Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:13

Türkiyənin Rusiyadan daha çox S-400 ala biləcəyi xəbər verilir


S-400 sistemi
S-400 sistemi

Rusiyanın dövlət silah ixracatçısı Rosoboronoexport-un verdiyi məlumata görə Türkiyə Vaşinqtonun dəfələrlə səslənən xəbərdarlıqlarına baxmayaraq Moskvadan daha çox S-400 raketdən müdafiə sistemləri alınması məsələsini müzakirə edir.

Rosoboronexport şirkətinin rəhbəri Aleksandr Mikheyev Rusiyanın Interfax xəbər agentliyinə deyib ki, iki tərəf alış-verişin maliyyələşdirilməsini və “çatdırılma cədvəlini” müzakirə edir.

Mikheyev bundan artıq detallara varmayıb.

NATO üzvü olan Türkiyə S-400 sistemlərinin ilk dəstini Rusiydan iyul ayında alıb.

Bu, ABŞ-ın Türkiyəni F-35 qırıcı təyyarə proqramından xaric etməsi ilə nəticələnib.

Birləşmiş Ştatlar narahatdır ki, Türkiyənin Rusiyadan aldığı S-400 raketləri ilə yanaşı F-35 qırıcılarından istifadə etməsi bu supermüasir təyyarələrin bir sıra həssas sirlərini Moskvanın öyrənməsinə səbəb ola bilərdi.

Bu xəbərdən bir gün əvvəl Rusiyanın Soçi şəhərində prezident Vladimir Putinlə danışıqlar aparan Türkiyə lideri Recep Tayyip Erdoğan demişdi ki, Moskva və Ankara müdafiə sahəsindəkli əməkdaşlığı davam etdirəcəklər.

Erdoğan demişdi ki, “S-400-lə bağlı iş davam edir və müdafiə sənayeləri arasında əməkdaşlıq da davam etdiriləcək”.

Sözü gedən görüş zamanı Putin və Erdoğan bəyan ediblər ki, onlar Suriyanın şimal sərhədi bölgələrindən kürd silahlıların çıxarılması və orada müştərək patrul keşiyi çəkilməsi barədə razılığa gəliblər.

Bu razılaşma Rusiya və Türkiyənin Suriyada əsas oyunçular kimi rollarını möhkəmləndirib.

Bundan əvvəl ABŞ prezidenti Donald Trump ABŞ qüvvələrinin Suriyadan çıxarılmasına əmr verib.

XS
SM
MD
LG