Noyabrın 9-da almaniyalılar Berlin divarının çöküşünün, ölkənin birləşməsinin 30 illiyini qeyd edirlər. “Gallup” sorğu mərkəzi Almaniyanın şərq və qərb hissəsi arasında yeni çatların əlamətlərindən yazır.
Bu gün almaniyalıların çoxu üçün bir çox mənalarda həyat on il öncəkindən daha yaxşıdır. Amma Gallup-un sorğuları proqresin hamar getmədiyini üzə çıxarıb.
2019-cu ildə qərb hissədə yaşayanların 51 faizi həyatlarını yetərincə müsbət qiymətləndirb. Şərqdə isə yalnız 38% belə düşünür. Göründüyü kimi, fərq 13 faizdir. Baxmayaraq ki, həm qərb, həm də şərq hissədə yaşayanlar on il öncəyə nisbətən indi həyatlarını daha müsbət dəyərləndirirlər.
Bu yanaşma müəyyən dərəcədə gəlirlərdəki fərqlə bağlıdır. Almaniyada maaşların qaldırılmasına baxmayaraq, bunun təsiri ölkənin hər yerində eyni dərəcədə hiss olunmayıb. Əvvəlki şərq hissədə yaşayanlar qərbə baxanda indiki gəlirlə daha az komfortla yaşadıqlarını deyiblər.
Rahat yaşamaq, maaş, iş bazarı
Ən yaxın göstəricilər 2018-ci ildə qeydə alınmışdı – şərq hissədə 37%, qərbdə isə 35% rahat yaşadığını demişdi. 2019-cu ildəsə keçmiş şərq hissədə yaşayanların 27, qərbdəkilərin isə 39 faizi indiki gəlirlə rahat həyat sürdüyünü deyib.
Keçmiş şərqdə qiymətlər daha ucuzdur. Amma orada ortalama maaş qərbdəkininin 82 faizi qədərdir.
2009-cu ilin iqtisadi iflasından bəri qərbi almaniyalıların yerli iş bazarıyla bağlı mövqeyi canlanır. Bu il rəyi soruşulan hər üç nəfərdən ikisi öz yerlərində iş tapmaqdan ötrü yaxşı zaman olduğunu deyib.
Şərqdə də bu baxış təkmilləşir, ancaq nisbətən aşağı templə. Bu il şərqi almaniyalıların 53 faizi iş tapmaq üçün yaxşı dövran olduğunu deyib. Ötən il bu göstərici 65% idi.
Almaniyanın birləşməsindən bəri ölkə sakinləri həyatlarında, Almaniyanın dünya lideri kimi yenidən oturuşmasında ciddi irəliləyişlər görüblər. Lakin şərq-qərb fərqi özünü burada da göstərir. Şərqlilərin çoxu düşünür ki, ayaqlaşa bilmirlər, aparıcı siyasi vəzifələrdə, biznesdə yetərincə təmsil olunmurlar. Di gəl, on ildən çoxdur Almaniyanın kansleri məhz “şərqlidir”.
Almaniya iqtisadiyyatının gələcəyi qeyri-müəyyən görünür, artan ticarət müharibələri də o biri yandan təhdid yaradır. Belə bir dönəmdə bu əhval ruhiyyə dəyişəcəkmi? Bu, Angela Merkel-dən sonra ölkə rəhbərliyi üçün nə deməkdir – bunu zaman göstərəcək, “Gallup” yazır.