İranda minlərlə qadın azarkeş oktyabrın 10-da milli komandanın Dünya Kubokunun təsnifat mərhələsində Kamboca ilə yarışını stadionda izləyəcək. Qarşılaşma Tehranda Azadi stadionunda keçiriləcək.
1979-cu il İslam İnqilabından bəri ilk dəfədir qadınlar kişilərin oyununa xüsusi, nadir hallarda verilən dəvətnamə olmadan, kişi libasına bürünüb stadiona oğrun girməyə məcbur qalmadan seyr edəcəklər.
Yarışma üçün qadın azarkeşlərə 3 min 500-dən artıq biletin satıldığı bildirilir. Bu “bəxti gətirmişlər” kişilərdən ayrı, qadın polis əməkdaşlarının nəzarəti altında oyuna baxacaqlar.
FIFA mövqeyindən çəkilməyəcək
“Amnesty International” insan haqları qrupu bunu “simvolik rəqəm” və “reklam fəndi” adlandırıb, axı, stadionun tutumu 80 min nəfərə yaxındır.
Bu məsələ Sahar Khodayari adlı qadın azarkeşin özünü yandıraraq həlak olmasından sonra beynəlxalq ictimaiyyətin diqqətini daha çox cəlb elədi. Favorit komandasının şərəfinə “Mavi qız” ləqəbli xanım kişi libasında stadiona girmək istəyəndə yaxalanmışdı. O, sentyabrda məhkəmə qarşısında özünü yandırdı, ayın 9-da vəfat etdi.
FIFA 2022-ci il Dünya Kubokunun təsnifat oyunlarına qadınları buraxmaqdan ötrü İrana təzyiq göstərir. Qurum bildirib ki, qadınların İranda futbol matçlarının hamısına buraxılmasını təmin etmək üçün “mövqeyindən çəkilməyəcək”.
“Söhbət yalnız bir oyundan getmir. Bundan gözümüzü çəkməyəcəyik”, – FIFA-nın təhsil və sosial məsuliyyət üzrə başçısı Joyce Cook oktyabrın 9-da BBC-yə deyib.
Amnesty International təşkilatından Philip Luther isə bəyanatında bildirib ki, təsnifat oyununa yalnız 3 min 500 qadının buraxılması “hakimiyyətin sinik reklam fəndidir, məqsəd Sahar Khodayari-nin faciəvi ölümüylə bağlı qlobal qəzəbdən sonra imicini düzəltməkdir”.