Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:23

Yazılan və yazılmayan sərbəst toplaşmaq azadlığı...


Çevik Polis Alayı
Çevik Polis Alayı

Son vaxtlar müxalifətlə hakimiyyət arasında «Sərbəst toplaşmaq azadlığı haqqında» Qanunun tətbiqi ilə bağlı gərginlik yaşanır.

Müxalifətə görə, icra hakimiyyətinə xəbərdarlıq etməklə aksiya keçirmək olar. Üstəlik, onlar hesab edirlər ki, icra hakimiyyəti onların göstərdiyi yerlərdə aksiyanı münasib saymırsa, başqa adekvat yerlər təklif olunmalıdır.

İcra hakimiyyəti isə göstərilən yerləri təhlükəsizlik və başqa amilləri səbəb gətirərək münasib saymır, müxalifətə yalnız Bakının mərkəzindən kənarda yer təklif edir. Polis də, öz növbəsində, icra hakimiyyəti ilə razılaşdırılmayan aksiyalara imkan vermir.

Nəticədə Milli Şura oktyabrın 19-da Bakıda razılaşdırılmamış aksiyaya cəhdlər etdi, saxlananlar, inzibati qaydada həbs edilənlər oldu.

Milli Şura indi də yenidən aksiya keçirmək niyyətindədir.

F.Mustafa
F.Mustafa

«Dövlətin təhlükəsizliyi, insanların sağlamlığı, asayişin qorunması...»

Parlamentdə təmsil olunan Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyir ki, hüquqi tənzimləmə olmadan «Sərbəst toplaşmaq azadlığı haqqında» Qanunu yerinə yetirmək mümkün deyil.

F.Mustafa hesab edir ki, əslində hakimiyyət hər bir rayonda aksiya keçirilməsi üçün müəyyən yerlər ayırmalıdır: «Yer ayrılmalıdır ki, xəbərdarlıq olunaraq həmin yerdə aksiya keçirilsin. Bunun üzərində durmaq lazımdır ki, hakimiyyət konkret yer ayırsın. Amma «icazəsiz aksiya keçirəcəyəm» deyə də bir qayda yoxdur. Dövlətin təhlükəsizliyi, insanların sağlamlığı, asayişin qorunması bilavasitə hakimiyyətin borcudur. Məncə, hər iki tərəfdən müəyyən addımların atılmasında xeyir ola bilər».

F.Mustafaya görə, bütün hallarda razılaşdırılmamış mitinqin keçirilməsi asayişin pozulması deməkdir. Onun fikrincə, bu, ölkədə qarşıdurma yaranması deməkdir və buna yol vermək olmaz.

Əslində, bir neçə il əvvəl BŞİH paytaxtın hər bir rayonunda toplantıların keçirilməsi üçün münasib saydığı qapalı və açıq yerlərin siyahısını yayıb.

Milli Şura təmsilçiləri də deyirlər ki, belə olan halda onların yalnız Lökbatan qəsəbəsinə göndərilməsi düzgün deyil.

V.Məhərrəmov
V.Məhərrəmov

«Qeyri-qanuni olan məmurun müraciətə verdiyi cavablardır»

Milli Şuranın Koordinasiya Mərkəzinin (KM) üzvü Vahid Məhərrəmov AzadlıqRadiosuna vurğulayıb ki, Konstitusiyanın 49-cu maddəsində sərbəst toplaşmaq hüququ tanınır: «İnsanların sərbəst toplaşmaq hüququ var. Qayda-qanunda hər hansı problem yoxdur. Hökumət də Bakı şəhərində bir çox yerlərlə bağlı siyahı hazırlayıb ki, həmin yerlərdə insanların mitinq keçirmək hüququnu tanıyır».

V.Məhərrəmov hesab edir ki, qanunlardan fərqli olaraq, məmurlar insanların sərbəst toplaşmaq azadlığının tanınmasından yayınırlar:


«Qeyri-qanuni olan məmurun müraciətə verdiyi cavablardır. Alternativ kimi daha uzaqda yerləşən məkan təklif edilir».

Qanunda yazılanlar ....

«Hüquq və İnkişaf» İctimai Birliyinin sədri, hüquqşünas Hafiz Həsənov deyir ki, «Sərbəst toplaşmaq azadlığı haqqında» Qanun qəbul edilməmiş mənzərə bir qədər fərqli idi.

Bu qanun 1998-ci ildə qəbul edilib və sonradan ona bir çox dəyişikliklər edilib.

H.Həsənov
H.Həsənov

«Bu baxımdan hesab edirəm ki, «Sərbəst toplaşmaq azadlığı haqqında» Qanunun özündən gələn xeyli problemlər var. Bunlardan biri müraciətlərə verilən cavablardır. İcra qurumları qanunda dolayısı ilə də olsa, əsaslar tapır ki, müraciətlərə belə cavab verirlər. Bu halda belə, hesab etmirəm ki, icra hakimiyyətinin cavabları hüquqa əsaslanır», -hüquqşünas vurğulayır.

H.Həsənov deyir ki, qanunun özündə toplantı yerlərinin müəyyən olunması, yerlərin seçilməsi, aksiyanın hökumət idarələrindən 300 metr aralıda keçirilməsi kimi məhdudiyyətlər var. Amma onun vurğulamasına görə, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalarda belə məhdudiyyətlər yoxdur.

Hüquqşünasa görə, qanunda toplantılarla bağlı «razılaşdırılma» ifadəsi işlənsə də, əslində icra qurumu bunu icazə formasına salıb: «Bunun əsassız olmasına dair Avropa İnsan Haqları Məhkəməsinə şikayətlər də olub...».

XS
SM
MD
LG