Rusiyalı maqnat Mikhail Khodorkovsky Azad Avropa/AzadlıqRadiosu-na (RFE/RL) geniş müsahibəsində müxalifətin perspektivlərindən, Rusiyanın problemlərindən danışıb, idarəçilik sistemlərini müqayisə edib.
Rusiya Prezidenti Vladimir Putin-in əsas opponentlərindən olan Khodorkovsky Kreml liderinin 20 ildən çox hakimiyyətdə qalmaq bacarığına sayqıyla yanaşdığını gizlətməyib.
Oktyabrın 1-də Almaniyanın paytaxtında müsahibə verən maqnat Putin-i “avtokrat” adlandırıb, adamlarda zəiflikləri aşkarlayaraq onlardan yapışdığını vurğulayıb.
“Casus təlimçisi”
Khodorkovsky deyir ki, Putin ölkə siyasətçilərini və dünya liderlərini necə ələ almağı bilir, onlara xoşladıqlarını, eşitmək istədiklərini deyir. Mühacirətdə yaşayan siyasətçi hazırda Rusiyada Vətəndaş Cəmiyyətinə Dəstək Qrupu adlı layihənin rəhbəridir, məqsədin Putini hakimiyyətdən kənarlaşdırmaq olduğu bildirilir.
O deyir ki, Putin yaxşı bir casus “təlimçisi” kimi ABŞ Prezidenti Donald Trump, İtaliyanın keçmiş prezidenti Silvio Berlusconi, digərləri ilə münasibətləri yaxşı səviyyədə saxlayıb.
KGB həmin bacarığı öyrətməkdə “yaxşı məktəb olub”, – 56 yaşlı Khodorkovsky Putin-in vaxtilə bu qurumda çalışmasını nəzərdə tutub.
Putin 20 il öncə ictimai əhvaldan istifadə bacarığı hesabına hakimiyyətə gəlib, onda ictimaiyyəti “inqilabdan yorulmuşdu, əks-inqilab istəyirdi, keçmişə qayıdış istəyirdi”.
Ancaq indi yeni nəsil böyüyüb, “cəmiyyət dəyişib və adamlar başqa bir şey istəyirlər”, – deyən Khodorkovsky detalları açıqlamayıb.
Vaxtilə Rusiyanın ən varlı adamı olan Khodorkovsky 10 il həbsdə yatıb, o, özünə qarşı ittihamları qondarma adlandırıb. Deyir, onun səhvi keçmiş Prezident Boris Yeltsin-in Putini 2000-ci ildə öz yerinə seçməsinə inanmağı olub.
“Boris Nikolayevich-in seçimi daha çox ona və ailəsinə fayda verdi, ölkəyə deyil”, – Khodorkovsky vurğulayıb.
Moskva azı 60 il “geri qalır”
Putin-in başlıca zəifliyinə gəlincə, “o, qətiyyən qurumlara inanmır”. Putin inanır ki, “bir adam ona sadiq ola bilər, o, bir şəxsə nəzarət edə bilər, ancaq o, qurumlara inanmır”, – maqnat bildirir.
Onun fikrincə, inkişaf nöqteyi-nəzərindən Rusiya Avropadan azı 60 il geri qalır, “Moskva hardasa 1980-ci illərdə ilişib qalıb”.
Khodorkovsky deyir ki, bir homogen müxalifət qrupunun olması “səhv”dir, çünki o, hakimiyyətə gəlincə, “rejim dəyişməyəcək, yalnız sifətlər və adlar dəyişəcək”.
“Fərqli ideyaları olan” fərqli müxalifət qrupları daha sağlamdır və onlar indiki hökuməti əvəzləyərsə, hakim “koalisiya” yaranar.
Onun fikrincə, hakimiyyətdə hər hansı dəyişiklik demokratik yolla, “daimi əsaslı azad və ədalətli seçkilər”lə həyata keçirilməlidir.