Gürcüstanda ikinci gündür ki, etirazlar davam edir. Bu etirazlar noyabrın 14-də Gürcüstan parlamenti seçki sisteminə dəyişikliyə dair qanun layihəsini rədd etdikdən sonra başlanıb.
Parlamentdəki səsvermədən dərhal sonra minlərlə etirazçı paytaxt Tbilisi və digər şəhərlərin küçələrinə çıxıb.
Müxalifət erkən seçkilərin keçirilməsindən başqa həm də seçkiyədək keçid hökumətinin təşkil edilməsini tələb edir.
Müxalif Vahid Milli Hərəkat partiyasından millət vəkili Salome Samadashvili deyib ki, onların tələbində icra oluna bilməyəcək heç nə yoxdur.
Müxalifətçilər tələb edirlər ki, seçki komissiyaları QHT nümayəndələrindən təşkil edilsin.
Onların fikrincə QHT-lərə ölkədəki siyasi spektrin bütün rəngləri etibar edir.
Hökumət güzəştə gedəcəkmi?
Gürcüstanda müxalifət və QHT sektoru çoxdan bəridir ki, seçki sisteminin dəyişdirilməsini və tamamilə proporsional sistemə keçilməsini tələb edir.
Tənqidçilərin fikrincə majoritar və proporsionaldan ibarət qarışıq sistem iqtidara majoritar dairələrdə dövlət resurslarından istifadə edib qələbə çalmaq imkanı verir.
Gürcüstan Konstitusiyasına görə ölkə tam proporsional seçki sisteminə 2024-cü ildə keçməlidir.
Lakin ötən yay Tbilisidə izdihamlı və zorakı etirazların ardınca hakim Gürcü Arzusu partiyasının lideri, milyarder Bidzina Ivanishvili proporsional sistemə artıq 2020-ci ildə keçiləcəyini vəd etmişdi.
Amma məlum olduğu kimi məhz bu təklifi ehtiva edən qanun layihəsi noyabrın 14-də parlament səsverməsindən keçməyib.
Qanun layihəsinin qəbulu üçün lazım olan 113 səs baryeri aşılmayıb. Bu da bildirilir ki, qanun layihəsinin rədd edilməsində məhz majoritar dairələrdən seçilən deputatlar həlledici rol oynayıblar.
Parlamentdəki uğursuz səsvermə demək olar bütün müxalif qüvvələri sıx birləşdirib. Hakim Gürcü Arzusu fraksiyasının öz daxilində də narazılıq artır. Noyabrın 15-də bu fraksiyanı daha 3 deputat tərk edib.
Ümumilikdə isə son iki gündə hakim fraksiyadan spikerin müavini də daxil 11 deputat çıxıb.
Hakimiyyət hələki müxalifətə güzəştə gedərək erkən seçki elan etməyi planlaşdırmır.
Amma hökumətin opponentləri əmindirlər ki, hakimiyyət belə bir güzəştə getməyə məcbur olacaq, çünki əks halda siyasi böhran daha da dərinləşə bilər.
Sözü gedən qanun layihəsinin parlamentdən keçməməsi ilə bağlı Avropa Şurası, ATƏT, ABŞ Konqresi və Qərb hökumətləri narahatlıqlarını ifadə ediblər.
***
Gürcüstan paytaxtında minlərlə etirazçı ölkə parlamentinin qarşısına toplaşıb.
Onlar parlamentin seçki qanununa dəyişikliyi rədd etməsinə etiraz bildirirlər.
Ölkədə seçkinin proporsional sistemə keçirilməsinə dair qanun dəyişikliyi noyabrın 14-də ilk oxunuşda rədd edilib.
Bu dəyişikliyin parlamentdən keçməsi üçün lazım olan minimum 113 səs baryeri aşılmayıb.
Bunun ardınca Tbilisidə müxalifət tərəfdarları və fəallar etiraz bildirmək üçün parlamentin binası qarşısına toplaşmağa başlayıblar.
Etirazçılar hökumətin istefasını və erkən parlament seçkisinin keçirilməsini tələb edirlər.
Gürcüstanda 2020-ci ildən etibarən seçkinin qarışıq sistemdən proporsional sistemə keçirilməsi ötən iyun və iyulda ölkə boyunca keçirilən izdihamlı nümayişlərin əsas tələbi idi.
O vaxt polisin etirazçılara rezin güllələrlə atəş açması nəticəsində 240 nəfər xəsarət almışdı.
Polis etirazçıların parlament binasına daxil olmasının qarşısını almaq üçün suvuran maşınlardan və gözyaşardıcı qazlardan istifadə etmişdi.
Bundan sonra hakim Gürcü Arzusu partiyasının lideri, milyarder Bidzina Ivanishvili seçki məcəlləsinin islahatına hazır olduğunu bəyan etmişdi.
Noyabrın 14-də isə sözü gedən qanun layihəsinin leyhinə 101 səs verilib. Layihənin qanuna çevrilməsi üçün səs sayının azı 113 olması tələb olunurdu.
Qanun dəyişikliyinin parlamentdən keçmədiyi məlum olduqdan sonra müxalif millət vəkilləri özləri ilə gətirdikləri sirenaları qoşublar.
Parlamentin spikeri Archil Talakvadze deyib ki, 2020-ci ilin parlament seçkisi də qarışıq sistemlə keçiriləcək.
Spiker müavini Tamar Khangoshvili də daxil parlament çoxluğunun üzvləri Gürcü Arzusu koalisiyasından istefa verdikləribni bəyan ediblər.
Digər parlament partiyaları küçə yürüşlərinə çağırıblar.
Gürcüstan parlamenti proporsional sistemə keçidi rədd edir
Gürcüstanda deputatlar proporsional seçki sisteminə keçidlə bağlı konstitusiyaya düzəlişi rədd edirlər. Bunu ötən yayda etiraz aksiyasına çıxanlar tələb edirdilər.
Qanun layihəsi noyabrın 14-də birinci oxunuşda rədd edilib. Layihə tələb olunan minimum 113 səsi yığa bilməyib.
İyun-iyul aylarında küçələrə çıxan minlərlə nümayişçi 2020-ci ildə qarışıq seçki sistemindən proporsional sistemə keçid tələb edirdilər.
Parlamentin qarşısında etiraz edəcəklər
Gürcüstanda parlament çoxluğunun üzvləri, layihənin lehinə səs vermiş spiker müavini Tamar Khangoshvili daxil olmaqla, hakim “Gürcü Arzusu” koalisiyasından istefa verib. Parlamentdəki digər partiyalar isə küçə etirazlarına çağırıb.
Onlarla fəal, müxalifət partiyalarının tərəfdarları noyabrın 14-də parlament binası qarşısında piket keçirərək dəyişiklikləri qəbul etməyə çağırıb. Onlar günün sonuna yaxın səsvermənin nəticəsinə etiraz olaraq parlament qarısında böyük etiraz aksiyası təşkil olunacağını deyiblər.
Parlamentin spikeri Archil Talakvadze iclasdan sonra deyib ki, 2020-ci ildə parlament seçkisi qarışıq sistem üzrə keçiriləcək.
Təklif olunan düzəlişlərə görə, siyasi partiya seçkiyə qeydiyyata alınmaqdan ötrü 5 min imza yığmalıdır. Tərəfdarların siyahısının yoxlanması mexanizminin isə sadələşdirilməsi təklif olunur.
Yaydakı etirazlar zamanı “Gürcü Arzusu”nun lideri, milyarder Bidzina Ivanishvili partiyanın seçki islahatına hazır olduğunu bildirdi. İyunun 20-də start götürən etirazlara Rusiya Dövlət Duması deputatının Gürcüstan parlamentində tədbir zamanı spikerin yerinə keçməsi səbəb olmuşdu.
Parlamentə girməyə çalışan qəzəbli kütləni dağıtmaqdan ötrü polis rezin güllələrə və su şırnaqlarına əl atdı, 240-dan çox adam xəsarət aldı.