Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 23:27

Çexiyada keçmiş kommunist liderlərə cinayət işi açılıb


Çexoslovakiya Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş baş katibi Miloš Jakeš
Çexoslovakiya Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş baş katibi Miloš Jakeš

Çexiyada Çexoslovakiya Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) keçmiş baş katibi Miloš Jakeš-ə və sosialist Çexoslovakiyası hökumətinin keçmiş başçısı Lubomír Štrougal-a qarşı cinayət işi açılıb.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, keçmiş kommunist rejiminin başçıları azı 9 nəfərin qətli ilə əlaqədə ittiham edilirlər. Bu 9 nəfər Çexoslovakiya sərhədini keçməyə cəhd edərkən öldürülmüşdülər.

Bu iş üzrə keçmiş daxili işlər naziri Vratislav Vajnar-ın da adı keçir.

Bu işin istintaqı ilə Çexiya polisinin kommunist rejimi cinayətlərinin sənədləşdirilməsi və təhqiqatı şöbəsi aparır.

İttihamın əsasında bu dayanır ki, Çexoslovakiya 1976-cı ildə Vətəndaş və Siyasi Haqlar beynəlxalq Konvensiyasına qoşulub və bu Konvensiyaya görə vətəndaşların ölkədən sərbəst çıxıb getməsinə imkan verilməli idi.

Buna rəğmən Çexoslovakiyada ölkədən çıxış üçün icazə sistemi var idi və xaricə heç də hamını buraxmırdılar.

Sərhədçilərə sərhədi keçənlərə atəş açmaq və ya üstlərinə itləri buraxmaq əmri verilmişdi.

Jakeš Çexoslovakiya KP MK-nın sonuncu baş katibi idi və Kommunist Partiyası ölkədə mütləq hakimiyyətdəydi.

O ÇKP-yə 1987-1989-cu illərdə rəhbərlik etmiş və “məxməri inqilab” günlərində istefaya getmişdi.

Štrougal-a gəlincə isə o, prezident Gustáv Husákın hakimiyyəti dövründə baş vermiş “Praqa baharı” üsyanının yatırılmasından sonra ölkənin baş naziri olmuşdu.

Bundan əvvəl 1968-ci ildə Sovet İttifaqı və Varşava Müqaviləsinin ölkələri Çexoslovakiyaya hərbi müdaxilə etmişdi.

Hazırda Jakešin 97, Štrougal-ın isə 95 yaşı var. İstintaqın getdiyi müddətdə onlara həbs-qətimkan tədbiri tətbiq edilməyib.

Çexiyada 1948-ci ildən 1989-cu ilədək hakimiyyətdə olmuş kommunist rejimi hazırda cinayətkar rejim hesab edilir.

Buna baxmayaraq bu rejimin başçılarına qarşı əvvəllər ittiham irəli sürülməyib.

Hərçənd Jakeši 1968-ci il sovet müdaxiləsinə dəstəkdə şübhəli kimi mühakimə ediblər.

Lakin kifayət qədər sübutların olmadığına görə işə xitam verilib.

XS
SM
MD
LG