Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:22

Facebook və Google insan haqlarını necə ‘pozur’


Amazon, Apple, Facebook və Google şirkətlərinin loqoları
Amazon, Apple, Facebook və Google şirkətlərinin loqoları

Facebook və Google şirkətlərinin milyardlarla adamı hər yerdə izləməsi insan haqlarına sistematik təhdid yaradır. “Amnesty International” hüquq-müdafiə təşkilatı noyabrın 21-də açıqladığı hesabatında belə bir xəbərdarlıqla çıxış edir və texnologiya nəhənglərini biznes modellərinin mahiyyətini radikal şəkildə dəyişməyə çağırır.

“Ölçüyəgəlməz güc sahibləri”

“Google və Facebook müasir həyatımızda dominantlıq edir – milyardlarla adam barədə şəxsi informasiyanı yığmaqla rəqəmsal dünyada ölçüyəgəlməz gücə sahiblənir... Onların rəqəmsal həyatımıza gizli nəzarəti gizliliyin mahiyyətinə zərbə vurur və eramıza xas insan haqları problemidir”, – Amnesty International-ın Baş katibi Kumi Naidoo deyib.

Google və Facebook, Çini çıxmaqla, dünyanın əksər hissəsində insanların öz hüquqlarını onlayn gerçəkləşdirdiyi platformalara nəzarət edir. Bu platformalar – Facebook, Instagram, Google Search, YouTube, WhatsApp adamların informasiya axtarmasını və paylaşmasını asanlaşdırır, onlar müzakirələr aparırlar, cəmiyyətdə iştirak edirlər.

Google şirkətinin Android sistemi isə dünyada əksər smartfonların aparıcı əməliyyat sistemidir.

Apple, Amazon və Microsoft kimi digər böyük texnologiya şirkətləri isə digər sahələrdə gücə yiyələniblər. Amma yenə də adamların bir-birilə ünsiyyət qurmasında əsas rolu Facebook və Google şirkətlərinin sahibi olduğu platformalar oynayır.

“Texnologiya nəhəngləri bu xidmətləri milyardlarla adama ödənişsiz təklif edirlər. Fərdlər bunun əvəzini gizli şəxsi datası ilə ödəyir, onları vebdə və fiziki dünyada daim izləyirlər, məsələn, bunu bir-birinə bağlı cihazlar vasitəsilə edirlər”, – hesabatda vurğulanır

“Cambridge Analytica” qalmaqalı göstərdi ki...

Amnesty bildirir ki, Google və Facebook-un alqoritmik sistemləri adamlar barədə detallı xarakteristika hazırlamaqdan ötrü nəhəng datanı emal edir, istifadəçilərin onlayn təcrübəsini formalaşdırırlar. Reklamçılar isə bu texnologiya nəhənglərinə pul verərək reklam və spesifik mesajlarla onları hədəfə alırlar.

Bir müddət öncə “Cambridge Analytica” qalmaqalı göstərdi ki, adamlarla manipulyasiya etməkdən ötrü onların datasından necə sui-istifadə oluna bilər. Bu şirkətin ABŞ Prezidenti Donald Trump-ın seçki kampaniyası zamanı Facebook istifadəçilərin məlumatından qanunsuz istifadə etdiyi üzə çıxmışdı.

Amnesty hökumətləri adamları korporasiyaların insan haqları pozuntularından qorumaqdan tədbir görməyə çağırır. Bundan ötrü hökumətlər ilkin addım olaraq qanunlar qəbul etməli, Google və Facebook kimi şirkətlərin xidmətlərinə çıxış fərdlərin datanın yığılması, emalı və paylaşılmasına “razılıq” verməsilə şərtləndirməlidir.

“Google və Facebook daxil şirkətlər harada və necə işləmələrindən asılı olmayaraq insan haqlarına sayqı üçün məsuliyyət daşıyır”, – Amnesty vurğulayır.

Hələlik, Google və Facebook bu hesabata münasibət açıqlamayıblar. İndiyədək bu şirkətlər gizliliklə bağlı müəyyən qüsurları etiraf edib, ancaq bu yöndə təkmilləşməyə çalışdıqlarını bildiriblər.

XS
SM
MD
LG