Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:23

ABŞ-ın Suriyada qalması hansı hüquqa söykənir – Qərb mediası


Suriyada ABŞ əsgəri
Suriyada ABŞ əsgəri

“The Daily Beast” portalında Christopher Dickey ABŞ Prezidenti Donald Trump administrasiyasının Suriyanın şimal-şərqindən çıxandan sonra oradakı neft yataqlarını qorumaq planlarından söz açır. Müəllifin fikrincə, Trump administrasiyasının aşkar siyasəti suriyalı və rusiyalıları həmin neft-qaz yataqları üçün qanla deyil, pulla ödəniş etməsinə nail olmaqdır.

Bu ayın əvvəlində Trump Suriyanın həmin hissəsindəki hərbçiləri çıxarmaq qərarını açıqlayandan sonra Türkiyə orada kürd silahlı birləşmələrinə qarşı əməliyyata başladı. Ancaq bir müddətdən sonra bir qrup ABŞ hərbçisi neft-qaz yataqlarını qorumaqdan ötrü geri qaytarıldı. “Trump-ın keçən həftə dediyi kimi, Yaxın Şərq torpağı qan ləkələri ilə dolu ola bilər. Ancaq orası həm də nefti canına çəkmiş torpaqdır. Trump həmin yataqları əlində saxlamaqla qazanc əldə etməyi düşünür və bunu dilə gətirir”, – müəllif yazır və hüququn aliliyi sarıdan narahat olan istənilən hökumət üçün belə bir addımı ağlasığmaz sayır.

İstefada olan general Barry McCaffrey Twitter-də qəzəblə yazıb: “BİZ NƏYƏ ÇEVRİLİRİK... PİRATLARA? İŞİD məğlub edilibsə, bizim qalmağımıza Konqresin icazəsi yoxdur. Neft Suriyaya məxsusdur”.

“Qanunsuz siyasətin kulminasiyası”

Notr Dam Universitetində beynəlxalq hüquq üzrə professor, əvvəllər neft firmalarında hüquq müşaviri kimi çalışmış Mary Ellen O’Connell deyib ki, ABŞ-ın Suriyanın şimal-şərqində neft yataqlarını qoruması “qanunsuz siyasətin kulminasiyasıdır, beynəlxalq məsələlərdə qeyri-məhdud zorakılığa qapını açıq saxlayır”.

Trump administrasiyası qərarını bir neçə səbəblə izah edir: Birincisi, İŞİD-in həmin yataqları ələ keçirməsini önləməkdir. Ancaq müşahidəçilər sual edə bilərlər ki, İŞİD Trump-ın aylarla elan etdiyi kimi tamamilə məğlub edilmişdisə, bu əndişəyə səbəb nədir?

İkinci səbəb kimi kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinə kömək göstərmək olduğu deyilir. Halbuki Trump bu ayın əvvəlində onlara “xəyanət etdi”, tənqidçiləri belə deyirlər.

Professor O’Connell deyir ki, ABŞ-ın Assad hökumətinin razılığı olmadan Suriyada neft çıxarıb satmasına hüquqi əsas yoxdur. Müəllif elə 2014-cü ildə ABŞ Suriyada hərbi əməliyyatlara başlayandan bunu hüquqi baxımdan əsaslandırılmamış olduğunu yazır. “İndi orada fəaliyyəti davam etdirməyə rəsmi razılaşma lazımdır, bu isə baş verməyəcək”, – məqalədə deyilir.

“Exxon üçün müşavirlik etsəydim onlara deyərdim ki, münaqişə, zorakılıq zonasına getməsinlər”, – O’Connell deyir. Professorun fikrincə, Amerika şirkətlərinin Suriya neftiylə bağlı imzaladığı kontraktlar “şirkətin öz reputasiyasına zərbə vura bilər”.

XS
SM
MD
LG