“Miqyasına və mürəkkəbliyinə baxmayaraq, xəbər mediasındakı böhranı cilovlamaq mümkündür. Bundan ötrü dünyanın zəngin demokratiyaları xarici və təhlükəsizlik siyasəti, beynəlxalq inkişafa yardımla peşəkar və müstəqil medianın artımını həvəsləndirməlidir”. “The Project Syndicate” portalında Beynəlxalq Mediaya Yardım Mərkəzinin baş direktoru Mark M.Nelson bu haqda yazır.
Problemlər
Müəllif bu gün dünyanın hər yerində xəbər mediasının böhran keçirdiyini, dinamik azad mətbuatın yaxşı işləyən demokratiya üçün fundamental olmasına baxmayaraq, demokratik hökumətlərin onu qorumaqdan ötrü az iş gördüyünü vurğulayır.
Hazırda qlobal səviyyədə media orqanları biznes modellərini rəqəmsal dövrə uyğunlaşdırmağa çalışırlar. Bu, özəlliklə yerli qəzetlərə aiddir. Reklam gəlirləri azaldığından kütləvi bağlanırlar. Etibarlı yerli nəşrlər azaldığından oxucular daha çox saxta hekayətlərə, sensasiyaya meyllənirlər.
Suriyadan tutmuş Slovakiyaya qədər jurnalistlər təqib olunur, girov götürülür, qanunsuz olaraq saxlanır, işini gördüyünə görə öldürülür. Macarıstanda, Rusiya və Türkiyədə siyasi liderlər və onların zəngin müttəfiqləri xəbər mediasından avtoritar modellərini və biznes maraqlarını yaymaqdan ötrü faydalanırlar.
Tövsiyələr
Müəllif böhranın həllindən ötrü bir neçə təklif irəli sürür. Birincisi xarici və təhlükəsizlik siyasətidir. Demokratik hökumətlər mətbuat azadlığına hücumları tanıyaraq, diplomatik təcridlə, viza verməməklə, birbaşa sanksiyalarla günahkarları beynəlxalq öhdəlikləri yerinə yetirməyə məcbur edə bilər.
İkinci vasitə inkişafa rəsmi yardımdır. 2010-2015-ci illərdə dünyanın zəngin ölkələrinin inkişafa ayırdığı 150 milyard dolların yalnız 0,3 faizi media azadlığına problemlərin aradan qaldırılmasına xərclənib. Müəllif bu göstəricinin 1%-ə yüksəldilməsini vacib sayır.
Onun fikrincə, peşəkar media inkişafı təşkilatları da müəyyən kömək göstərə bilər. Məsələn, yerli medianın xəbər işini gücləndirməsinə, yüksək jurnalist standartları tətbiq etməsinə dəstək verilə bilər. Müəllif donor hökumətləri töhfələrini artırmağa çağırır.
“2-ci dünya müharibəsindən sonra dünyanın demokratik ölkələri onillər boyunca qlobal sülh və sabitliyi dəstəkləyəcək institusional çərçivə yaratdılar. Mövcud media böhranının həllindən ötrü də eyni cəhd göstərilməlidir. Hökumətlər, media təşkilatları, vətəndaşlar birlikdə işləyərək demokratiya və insan inkişafının təməl struktur elementini möhkəmləndirməlidir”, – məqalədə deyilir.