Çexiya paytaxtı Praqanın Rjeporıye rayonunun başçısı onun rayonunda Rusiya Azadlıq Ordusunun (RAO) komandanı general Andrey Vlasovun döyüşçülərinə abidə qoyulmasını tənqid edən Rusiya prezidenti Vladimir Putinə cavab verib.
Pavel Novotny bu məktubunda bildirir ki, abidənin tikilməsi məsələsini Moskva ilə müzakirə etmək niyyətində deyil.
AzadlıqRadiosunun Rus xidməti yazır ki, bu məktubu Çexiyanın iDnes nəşri dərc edib.
Bu da xəbər verilir ki, rayonun icra başçısı Putinə məktubunu Praqadakı Rusiya səfirliyinə traktorla gətirib.
Novotny-nın sözlərinə görə rayon sakinləri abidə qoyulması ideyasını dəstəkləyiblər.
O xatırladıb ki, alman nasistlərə qarşı Praqa üsyanı günlərində üsyançıların köməyinə məhz general Vlasovun döyüşçüləri gəliblər, Rjeporıye və paytaxtın başqa qərb rayonlarını da almanlardan onlar azad ediblər.
Novotny habelə yazır ki, Rusiya “yalan və xof yaratmağın” simvoludur.
Rayon rəhbəri habelə sovet marşalı İvan Konevin Çexoslovakiyanın azad edilməsindəki və ümumən tarixindəki rolunu şübhə altına alıb.
Konevin heykəli Praqanın 6-cı rayonunun ərazisində ucaldılıb. 2019-cu ilin yayında həmin rayonun rəhbərliyi bu heykəlin başqa yerə köçürülməsi, onun yerində isə “Praqanın xilaskarlarına” abidə qoyulması qərarını qəbul edib.
Bundan əvvəl Konevin Praqadakı heykəlinə etiraz olaraq dəfələrlə rəng atılmışdı.
Praqada vlasovçulara heykəl qoyulması qərarını Rusiyanın Çexiyadakı səfirliyi tənqid etmişdi.
Səfirlik bildirirdi ki, RAO döyüşçülərinə abidə qoyulması “müharibə canilərinin qəhrəmanlaşdırılması” deməkdir.
Rjeporıye rayonunun bələdiyyəsi RAO döyüşçülərinə abidə qoyulması məsələsini dekabrın 16-da müzakirə edəcək. Bu rayonda 4, 5 min sakin yaşayır.
Sağ təmayüllü mühafizəkar Vətəndaş Demokratiyası Partiyasının nümayəndəsi Pavel Novotny özünün barışmaz antikommunist mövqeyi və Rusiya hökumətini kəskin tənqid etməsi ilə tanınır.
Bu da xəbər verilir ki, yazdığı bir tvitə görə Çexiyada Novotny-ya cinayət işi açılıb.
O həmin tvitdə Çexiya parlamentinin kommunist deputatı Zdenek Ondrachenko-nu Ukraynanın “Donetsk Xalq Respublikası” separatçı bölgəsinə səfər etdiyinə görə asmağa çağırırdı.
Rusiya Azadlıq Ordusuna gəlincə isə onun təşkilinə 1943-cü ildə başlanmışdı.
1944-cü ilin sonlarında artıq Vlasovun komandanlığı altında “Rusiya xalqlarının xilası komitəsinin” təşkil etdiyi döyüş qabiliyyətli bütöv bir ordu vardı.
RAO Sovet ordusuna qarşı döyüşlərdə çox az iştirak etmişdi.
Almaniyanın II Dünya Müharibəsində məğlubiyyətinə az qalmış RAO Almaniya komandanlığının tabeçiliyindən çıxmaq və cəbhəni yararaq qərbə tərəf hərəkət etməklə ABŞ və Britaniya hərbçilərinə təslim olmaq barədə qərar qəbul etmişdi.
RAO-nun 1-ci diviziyası Sergey Buyachenko-nun komandanlığı altında Praqa üsyanında iştirak etmişdi. Lakin üsyan rəhbərliyi 1945-ci ilin 7 mayında bu diviziyanın şəhəri tərk etməsini istəmişdi.
Vlasovçuların Praqanın azad edilməsindəki rolu Çexiya tarixşünaslığında hələ də mübahisə mövzusu olaraq qalır.
Bəzi tarxiçilər deyirlər ki, sözü gedən 1-ci divizya Praqadan əvvəl Varşava üsyanının yatırılmasında iştirak etmişdi.
General Vlasov və onun komandirləri müharibədən sonra Moskvada mükahkimə edilərək güllələniblər.