Keçid linkləri

2024, 18 Oktyabr, Cümə, Bakı vaxtı 08:46

Özbəkistan ‘can üstündə olan’ Türk Şurasından nə qazanacaq – Qərb mediası


Türkiyə Prezidenti Recep Tayyip Erdogan (sağda), Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbaev (sağdan ikinci), Azərbaycan Prezidenti İlham Əliyev (solda), Özbəkistan Prezidenti Shavkat Mirziyoev Bakıda, 15 oktyabr, 2019-cu il
Türkiyə Prezidenti Recep Tayyip Erdogan (sağda), Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbaev (sağdan ikinci), Azərbaycan Prezidenti İlham Əliyev (solda), Özbəkistan Prezidenti Shavkat Mirziyoev Bakıda, 15 oktyabr, 2019-cu il

Ötən həftə Bakıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının iclası keçirildi. Özbəkistan şuranın rəsmən 5-ci üzvü seçildi. “Eurasianet.org” portalında David Trilling bu üzvlüyün Özbəkistan üçün nə demək olduğunu araşdırır.

Müəllif qeyd edir ki, 2009-cu ildə yaradılmış, Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın üzv olduğu şuranın məqsədi Türkiyənin Orta Asiya və Qafqazda nüfuzunu dərinləşdirmək idi. Ancaq o vaxtdan Ankara üçün vəziyyət elə də əlverişli olmayıb, həm ölkə iqtisadiyyatı, həm valyutası, həm də regiondakı çəkisi baxımından.

“2009-cu ildə Ankaranın xarici siyasəti qonşularla heç bir problemin olmamasına fokuslanırdı. Ancaq indi Türkiyənin hər yerdə problemi var. Türk Şurasının illik toplantıları isə avtoritarların çeynənmiş ifadələr səsləndirməsi, fotolar çəkdirməsi üçün bir fürsətə çevrilib”, – müəllif yazır.

Məqalədə ötən 10 ilin elə bir iqtisadi nikbinlik yaratmadığı vurğulanır. Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən demək olar ki, Azərbaycanla Qazaxıstan Türkiyə ilə bu şura yaradılmazdan öncə daha çox ticarət edirdi.

Qarşılıqlı ticarətdə durğunluq var

Türk Şurasının üzvləri arasında ticarətdə durğunluq yaranıb. Bircə Qırğızıstanın blokla ticarəti nisbətən artıb, 2008-ci ildə 13, 2018-ci ildə 15 faiz olub. Türkiyə Azərbaycanla Qırğızıstanı nisbətən özünə tərəf çəkə bilsə də, Qazaxıstan bundan kənar qalıb. Müəllif blok daxilində də ticarətin dollar ekvivalenti ilə ümumilikdə azaldığını yazır. Ümumi ticarət dövriyyəsi ilkin illərdə artsa da, hazırda 2009-cu ildən qabaqkı səviyyəyə düşüb.

“Əhalisinə görə Türkiyədən sonra ikinci yeri tutan Özbəkistanı cəlb etməklə Türk Şurasının populyarlığı artır. Özbəkistan sürətlə əlaqələr yaradır, yaxın-uzaq ölkələrlə razılaşmalar, investisiya əldə etmək istəyir. Şuranın Özbəkistana nə təklif edəcəyi aydın deyil, ancaq üzvlük ölkəyə ziyan vurmamalıdır”, – yazan müəllif Vaşinqtonla Moskvanın da Daşkəndin nazını çəkdiyini vurğulayır və sonuncunun ölçülü-biçili addım atacağını qeyd edir.

“Ankara və Vaşinqton arasında gərginliyi nəzərə alsaq, indi Türkiyənin arxasında cərgələnmək üçün yaxşı vaxt deyil. Heç fikri-zikri başqa yerdə olan Ankara da Orta Asiyaya böyük diqqət ayırmaq iqtidarında olmaya bilər”, – Vaşinqtondakı Karnegi Fondunun əməkdaşı Paul Stronski tvitində yazıb.

Qeyd edək ki, Türkiyənin Suriyada kürd silahlılara qarşı əməliyyat başlaması regionda gərginliyi artırıb, ötən həftə ABŞ-ın yüksək səviyyəli nümayəndə heyətinin səfərindən sonra Suriyada beşgünlük atəşkəs əldə olunduğu açıqlanıb.

XS
SM
MD
LG