Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:10

Trump-ın Avropa səfiri ona qarşı ifadə verir


Gordon Sondland
Gordon Sondland

ABŞ-ın Avropa İttifaqındakı səfiri Gordon Sondland deyib ki, o prezident Donald Trump-ın siyasi rəqibi barəsində cinayət təhqiqatına başlanması üçün Ukrayna üzərinə göstərilən təzyiq səyləri barədə Ağ Evə və Dövlət Departamentinə müntəzəm məlumatlar verib.

Səfir bu işdə latınca ifadə olunan "quid pro quo" (əl əli yuyar, əl də üzü) prinsipinin qəti şəkildə mövcud olduğunu bir daha təsdiqləyib.

Noyabrın 20-də Nümayəndələr Palatasında demokratların apardığı impiçment araşdırmasına ifadəsi üçün əvvəlcədən hazırlanmış yazılı qeydlərində Sondland habelə təsdiq edib ki, o, prezident Donald Trump, Ukrayna liderinə keçmiş vise-prezident Joe Biden-ə dair təhqiqata başlanması üçün təzyiq göstərdikdən bir gün sonra prezidentin özü ilə telefonda danışıb.

Sondland deyib ki, o Ukraynadakı fəaliyyətində “prezidentin əmrlərini” yerinə yetirib və habelə Trump-ın şəxsi vəkili Rudy Giuliani ilə birlikdə işləyib.

"Cənab Giuliani tələb edirdi ki, Ukrayna 2016-cı ilin ABŞ seçkisinə Rusiyanın müdaxiləsi barədə yox, əksinə, artıq əsassızlığı ifşa olunmuş Ukrayna müdaxiləsi nəzəriyyəsi barədə təhqiqata başlanması və Ukraynadakı qaz şirkətinin Biden-in oğluna bağlılığı haqqında rəsmi bəyanat yaysın”.

Sondland daha sonra deyib:

"Cənab Giuliani Birləşmiş Ştatlar prezidentinin istəklərini ifadə edirdi və biz bilirdik ki, bu təhqiqatlar prezident üçün çox mühümdür”.

Sondlandın ifadəsi Ağ Evin Ukraynaya göstərilən hərbi yardımın, habelə Ukrayna prezidentinin Vaşinqtona səfərinin Biden-lərə qarşı təhqiqatla bağlı olmadığına dair bəyanatlarını alt-üst edir.

Trump-ın müdafiəçiləri xüsusilə də ortalıqda "quid pro quo" olmadığında israr edirlər.

Sondland əvvəlcədən hazırlanmış giriş bəyanatında qeyd edir ki, Uklraynaya hərbi yardımın təhqiqatlara bağlanması barədə narahatlığını şəxsən vise-prezident Mike Pence-ə bildirib.

Səfir deyib ki, “bu işdə hamı bir-birinə zəncirlə bağlanmışdı və bu, heç kim üçün sirr deyildi”.

Nümayəndələr Palatasında impiçment araşdırmasının açıq dinləmələri dördüncü gündür ki, davam edir.

Millət vəkilləri prezident Trump-ın Ukraynadan özünün siyasi rəqibinə qarşı araşdırma istəməsinin onun öz səlahiyyətlərindən sui-istifadəsi olub-olmadığını araşdırırlar.

Sondland Trump-ın seçki kampaniyasına donorluq etmiş zəngin otelçidir.

Trump özü barədə impiçment araşdırmasını “saxta” və “əcinnə ovu” adlandırır.

Prezident son bəyanatlarında vəzifəyə şəxsən təyin etdiyi Sondlandı “çox az tanıdığını” deyib.

XS
SM
MD
LG