Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:31

Consonun müşavirinin Rusiyayla hansı əlaqələri olub – Qərb mediası


Boris Conson
Boris Conson

Böyük Britaniya Baş naziri Boris Consonun (Boris Johnson) aparıcı müşavirinin Rusiyayla əlaqələri diqqət mərkəzinə gəlib, onun barəsində informasiya sızdırılıb.

Kölgə kabinetinin xarici işlər naziri Emili Tornberri (Emily Thornberry) deyib ki, rəsmi səviyyəli şəxs Leyboristlər Partiyası ilə əlaqə saxlayaraq Dominik Kamminqsin (Dominic Cummings) Rusiyayla, “siyasət, kəşfiyyat və təhlükəsizlik” sahəsində işləyənlərlə əlaqələri haqda “ciddi narahatlığını” dilə gətirib.

Tornberri hökumətdən soruşub ki, Kamminqsə baş nazirin aparıcı müşaviri kimi həssas informasiyaya çıxış verilərkən onun barəsindəki informasiya hərtərəfli yoxlanıbmı. Bu haqda Britaniyanın xəbər agentlikləri yazır.

Conson Breksit kampaniyasının memarlarından olan Kamminqsi iyulda baş müşaviri təyin edib. O, universitet təhsilini bitirəndən sonra 1994-1997-ci illərdə Rusiyada 3 il keçirib. O, Oksford Universitetində qədim və müasir tarix oxuyub.

Kamminqs ilk dəfə “Sunday Times” qəzetinin xəbər verdiyi bu məktuba şərh verməyib.

“The Guardian” qəzeti yazır ki, Tornberri Xarici işlər naziri Dominik Raaba (Dominic Raab) məktubunda kölgə nazirlərin xəbərçinin səsləndirdiyi iddiaların doğruluğunu iddia etmədiyini də qeyd edir. Məktubda müşavirin yüksək səviyyədə yoxlamada keçdiyi güman edilir.

Hökumət isə “fərdlərin təhlükəsizlik yoxlaması barədə şərh verilmədiyini” bildirib. Qəzet Dauninq Stritdən də açıqlama ala bilməyib.

Hökumətə suallar

Məktubda Kamminqs barədə bir sıra suallar verilir: Onun Oksford Universitetinin akademikləri ilə hansı münasibətləri olub, postsovet Rusiyasının hökumətinə dəstəyi müzakirə ediblərmi? Kamminqs Rusiyada işlədiyi 3 il barədə sorğu sual olunubmu, onun Rusiya siyasəti, kəşfiyyat və təhlükəsizliyi xadimləri ilə münasibətlərinə dair sual verilibmi? Kamminqs Rusiyanın Mühafizəkar Dostları qrupunun üzvləri ilə münasibətləri üzrə dindirilibmi?

Məktub eyni zamanda ölkənin kəşfiyyat qurumlarının rəhbərlərinə, kəşfiyyat və təhlükəsizlik komitəsinin sədri Dominik Qrivə (Dominic Grieve) də göndərilib.

Qriv ötən həftə baş naziri ittiham edib ki, komitənin Rusiyanın Britaniya siyasətinə, 2016-cı ildə AB-dən çıxmaqla bağlı referenduma müdaxiləsi üzrə hesabatın açıqlamasını əngəlləyir. Conson oktyabrın 31-dən 50 səhifəlik dosyenin dərcini təsdiqləməliydi. İndi onun növbədənkənar parlament seçkisindən öncə dərcinin qarşısının alınacağı riski yaranıb.

Dosyedə Rusiyadan pulun Britaniya siyasətinə, özəlliklə Mühafizəkar Partiyasına axması iddiaları araşdırılır. 2016-cı ildə ölkənin AB-dən çıxmasını – Breksiti dəstəkləmək məqsədilə Rusiyanın böyük nüfuz əməliyyatı apardığı da iddia olunur.

Kamminqs Breksit kampaniyasının direktoru, Brekstə rəsmi “Vote Leave” dəstək kampaniyasının həmtəsisçisi idi. Bu kampaniyanın 7 milyon funt-sterlinqlik xərcləmə limitini aşmaqla qanunu pozduğu aşkarlanmışdı. “Vote Leave” cərimələnib, polisə müraciət olunub. Ötən həftə polis prokurorlara ilkin araşdırmasını təqdim edib.

XS
SM
MD
LG