Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:35

Suriya əməliyyatının Türkiyə üçün riskləri – Qərb mediası


Türkiyə əsgərləri Suriyayla sərhəddə
Türkiyə əsgərləri Suriyayla sərhəddə

Türkiyə Suriyanın şimal-şərqində daha bir əməliyyata hazırlaşır. “The Associated Press” agentliyi bunun Ankara üçün risklərini təhlil edir.

Prezident Recep Tayyip Erdogan çoxdan deyirdi ki, sərhəd regionu Suriyadakı kürd döyüşçülərdən təmizləməyə hərbçilərini göndərəcək. Ankara bu döyüşçüləri təhlükəsizliyinə ciddi təhdid sayır.

Türkiyə Suriyanın sərhəd hissəsində “təhlükəsiz zona” yaradaraq oraya suriyalı qaçqınların 2 milyonunu yerləşdirmək istəyir. Bu əraziyə hazırda Suriyadakı kürdlərin YPG qruplaşması nəzarət edir.

Erdogan-ın hədəsi

Belə bir nəhəng sayda qaçqının necə yerləşdiriləcəyi aydın deyil. İnsan haqları qrupları xəbərdarlıq edirlər ki, ərazidə döyüşlərin istənilən formada qızışması əlavə yüzminlərlə adamı yerindən didərgin salar.

Erdogan bu ərazidə şəhərlər, kəndlər, xəstəxanalar, məktəblər salmaq planlarından da dəm vurur. Ancaq eyni zamanda deyir ki, indiyədək qaçqınlara 40 milyard dollar xərcləmiş Türkiyə bunu təkbaşına edə bilməz. O, donor konfransı keçirəcəyini deyib, Avropa ölkələrini bu yükü paylaşmağa çağırıb, əks halda “darvazaları” açmağa məcbur olacağını, yəni miqrantları Qərbə buraxmalı olacağını vurğulayıb.

Türkiyə indiyədək Suriyada iki dəfə əməliyyat keçirib. Fərat çayının qərbini İslam Dövləti yaraqlılarından təmizləyib, ikinci əməliyyat zamanı isə Suriya kürdlərinin nəzarətində olan Afrin anklavını tutub. İndi bu regionlar Türkiyənin dəstəklədiyi müxalifət qrupları tərəfində idarə olunur.

Təhlilçilər isə bu dəfəki əməliyyatın daha mürəkkəb olacağını bildirirlər. ABŞ-ın təlim keçərək təchiz etdiyi kürd döyüşçülər bu ərazini İslam Dövləti qruplaşmasından təmizləyiblər və türklərə qarşı sonadək savacaqlarını deyiblər.

Əməliyyatın miqyası

“Burası Türkiyə ordusu üçün böyük ərazidir və aydındır ki, kürd qüvvələri dirəniş göstərəcək”, – Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Türkiyə layihəsinin direktoru Bulent Aliriza deyib.

Aliriza-nın fikrincə, əməliyyat məhdud həyata keçirilə, yəni, İraqla sərhədədək uzanmaya bilər.

Trump-ın Türkiyənin əməliyyatına qarışmamasını tənqid edənlərin fikrincə, əməliyyat regionda sabitsizlik yarada bilər. Demokratlar və respublikaçılar xəbərdarlıq edirlər ki, Türkiyənin hücumu kürdlərin qətliamıyla sonuclana bilər. Hazırda kürlərin əlində minlərlə İŞİD döyüşçüsü və onların ailə üzvləri var.

Türkiyə bildirir ki, əməliyyat İŞİD-lə mübarizəyə zərbə vurmayacaq. Ancaq kürd rəsmiləri xəbərdarlıq ediblər ki, onlar İŞİD məhbuslarına nəzarət edən qüvvələri də Türkiyəyə qarşı yönəldə bilərlər. Hazırda kürdlərin nəzarətində olan 20-dən artıq təcridxanada 10 minədək İŞİD döyüşçüsünün saxlandığı bildirilir.

Ağ ev həbsdə olan döyüşçülərə görə Türkiyənin məsuliyyət daşıyacağını bildirsə də, bunun necə baş verəcəyi aydın deyil, agentlik yazır.

Erdogan deyib ki, kürd həbsxanalarında saxlanan xarici döyüşçülərin repatriasiya planları üzərində Türkiyə və Birləşmiş Ştatlar ayrı-ayrılıqda işləyir.

XS
SM
MD
LG