Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:10

Azərbaycanda AES ola-olmaya?


Atom Elektrik Stansiyası (AES)
Atom Elektrik Stansiyası (AES)

“Azərbaycan öz bazarında qazı Atom Elektrik Stansiyanın (AES) enerjisi ilə əvəz edərək, qaz ixracını artıra bilər. Rusiya belə bir AES tikməyə hazırdır”.

Bunu oktyabrın 3-də Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev-in Soçidə görüşü ilə bağlı "Rosatom" Dövlət Korporasiyasının rəhbəri Aleksey Lixaçev səsləndirib.

“Biz güclü stansiyanı təklif etmişik”

“ Turan” agentliyinin məlumatına görə, A. Lixaçev xatırladıb ki, Azərbaycan vaxtilə Bakı yaxınlığında AES üçün ərazi seçib, hətta atom stansiyasının bünövrəsini qoyub. O, ölkədə Rusiya ilə elmi baxışları paylaşan insanların, hələ də qaldığını iddia edib.

"AES Azərbaycandan olan tərəfdaşımızın istədiyi növdə olacaq. Biz güclü stansiyanı təklif etmişik. Azərbaycanın spesifikası ondan ibarətdir ki, bu ölkədə istehlak artır. 2018-ci ildə Azərbaycanda istehlakçıların sərfiyyatı 14 faiz artıb ki, bu da böyük rəqəmdir" - deyə Lixaçyov bildirib.

"Azərbaycan neft və qaz ölkəsidir…”

Fərəc Quliyev, janvar 2011
Fərəc Quliyev, janvar 2011

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev hesab edir ki, Azərbaycanda Rusiyanın AES tikməsinə ehtiyac yoxdur.

"Azərbaycan neft və qaz ölkəsidir. Bundan əlavə bizim alternativ enerji mənbəyimiz var. Bura külək və su enerjisi daxildir. Təkcə dağ çayların enerjisindən istifadə etməklə kifayət qədər enerji istehsal etmək olar", deyə deputat “Turan” agentliyinə bildirib.

“… Özündən asılılıq yaratmaq istəyir”

Deputatın vurğulamasına görə, Rusiya Azərbaycanda özündən asılılıq yaratmaq istəyir:

"Rusiya hər dəfə bura ya hərbi baza yerləşdirmək, ya da ölkədə AES tikmək istəyir. Bununla da özündən asılılıq yaratmaq istəyir. Atom Elektrik Stansiyasının tikilməsi çox bahadır və asılılıq burda yaranacaq. Həmçinin stansiyanın detalları Rusiyada istehsal olunacaq. Mən dəfələrlə təklif etmişdim ki, Azərbaycan ordusu üçün silah Rusiyadan alınmasın. Çünki Rusiya Ermənistanın strateji tərəfdaşıdır və sabah savaş başlayanda daha güclüsünü onlara verəcək".

Deputat əlavə edib ki, Azərbaycan tektonik zonada yerləçdiyi üçün AES-in burada olması təhlükə yarada bilər.

"...Azərbaycanda AES-in olması normal olardı"

Əvəz Həsənov, 2009
Əvəz Həsənov, 2009

Konfliktoloq Əvəz Həsənov isə AzadlıqRadiosuna deyib ki, AES layihəsi ölkənin neft və qaz ehtiyatları olub-olmamasından asılı deyil:

"Ölkə AES-in tikilməsində maraqlı olmalıdır, çünki ölkə yalnız neft və qaz kimi enerji resursları ilə kifayətlənməməlidir. Sovet dövründəki AES-lərdən fərqli olaraq müasir AES-lər daha təhlükəsizdir və onların istehsal gücü daha çoxdur. Ona görə, bir layihə kimi Azərbaycanda AES-in olması normal olardı".

Bunun Rusiyadan asılılıq yaradacağı ilə bağlı deyilənlərə gəldikdə isə konfliktoloq deyib:

"Hətta Türkiyə belə Rusiya ilə münasibətləri normallaşdırır. Azərbaycan Türkiyə ilə sinxron siyasət yürüdən bir dövlətdir. Azərbaycan üçün Rusiya ilə münasibətlərini iqtisadi layihələrə qoşulmaqla saxlamaq heç də ziyanlı deyil. Azərbaycanın Rusiya ilə nə qədər dərin iqtisadi münasibətləri olsa, bir o qədər də ölkənin Qarabağ məsələsində irəliləyişinə ümid etməsinə şans yaranır".

“Neoimperial maraqlarını hər şeyin önünə qoyan şimal qonşumuz…”

Şahin Cəfərli
Şahin Cəfərli

Politoloq Şahin Cəfərli isə bu mövzuda AzadlıqRadiosuna danışarkən qeyd edib ki, AES tikintisi çox böyük pullar tələb edən işdir. Onun fikrincə, əgər ölkənin lazımi elmi-texnoloji imkanları yoxdursa, AES-in mövcudluğu onu inşa edib, istismarını həyata keçirən ölkədən (şirkətdən) asılılıq deməkdir:

"Xüsusən neoimperial maraqlarını hər şeyin önünə qoyan şimal qonşumuzdan söhbət gedirsə. Rusiya AES layihələrini həm geopolitik, həm də ticari səbəblərlə müxtəlif ölkələrə təklif edir. AES tikintiləri Rusiyaya həm də ona görə lazımdır ki, davamlı gəlir mənbələri yaratsın, “Rosatom”u saxlaya bilsin, öz alim və mühəndislərinin ölkəni tərk etməsinin, yəni “beyin axını”nın qarşısını alsın".

Politoloq deyib ki, Azərbaycan kimi nəhəng sənaye potensialı olmayan, eyni zamanda özü enerji ixrac edən balaca ölkənin AES-ə ehtiyacı ən azından şübhəli məsələdir.

İqtisadçı Nazim Bəydəmirli də AzadlıqRadiosuna xatırladıb ki, hələ Sovet İttifaqı dövründə Hacıqabul rayonun yaxınlığında Atom Eliktrik Stansiyasının tikilməsi planlaşdırılıb:

"Son vaxtlar dünya bərpa olunan enerji növlərinə daha çox üstünlük verir. Hətta AES-lərinin sayı Rusiyadan qat-qat çox ölkələr var ki, alternativ enerjiyə keçirlər. Çünki həm iqtisadi, həm ekoloji baxımından bu daha sərfəlidir. Ona görə də Azərbaycan ölkənin mövqeyini və iqlim şərayitini nəzərə alaraq, günəş, külək enerjisinin gücündən daha çox istifadə etməlidir".

“Bizim Çernobıl yaddaşımız var”

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

N. Bəydəmirli qeyd edib ki, Azərbaycanda alternativ enerjidən istifadə üzrə Komitə də yaradılıb:

" Günəş panelləri istehsal edən müəssisə qurulmuşdu, onun da fəaliyyəti çox çəkmədi. Azərbaycan bu istiqamətdə fəaliyyəti yaxşı qursaydı AES-ə ehtiyacı qalmazdı".

İqtisadçı hesab edir ki, Rusiya ilə istənilən texnoloji yeniliklərlə bağlı, atom sahəsi da daxil olmaqla əməkdaşlığa tədricən son qoymaq lazımdır:

"Bizim Çernobıl ( 1986-cı ildə Çerbobol AES-də baş verən qəza ) yaddaşımız var, bu yaxınlarda Severodvinsk şəhərində atom reaktorun partlaması var. Biz ancaq iki ölkənin maraqlarına cavab verəcək layihələrdə iştirak etməliyik. Hesab edirəm ki, Rusiyanın AES layihəsi Azərbaycan müstəqilliyi, ekologiyası üçün çox təhlükəlidir".

Bu məsələyə, hələlik, hökumət rəsmilərindən münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG