Putinizm dövründə Rusiyanı idarə edən azlıq ölkəni yalnız özlərinə tam bəlli hədəfə doğru aparır. Məqsədin necəliyindən asılı olmayaraq, nə hüququn aliliyi, nə də Rusiya xalqının ümidləri onunla ayaqlaşır. “Project Syndicate” portalında Dmitry Oreshkin yazır ki, “putinizm” qərbdə çoxdanın müzakirə mövzusudur, Rusiya Prezidenti Vladimir Putinin siyasət və metodlarını əhatələyən bu termin özündə qorxu və narazılığı da birləşdirir. “Ancaq Rusiyanın hakim elitası putinizmi kompleks və cəlbedici ideologiya hesab edir, hətta adından da uzunömürlü ola bilər”, – müəllif yazır və bu ideologiyanın prezidentdən çox onun yaxın köməkçisi olan Vladislav Surkov-un beyninin məhsulu hesab edir.
“Siloviklərin dominantlığı”
Surkovu Kremlin baş “ideoloqu” adlandıran müəllif onun bu yaxınlarda putinizmi “bütün sosial innovasiyaları və məhsuldar ziddiyyətləri ilə gündəlik funksional ideologiya” adlandırdığını yada salır. Surkovun mövqeyincə, rusiyalılara Qərbdəki demokratiya lazım deyil, çünki Putinin qurduğu sistem xalqını, onun ehtiyaclarını, arzu və məqsədlərini anlayır, hətta özlərinin dərk etdiklərindən də artıq.
“Putinizm təkcə siloviklərə davamlı dominantıq təmin etmir, hər hansı hesabatlılığı də istisna edir. Yalnız hakim sinif Rusiyanın ali məqsədini anlaya bildiyi kimi, yalnız onun üzvləri də perfomansı dəyərləndirə bilər. Həmkarlarının nə zaman işdən çıxarılması, yaxud əvəzlənməsinə onlar qərar verirlər, ölkənin əmək daxil resurslarından istifadəyə də. İqtisadi artımı gücləndirmək, həyat standartlarını qaldırmaq, yaxud ideokratiyanı möhkəmləndirmək də onlarlıqdır”, – yazan müəllifin fikrincə, əhali məsələn, real gəlirlərində azalmanı vacib, hətta qəhrəmanlıq qurbanı hesab etməlidirlər. Liderləri onların pensiyalarını oğurlayır, yaxud seçkini saxtalaşdırırsa, bunun ali məqsəd naminə görüldüyünü təxmin etməlidirlər. Bu məntiqlə, hökumətdən insan haqlarına sayqı tələb etmək üsyana bərabərdir.
Putinə Nobel mükafatı?
“The Daily Beast” portalında Anna Nemtsova isə yazır ki, Moskvada Putinin namizədliyini Nobel sülh Mükafatına irəli sürməyi təklif edirlər. Ola bilsin, Rusiyadan kənarda yaşayanlar bu söhbətə inanmasın, düşünsünlər ki, keçmiş KGB zabitinin dosyesi necə hazırlanacaq? Prezidentliyinin ilk illərində 2-ci Çeçenistan Müharibəsində baş verənlər, yaxud Gürcüstanın separatçı regionlarına dəstək oraya salınacaqmı? Ukraynanın Krım vilayətinin ilhaqı, şərqində separatçılara dəstək necə?
Rusiya-Türkiyə İctimai Forumunun Baş katibi Sergey Markov portala deyib ki, bu nüfuzlu mükafata Putin-dən yaxşı namizəd yoxdur.
“Rusiyanın bir çox dövlət xadimləri inanırlar ki, Prezident Putin 2014-cü ildə Ukraynada böhran zamanı dünyanı nüvə müharibəsindən xilas etdiyinə – Rusiya qüvvələrini (Ukraynanın) ruslarla dolu Xarkov, Dnepropetrovsk şəhərlərinə yerləşdirmədiyinə görə Nobel Sülh Mükafatına layiqdir”, – Markov vurğulayıb.
“Əlbəttə, Putinə Türkiyə-kürd münaqişəsinin həllinə görə də mükafat verilməlidir, bu münaqişədə minlərlə adam ölüb”, – Markov əlavə edib.
Müəllif yazır ki, Putin tərəfdarları məhz onun Türkiyə Prezidenti Recep Tayyip Erdogan ilə razılaşma nəticəsində Suriyanın şimalında atəşkəsə nail olduğunu düşünürlər. Bundan öncə isə ABŞ-ın vasitəçiliyi ilə atəşkəs elan olunmuş, Türkiyə kürd qüvvələrə qarşı əməliyyatı dayandırmışdı.