ABŞ-ın aparıcı diplomatları Ukraynanın yeni seçilmiş prezidenti Volodymyr Zelenskiy-ə Birləşmiş Ştatlara yüksək profilli səfər vəd ediblərmiş. Bu təklif keçmiş vitse-prezident Joe Biden-lə bağlı təhqiqat qarşılığında irəli sürülüb. Bunu yeni açıqlanmış elektron yazışmalar və mətn ismarıclar ortaya qoyur.
Qarşılıqlı ismarıclar
ABŞ Nümayəndələr Palatasının təmsilçiləri yazışmaları oktyabrın 3-də axşam açıqlayıblar. Bundan öncə isə ABŞ-ın Ukrayna üzrə keçmiş xüsusi elçisi Kurt Volker 10 saat ərzində palatada dindirilib.
İyulun 25-də ABŞ Prezidenti Donald Trump ilə Zelenskiy arasında telefon danışığından öncə Volker ismarıcda yazırmış: “Ağ evdən eşitdim – görünür, Prezident Z trump-ı əmin edir ki, təhqiqat aparacaq, 2016-cı ildə baş verənlərin dibinədək gedəcək, Vaşinqtona səfərin tarixini müəyyənləşdirək”.
Zelenskiy-nin müşavirinin təklifi qəbul etdiyi görünür. Təklif Ukraynanın Burisma qaz şirkəti üzrə təhqiqat aparmaqla bağlı olub. Joe Biden Obama administrasiyasının Kiyevlə razılaşmalarına rəhbərlik etdiyi bir dönəmdə oğlu Hunet şirkətin idarə heyətində imiş. Ancaq indiyədək Biden-lərin hansısa nöqsana yol verməsinə dəlil ortaya qoyulmayıb.
“Telefon danışığı yaxşı keçdi”, – Andriy Yermak Trump və Zelenskiy danışandan bir gün sonra Volkerə yazırdı.
Yermak iki prezidentin sentyabrda görüşü üçün müxtəlif tarixlər təklif edib. Onlar nəhayət BMT Baş Məclisinin Nyu York toplantısı çərçivəsində görüşüblər, Vaşinqtonda Ağ evdə deyil.
Volker nə deyib
Palatada konqresmenlərlə görüşdə Volker deyib ki, Dövlət Departamentində “bir çoxları” Kiyevə hərbi yardımın ayrılmasını administrasiyanın Biden barədə təhqiqat aparılması arzusuyla əlaqələndirmək cəhdlərindən narahat idi.
Biden 2020-ci il seçkilərində Trump-ın Demokratlardan rəqibi ola bilər.
Volker Dövlət Departamentinin sözügedən məsələ üzrə Nümayəndələr Palatasında ifadə verən ilk rəsmisidir. Palata hazırda Trump-ın hərəkətləri üzrə impiçment araşdırması aparır.
Palata oktyabrın 11-nə də dinləmə planlaşdırır, ABŞ-ın Kiyevdə keçmiş səfiri Marie Yovanovitch ifadə verməlidir. O, ilin əvvəlində qəfildən geri çağrıldı. Bundan öncə administrasiya ilə Ukrayna siyasəti üzrə fikir ayrılığı olmuşdu.
Demokratlar Trump-ın ittiham edirlər ki, Ukrayna prezidentindən Biden və oğlu barədə araşdırma aparılmasını istəməklə vəzifəsindən sui-istifadə edib.
Volker-in ifadə verdiyi qapalı görüşdən çıxan respublikaçılar deyiblər ki, onun dedikləri rəsmilərin araşdırma xahiş etdiyi zaman “xidmətə görə xidmət” sövdələşməsi olmadığını üzə çıxarıb.