Hazırda dünyada 10-15 milyon adamı heç bir ölkə öz vətəndaşı kimi tanımır. “Reuters” agentliyi bu adamların təhsil, səhiyyə, ev ə işlə təminat kimi təməl hüquqlardan məhrum olunduğunu yazır.
Bu gün – oktyabrın 7-də BMT-nin qaçqınlar agentliyi Cenevrədə böyük bir hökumətlərarası toplantıya ev sahibliyi edir. Məqsəd 2024-cü ilədək dövlətsizliyə son qoymaq kampaniyası üzrə işləri dəyərləndirməkdir.
Agentlik dünyada vətəndaşlığı olmayanların məskunlaşdığı ölkələrin siyahısını təqdim edir.
1982-ci ildə Myanmanın qəbul etdiyi vətəndaşlıq qanunu faktiki olaraq ölkənin müsəlman rohinca əhalisini dövlətsiz qoydu. Etnik zorakılıq nəticəsindən onlardan çoxu qaçıb, ancaq hazırda Myanmada yüzminlərlə rohinca yaşayır. Qonşu Banqladeşdə isə 900 minədək rohincanın olduğu bildirilir.
Fil dişi sahilində 692 min vətəndaşlığı olmayan yaşayır. Onların çoxu 20-ci əsrdə qonşu ölkələrdən getmiş, kofe və çay plantasiyalarında işə başlamış miqrantlardır.
Tailandda 479 min vətəndaşlığı olmayan şəxslər içində etnik Yao, Hmong və Karen tayfalarından olanlar var.
Sovet İttifaqı dağılanda Baltik ölkələrində bir çox etnik rus dövlətsiz qaldı. Hazırda Latviyada 221 minədək, Estoniyada 78 min vətəndaşlığı olmayan şəxsin yaşadığı bildirilir. Onlar əsasən etnik ruslardır, vətəndaşlıq almaqda çətinlik çəkirlər, bəzən ayrıseçkiliklə üzləşdiklərini deyirlər.
1962-ci ilsə Suriyanın şimal-şərqində yaşayan kürdlərin çoxunun vətəndaşlığı alındı. Human Rights Watch insan haqları təşkilatı bu addımı neftlə zəngin region “ərəbləşdirmə” planının bir hissəsi sayırdı.
Vətəndaş müharibəsindən öncə Suriyada 300 min kürdün vətəndaşlığının olmadığı bildirilirdi. İndi BMT bu rəqəmin 160 minə düşdüyünü deyir, bir səbəb çoxunun müharibədən dolayı ölkədən çıxmasıdır.
Bundan başqa, Küveytdə 92 minədək; Dominikan Respublikasında 134 minədək; İraqda 47 mindən çox dövlətsiz şəxsin; Avropanın müxtəlif yerlərində isə on minlərlə vətəndaşlığı olmayan qaraçının yaşadığı bildirilir.