Moskvanın Tver rayon məhkəməsi şəhərin mərkəzindəki Tver küçəsində yerləşən “Ermənistan” restoranının 9 müxalifətçiyə qarşı iddiasını təmin edib, onların üzərinə 241 min rubl cərimə öhdəliyi qoyub.
Bu iş üzrə cavabdehlər Korrupsiyaya qarşı Mübarizə Fondunun rəhbəri Aleksey Navalny, fondun əməkdaşı Georgi Alburov, Navalny-nin Moskva qərargahının koordinatoru Oleg Stepanov, Moskva Dumasına namizədliyi qeydə alınmayan Lyubov Sobol, İvan Jdanov, İlya Yashin, Aleksandr Solovyov, Yuliya Galyamina və Vladimir Milov-dur.
İddiaçı müxalifətçiləri Moskvanın mərkəzində 27 iyul razılaşdırılmamış etiraz aksiyasının təşkilatçıları hesab edərək iki dəfə artıq cərimə tələb edirdi. “Ermənistan” restoranının sahibi olan “Ankor” ASC iddiasında qeyd edirdi ki, mitinq ucbatından restoran “işini bütün gün ərzində dayandırmalı olub” və yarım milyon rubldan artıq vəsaiti əldə edə bilməyib. Bunun 155 mini orta şənbə günü gəliri, 400 mini isə ləğv olunmuş banketin qiyməti imiş.
Hər qonağa 4 kilo yarımdan çox yemək
Cavabdehlərin vəkillərinin fikrincə, “Ermənistan” bağlanmasının səbəbini əsaslandırmayıb və itkisinin məbləğini həddən artıq şişirdib: banket siyahısından belə çıxır ki, hər qonağa 4 kilo yarımdan çox yemək düşüb.
Müdafiə tərəfi Tver məhkəməsinin qərarından şikayət verəcək.
Bundan öncə Koptev rayon məhkəməsi elə həmin cavabdehləri yarım milyon rubl məbləğində cərimələyib. İddianı “Avtomobil yolları” büdcə təşkilatı qaldırmışdı. “Mosqortrans” dövlət unitar müəssisəsinin xeyrinə isə bir milyon 200 min rublluq cərimə kəsilib.
Yaydakı etiraz aksiyaları ilə əlaqədar Moskva məhkəmələrində onlarla oxşar pul iddiası qaldırılıb. Ən böyüyünü “Fly Auto” avtomobillərin kirayə xidməti qaldırıb: itkilərin kompensasiya üçün milyard rubldan artıq vəsait tələb edir.
Sözügedən aksiyalar Moskva Dumasına müstəqil və müxalifət namizədlərinin qeydiyyata alınmamasına qarşı keçirilirdi. Aksiyalarda yüzlərlə etirazçı saxlanıb, onlarla adam sonradan məhkəmə qarşısına çıxarılaraq cəzalandırılıb. Polis aksiyaları güclə dağıtdığına görə tənqid olunub.