Rusiya telekanallarının aparıcıları Maksim Qalkinin (Maxim Galkin) senzurayla bağlı dediklərini cavab verirlər. Qalkin Novosibirskdə konsertində deyib ki, Rusiya televiziyasına sovet vaxtları “sözün ən pis mənasında” geri qayıdıb.
“Telekanallara sovet dönəmi qayıdıb. Ən pis mənada, çünki bizə düşünməyə imkan vermirlər. Dərhal başa salmağa çalışırlar – bunlar düşməndirlər, siz buraya, siz o biri tərəfə. Oturub qorxuruq ki, dizləri ilə çənəmizi qırarlar. Ancaq prinsipcə, sizə demək istəyirəm ki, hələlik, heç olmasa, konsertlərdə istədiyini deyə bilirsən”, – Qalkin vurğulayıb.
“Rossiya 1” telekanalında tok-şou aparıcısı Vladimir Solovyov “Gazeta.ru”ya deyib ki, Qalkinin nə haqda danışdığını anlamır. “Bizdə hətta senzuraya yaxın bir şey belə yoxdur – Rusiya qanunvericiliyində də belə nəzərdə tutulub”, – Solovyov deyib.
Onun həmkarı Dmitriy Kiselyov da Rusiya televiziyasında senzuranın olmadığını düşünür. “Bizdə efirdə istədiyini çərənləyə bilərsən”, – deyən aparıcı Qalkinin tez-tez çıxış etdiyi “Dojd” kanalında senzuraya məruz qalması ehtimalını irəli sürüb.
Birinci kanalda “Zaman göstərər” proqramının aparıcısı Artyom Şeynin isə daha kəskin danışıb, deyib ki, sadəcə, Qalkin “xalq artisti adı almağına görə əzab çəkir”. Onun sözlərinə görə, şoumenə bu ad verilsə, “sakitləşər”.
“Bizə özümüzdən danışın!”
Birinci kanalda müəllif proqramının aparıcısı Vladimir Pozner isə Qalkini dəstəkləyib, haqlı olduğunu deyib. “Elə bir kanal yoxdur ki, siyasətdən hər şeyi danışa biləsən”, – deyən Pozner əlavə edib ki, burada gözlənilməz bir şey yoxdur və bunu hamı çoxdan bilir.
O, Ukraynayla bağlı telekanalların verdikləri xəbərlərin təzyiq olduğunu deyib. Qalkin də həmin xəbərləri “informasiya deyil, propaqanda” adlandırmışdı.
Qalkin Novosibirskdə konserti zamanı deyib ki, Rusiya telekanallarının Ukrayna barədə xəbərləri onu təngə gətirib. “Axı, mən Ukraynada yaşamıram. Bizə özümüzdən danışın! Elə bir təəssürat yaranır ki, bizdə hər şey qaydasına düşüb, bircə ukraynalılara kömək etmək qalır!” – o deyib.
Qalkin çıxışında Rusiya Prezidenti Vladimir Putinin “fikrən Marsı zəbt etdiyi”, rusiyalılarla “darıxdığını” söyləyib.
“Putin özü də bizimlə darıxır, başa düşürsüz? Bizim problemlərimiz var, pensiya çatışmır, onu eləmədilər, bunu eləmədilər. O isə başqa miqyasda düşünür. O, fikrən Marsı zəbt edir. Bizsə deyirik ki, 'Oy, bundan sonra necə yaşayarıq?!' O isə deyir ki, 'Dözün, kəmərləri bərkidin'. Hamımız bərkidirik, kimsə kəməri, kimsə boğazını. Hamımız gözləyirik. Çünki o, başqa miqyasda şəxsiyyətdir, həqiqətən”, – şoumen deyib.
Onun çıxışının videosu YouTube şəbəkəsinə noyabrın 3-də yerləşdirilsə də, media ona indi diqqət ayırıb. Videoya yarım milyonadək baxış olduğu bildirilir.