş yerlərini qorumağa çağırırdılar. Ancaq Baş nazir Boris Johnson deyib ki, hökumət şirkəti xilas etməməklə düz davranıb. Onun fikrincə, səyahət şirkətləri iflasa getməməyə çalışmalıdırlar.

Baş nazirin fikrincə, bu şirkətə maliyyə dəstəyi göstərmək pis örnək yaradardı, digər şirkətlər də oxşar yanaşma gözləməyə başlardılar.

2017-ci ildə Monarch Airlines şirkətinin iflası hökumətə 60 milyon funta başa gəlmişdi.

İndi 1 milyon səyahətçinin planı yarımçıq kəsilir. Onlar hökumətin sığorta planına uyğun olaraq pullarını geri alacaqlar.

XS
SM
MD
LG