Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:42

Sosial media nə zaman informasiya zəhərinə çevrilir


Saxta xəbər
Saxta xəbər

Ötən il Torontonun Denfors məhəlləsində kütləvi atışmadan dərhal sonra həm atışmanın motivləri, həm də insidenti törədən şəxsin kimliyi haqda əsassız şayiələr sosial media platformalarını bürüdü.

«Bu hadisə rəqəmsal eraya xas iki tendensiyanı bir daha təsdiqlədi: sürət dəqiqliyi kölgədə qoyur və sosial media informasiya vakuumuna nifrət edir», – Avstraliyanın «The Conversation» xəbər saytı yazır. Yazıda qeyd edilir ki, eyni tendensiya bu hadisədən sonra baş verən kütləvi zorakılıq hallarından sonra da müşahidə olunub.

İnformasiya boşluğu

Sosial media platformalarının sürəti, bu platformaların əsasını təşkil edən diqqət iqtisadiyyatı qeyri-dəqiq məlumatların və şayiələrin yayılmasına yol açır. Təkcə laykların və retvitlərin artma sürətini müşahidə etməklə yanlış məlumatların yayılma sürətinin nə dərəcədə dəhşətli olduğunu anlamaq olar.

«Rəsmilər və hüquq-mühafizə qurumları təmkinlə davranaraq Torontodakı atışma ilə bağlı qəti açıqlamalar verməkdən çəkindilər. Ancaq bu informasiya boşluğu … psevdo-ekspertlər, sosial media inflüenserləri və pərakəndə təbliğatçıların vakuumu fakt kimi qələmə verilən gümanlar, rəylər və yanlış iddialarla doldurmasına yol açdı», – yazıda deyilir.

Sayt daha sonra yazır ki, bu sosial media küyünü cahil və sadəlövh kütlə, yaxud da nifrət saçan azsaylı islamofob dəstəsi və konspirologiya həvəskarı sayıb görməzdən gəlmək də olardı. Ancaq onların yaratdığı bu küy faktı yalandan ayırmağı çətinləşdirdiyi üçün vacibdir.

Bu azmış kimi, nüfuzlu media qurumlarında çalışan peşəkar jurnalist və köşə yazarları da bu atışma ilə bağlı yanlış məlumatların yayılmasında iştirak etmişdilər. Bir jurnalist hətta Kanada mətbuatının guya bu hadisəni «müsəlmanların nifrət cinayəti» kimi qələmə verdiyini yazmışdı.

«Sosial media korporasiyaları bu problemlə bağlı kənarda durmaqda davam edirlər. Onlar üçün istifadəçilərin iştirakı və səhmlərin qiyməti platformalarında yayılan informasiyanın dəqiqliyindən daha vacibdir», – yazıda deyilir.

Daha sonra bizim həqiqətən də «kəskin informasiya çirklənməsi» adlandırıla biləcək ictimai mühitdə yaşadığımız vurğulanır. Bu çirklənmə bu mühitdə yaşayan hər kəsi zəhərləyib.

Çıxış yolları

Məqalədə çıxış yolu kimi hətta gözümüzlə gördüyümüz hadisə, yaxud sosial mediada canlı yayımlanan zorakılıq halına belə sağlam skeptisizmlə yanaşmaq tövsiyə edilir.

Bu növ media kontenti təkcə dezinformasiya yaymır, həm də çox zaman cəmiyyətdə qorxu və inamsızlıq toxumu səpmək üçün dizayn olunub. Bu isə onsuz da marginallaşdırılmış və irqi ayrıseçkiliyə məruz qalmış qruplarla bağlı stiqmanı daha da dərinləşdirir. Çox vaxt bu qruplar həmin o nifrət dolu şərhlərin nəticəsini real həyatda yaşayırlar.

Müəllif digər çıxış yolu kimi özünə diqqət cəlb etməyə çalışanların postlarını paylaşmaqdan imtina edərək onları «acından öldürməyi» təklif edir.

Digər çıxış yolu isə sosial mediada tanınan və çox da tanınmayan şəxsləri yaydıqları informasiyanın doğruluğu və səhih dəlillərə əsaslanması baxımından hesabatlı tutmaqdır: «Biz onların əsaslandırılmamış tvit və postlarını adı ilə çağırmalıyıq: informasiya zibilləməsi».

Üçüncü çıxış yolu kimi isə fikrinə hörmət olunan şəxslərin – peşəkar jurnalistlər, elmi mütəxəssislər və dövlət rəsmilərinin ictimai məkana müdaxilə edərək yayılan şayiələri təkzib etməsi göstərilir. Bu, həm də hər hansı niyyətlə yanlış informasiya yayan qrupların ifşasına kömək edərdi.

Son olaraq qeyd edilir ki, adi vətəndaşlar sosial media platformalarının təsiri altında ola-ola sözügedən informasiya mübarizəsindən kənarda qala bilməzlər. Ancaq onlar həqiqəti üstün tutmalı, məlumatların səhihliyini yoxlamalı, informasiya zibilləməsini daha da kəskinləşdirməmək üçün səy göstərməlidirlər.

XS
SM
MD
LG