Birləşmiş Ştatlarda 13.8 milyon nəfər Konqres demokratlarının prezident Donald Trump-a qarşı impiçment dinləməsinin ilk açıq translyasiyasına tamaşa edib.
Nielsen şirkəti noyabrın 14-də bildirib ki, 10 müxtəlif televiziya kanalı bu dinləməni canlı və ya video yazısı şəklində translyasiya edib.
Televiziya ilə yayımlanan ilk dinləmədə ABŞ-ın vəzifəli diplomatları William Taylor və George Kent ifadə verirdilər.
Bu da vurğulanır ki, impiçment translyasiyasının tamaşaçısı cinsi təcavüzdə ittiham edilən Brett Kavanaugh-nın 2018-ci ildə yayımlanan nominasiya iclasının tamaşaçı sayından az olub.
Həmin dinləməyə 20.4 milyon adam baxmışdı.
Federal Təhqiqatlar Bürosunun keçmiş başçısı James Comey-nin ifadə verməsinə 19.5 milyon nəfər tamaşa etmişdi.
Trump-ın şəxsi vəkili Michael Cohen-in ifadə verməsinə 13.8, ötən iyulda ABŞ xüsusi prokuroru Robert Mueller-in ifadəsinə isə 12.9 milyon nəfər baxmışdı.
Nielsen şirkəti bildirir ki, impiçment araşdırmasına 2.9 milyon nəfər prezident Trump-a rəğbətli Fox News telekanalında baxıb.
Televiziya ilə ikinci impiçment translyasiyası noyabrın 15-də veriləcək.
Bu dinləmədə ABŞ-ın Ukraynadakı keçmiş səfiri Marie Yovanovitch ifadə verməlidir.