ABŞ Milli Təhlükəsizlik Şurasında ABŞ ordusunun nümayəndəsi polkovnik-leytenant Alexander Vindman Konrqresdə aparılan impiçment araşdırmasına ifadə verərkən deyib ki, o prezident Trump-ın iyulun 25-də Ukrayna lideri Zelenskiy ilə iyulun 25-də yer almış telefon söhbətini “nalayiq” hesab edir.
O bu söhbətin milli təhlükəsizlik üçün son dərəcə təhlükəli ola biləcəyindən narahatlığını komanda zənciri ilə ötürdüyünü də deyib.
Ağ Ev Milli Təhlükəsizlik Şurasında Ukrayna üzrə baş müşavir Vindman noyabrın 19-da Nümayəndələr Palatasında demokratların apardığı araşdırmaya ifadəsində deyib ki, “ABŞ vətəndaşının və özünün siyasi opponentinin araşdırılmasını xarici liderdən xahiş etməsi Birləşmiş Ştatların prezidenti üçün nalayiq hərəkətdir”.
Vindman Trump-Zelenskiy söhbətini vəzifəsinin tələbi ilə dinləməli olan rəsmilərdən biridir.
Hazırda Konqresdə aparılan təhqiqatdan məqsəd Trump-ın Ukraynaya hərbi yardım verilməsinin müqabilində Kiyevdən keçmiş vise-prezident Joe Biden-in araşdırılmasını istəməklə öz səlahiyyətlərini aşıb-aşmadığımnı üzə çıxarmaqdır.
Vindman bunu da deyib ki, vəzifəsi ondan bu söhbət barədə narahatlığını Ağ Ev rəhbərliyinə və komanda zəncirində olanlara çatdırmağı tələb edirdi.
Ailəsi ilə birlikdə Sovet İttifaqından körpə yaşında qaçmış Vindman deyib ki, hərbi yardımın müqabilində Kiyevdən siyasi rəqiblərin təhqiq olunmasının tələb edilməsi “bizim Ukrayna siyasətimizi və milli təhlükəsizliyimizi sarsıda bilər”.
Konqresdə keçirilən açıq dinləmələrin ikinci həftəsində ifadə verənlərdən biri də ABŞ vise-prezidenti Mike Pence-in xarici işlər üzrə müşaviri Jennifer Williams idi.
O öz ifadəsində deyib ki, 25 iyul telefon söhbətində “ABŞ-ın daxili siyasət məsələlərin müzakirə olunması ona qəribə görünüb”.
Williams da Trump-Zelenskiy söhbətini dinləyənlərdən biri olub.
Onun ardınca noyabrın 19-da ABŞ-ın Ukraynadakı keçmiş xüsusi elçisi Kurt Volker və Milli Təhlükəsizlik Şurasının Rusiya üzrə keçmiş eksperti Tim Morrison də ifadə verməli idilər.