Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:23

NATO-nun iclasında Türkiyə təklənib və tənqid edilib


Türkiyənin müdafiə naziri Hulusi Akar
Türkiyənin müdafiə naziri Hulusi Akar

NATO müdafiə nazirlərinin oktyabrın 24-də Brüsseldə keçirilən iclasında Türkiyə Suriyanın şimalına müdaxilə etdiyinə görə son dərəcə kəskin tənqidlə üzləşib.

ABŞ müdafiıə naziri Mark Esper Türkiyənin oktyabrın 9-da başlanmış hücum əməliyyatını “özbaşınalıq” adlandırıb.

Bununla belə, NATO nazirləri strateji muttəfiq Türkiyənin cəzalandırılması üçün heç nə edə bilməyəcəklərinə işarə ediblər.

Brüsseldə keçirilən mətbuat konfransında Esper deyib ki, “Türkiyə bizi son dərəcə pis vəziyyətdə qoyub”.

O əlavə edib ki, Ankara “yanlış yoldadır”. Amerika naziri deyib:

“Biz onların Qərb orbitindən daha çox Rusiyanın orbitinə yuvarlandırlarını görürük. Mən düşünürəm ki, bu, son dərəcə kədərlidir”.

Türkiyəni tənqid edənlərin əksəriyyəti Ankaranın hərəkətlərinin regional sabitliyi sarsıda biləcəyini, İslam Dövləti ekstremist təşkilatı ilə mübarizədə əldə olunmuş nailiyyətlərin yerə vurulacağını deyirdilər.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan və Rusiya lideri Vladimir Putin arasında oktyabrın 22-də əldə olunmuş razılaşmaya görə kürd qüvvələri Suriyanın Türkiyə ilə həmsərhəd bölgələrindən çəkilməlidirlər.

Bu məqsədlə bundan əvvəl Vaşinqtonun vasitəçiliyi ilə əldə olunmuş atəşkəsin müddəti daha 6 gün uzadılıb.

Birləşmiş Ştatlar oktyabrın 23-də Türkiyə üzərindəki bütün sanksiyaların qaldırıldığını bəyan edib.

Bu sanksiyalar Ankara üzərinə Suriya kürdlərinə qarşı hücuma görə qoyulmuşdu. Suriya kürdləri İslam Dövləti ekstremist təşkilatı ilə mübarizədə ABŞ hərbiyyəsinin əsas müttəfiqi idi.

NATO-nun baş katibi Jens Stoltenberg müzakirələrin “səmimi və açıq” olduğunu deyib.

Lakin müşahidəçilər bu ifadəni “ciddi ixtilafın yumşaldılmasına cəhd” kimi qiymətləndiriblər.

Stoltenberg deyib ki, “biz belə fikir ixtilaflarını əvvəllər də görmüşük və buna üstün gəlmişik”.

Almaniya Suriyanın Türkiyənin nəzarətində olan həmsərhəd bölgəsinə beynəlxalq hərbi qüvvənin yeridilməsini təklif edib.

Lakin Belçikanın müdafiə naziri Didier Reynders və bir sıra başqa nazirlər belə bir addımın həyata keçirilməsinin çətinliyini qeyd ediblər.

Onlar deyiblər ki, “indi oradakı vəziyyət tamamilə fərqlidir”.

Suriyadakı kürd qüvvələrinin komandanı Mazloum Abdi Almaniyanın təşəbbüsünü alqışlayıb və jurnalistlərə deyib ki, “biz bununla razıyıq və bunu tələb edirik”.

Bütün bunlardan başqa Almaniyanın təklifinin həyata keçirilməsi üçün BMT-nin mandatı lazım gələcək.

Stoltenberg ötən həftə Türkiyə və ABŞ arasında razılaşmadan sonra hazırda Suriyanın şimalındakı zorakılığın əhəmiyyətli dərəcədə səngiməsini təqdir edib.

Bununla belə o xəbərdarlıq edib ki, Moskva-Ankara sazişinin nəticələri barədə fikir söyləmək “çox tezdir”.

***

Oktyabrın 24-də NATO-nun müdafiə nazirləri Brüsseldə görüşüb. İkigünlük danışıqlar Türkiyənin Suriyanın şimal-şərqində hərbi əməliyyat apardığı dönəmə düşür.

NATO üzvü Türkiyənin əməliyyatını bir çox müttəfiqlər sərt tənqid edib, onun regionda sabitliyi zərbə altında qoyacağından narahatlıq bildirib.

“Suriyanın şimalındakı durumla bağlı NATO müttəfiqləri arasında ziddiyyətlər var”, – hərbi alyansın baş katibi Jens Stoltenberg Brüssel toplantısından öncə deyib.

Bir gün öncə Moskva və Ankaranın əldə etdiyi razılaşmaya əsasən kürd qüvvələri Suriyanın Türkiyəylə sərhədindən uzaq duracaq. Regionda Vaşinqtonun vasitəçiliyi ilə əldə olunmuş beşgünlük atəşkəsin müddəti də uzadılıb.

Brüssel danışıqlarından öncə Stoltenberg deyib ki, Suriyada son baş verənlər “diplomatik həllin vacibliyini göstərir”.

NATO liderləri dekabrda Londonda görüşməlidir.

XS
SM
MD
LG