Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:14

Avropa Komissiyasını Azərbaycanla danışıqları dayandırmağa çağırırlar


Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov və AB təmsilçisi Federica Mogherini (sağda), arxiv fotosu
Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov və AB təmsilçisi Federica Mogherini (sağda), arxiv fotosu

Avropa Parlamentində təmsil olunan Sosial-demokratlar qrupu Bakıdakı son etiraz aksiyalarının dağıdılması ilə bağlı bəyanat yayıb. Qrup Avropa Komissiyasını Azərbaycan hakimiyyəti ilə əməkdaşlıq sazişi üzrə danışıqları dayandırmağa çağırıb.

Qurum bəyanatda bildirir ki, ötən həftəsonu hakimiyyət müxalifətin və vətəndaş cəmiyyəti fəallarının gender zorakılığına etiraz aksiyalarını dağıdıb. AXCP lideri Əli Kərimli daxil olmaqla onlarla iştirakçı saxlanıb, döyülüb.

Sosial-demokratlar qrupunda xarici işlər üzrə vitse-prezident Kati Piri deyib ki, son divantutma Əliyev rejiminin ifadə və sərbəst toplaşma azadlığı kimi konstitusion hüquqlara həqarətini göstərir:

“Üstəlik, bu dəfə zorakılıq müxalifət və vətəndaş cəmiyyəti fəallarına qarşı dövlətin idarəçiliyi ilə qarayaxma kampaniyası ilə müşahidə olunub, peşəkar vəzifəsini yerinə yetirən AB diplomatlarına görünməmiş hücum olunub”.

Qrupun xarici işlər üzrə koordinatoru Tonino Picula isə AB-nin xarici siyasət üzrə təmsilçisi Federica Mogherini-ni və Avropa Komissiyasını Azərbaycanla yeni razılaşma üzrə danışıqları təxirə salmağa, Azərbaycan hökumətinin fundamental hüquqlara tam sayqı göstərməsini gözləməyə çağırıb.

“Azərbaycan hakimiyyəti sərbəst toplaşma azadlığına hörmət etməli, vətəndaş cəmiyyətini dağıtmağı dayandırmalı, həbsdə qalan dinc etirazçıları, insan haqları fəallarını və siyasi məhbusları azadlığa buraxmalıdır”, – parlamentari deyib.

Xatırlatma

Demokratik Qüvvələrin Milli Şurası oktyabrın 19-da keçirilmiş aksiyası zamanı və həmin ərəfədə saxlanan fəallardan 29 nəfərinə inzibati həbs cəzası verildiyini açıqlayıb.

Milli Şura oktyabrın 19-da Bakıda etiraz aksiyası keçirməyə cəhdlər göstərib. Həmin aksiya Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmayıb. Polis aksiyanın qarşısını alıb, onlarla şəxs saxlanıb. Aksiya öncəsi Bakı metrosunun 3 stansiyasına giriş qapadılıb, şəhərin mərkəzində internetdə kəsintilər yaranıb.

AXCP sədri Əli Kərimli saxlanarkən zorakılıqla üzləşdiyini deyib. Ancaq Baş Prokurorluq oktyabrın 21-də yaydığı bəyanatda onun dediklərini təkzib edib, Kərimlinin saxlanan zaman polis əməkdaşlarına müqavimət göstərdiyini, hətta ikisinə xəsarət yetirdiyini, baş nahiyəsini avtobusun dəmir barmaqlıqlı qapısına vurduğunu deyib.

Hakimiyyət rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar siyasi məhbus sayılan şəxslərin məhz törətdikləri əmələ görə cəzalandırıldığını vurğulayırlar.

Hakimiyyət orqanları aksiyayla bağlı beynəlxalq tənqidləri də rədd edib. Avropa Birliyi, ABŞ-ın Azərbaycandakı səfirliyi, Avropa Şurasının insan haqları komissarı aksiyada saxlananları buraxmağa, polisin davranışını araşdırmağa çağırıb. Hökumətyönlü deputatlar isə deyirlər ki, polis əksinə, təmkinli davranıb, asayişi bərpa etməyə çalışıb.

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir. Azərbaycanla tərəfdaşlıq sazişinin imzalanması ilə bağlı danışıqlar 2017-ci ilin əvvəlindən başlayıb. Ancaq hələlik, tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb.

XS
SM
MD
LG