Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:59

Moskvalıları üztanıma sistemiylə izləməyə icazə verildi


Arxiv fotosu
Arxiv fotosu

Moskvanın Savelov rayon məhkəməsi moskvalıların videokameraların köməyilə, üztanıma texnologiyasından istifadə etməklə izlənməsinə icazə verib, bunun şəxsi həyata müdaxilə olunmadan baş verdiyini bildirib. Bu haqda Rusiyanın “Vedomosti” qəzeti məhkəmənin vətəndaş fəalı Alyona Popovanın iddiası üzrə çıxardığı qərarına əsasən yazır.

Moskva sakini məhkəməyə müraciət edərək videomüşahidə vasitəsilə üztanımanın yasaqlanmasını istəmişdi. Popova hesab edir ki, Moskva hakimiyyətinin hərəkətləri qanunsuzdur, çünki vətəndaşın şəxsiyyətini müəyyənləşdirməyə imkan verən informasiya biometrik məlumatlara aiddir. Bundan başqa, fəalın fikrincə, hakimiyyət Konstitusiyanın şəxsi həyat hüququnu təmin edən maddələrini pozur.

Noyabrın 6-da Moskvanın Savelov məhkəməsi Popovanın iddiasını rədd edib.

2 min kamera quraşdırılıb

Qərarın nəticəsi hissəsi noyabrın 25-də dərc olunub. Həmin hissədə deyilir ki, videomüşahidə sistemi üztanıma texnologiyasından istifadə edir, ancaq şəxsin kimliyini müəyyənləşdirməyə imkan vermir. Sistem videokameraya düşən təsvirlə hüquq-mühafizə orqanlarının təqdim etdiyi fotonu müqayisə edir. Alqoritmlər uyğunluğu 65 faiz səviyyəsində müəyyənləşdirə bilir, bu zaman departamentə şəxsi məlumatlar ötürülmür. Məhkəmə belə qənaətə gəlib ki, videotəsvirlər biometrik şəxsi məlumatlar hesab oluna bilməz.

Moskvada üztanıma texnologiyası 2017-ci ildə işə salınıb. Bu ilin mayından paytaxt meri Sergei Sobyanin şəhərdə 2 min üztanıma funksiyası olan kameranın quraşdırıldığını bildirib. Videonəzarət sistemi işə salınarsa, Moskva Çindən sonra ikinci belə məkana çevrilə bilər.

Moskvanın 2019-cu il büdcəsində şəhərdə videomüşahidə sisteminin quraşdırılmasına 7,5 milyard rubl vəsait nəzərdə tutulub, 6 milyard rubl isə məlumatların emalı mərkəzlərinə xərclənib. Hüquq-mühafizə orqanları və Federal Məhkəmə İcraçıları Xidməti bu kameralara çıxışa malikdir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 4-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən həyətlərə təhlükəsizlik kameralarının quraşdırılmasının vacibliyini vurğulayıb. AzadlıqRadiosu-na danışan siyasilərsə bunda məqsədin “insanları daha çox nəzarət altına almaq” olduğunu deyiblər.

XS
SM
MD
LG