Son bir ildə prezident və komandası islahatlar haqqında daha çox danışmağa başlayıblar. Elə Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputatların parlamenti buraxmaq haqda müraciəti, dövlət başçısının administrasiyasında kadr dəyişiklikləri də rəsmi təbliğatda islahat kimi təqdim olunur. Bu baxımdan gələn il gözlənilən parlament seçkiləri seçki qanunvericiliyinin təkmilləşməsi barədə sualları yenidən gündəmə gətirir. Doğrudur, hələlik hakimiyyət seçki islahatları haqda danışmır. Amma bununla belə parlament seçkiləri öncəsi uzun illərdir beynəlxalq qurumların, müxalifətin tələb etdiyi kimi Seçki Məcəlləsində də dəyişikliklərin ediləcəyinə ümid bəsləmək olarmı?
“...vaxt baxımından qeyri-realdır”
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc AzadlıqRadiosuna deyir ki, qarşıdakı qısa zaman çərçivəsində seçki qanunvericiliyi sistemində köklü dəyişikliklərin aparılması vaxt baxımından qeyri-realdır.
O, dəyişikliklərin hakimiyyətin bütün qollarını əhatə etdiyini, köklü xarakter daşıdığını bildirir və hesab edir ki, bütün iddiaçı qüvvələr keçmişdə seçdikləri boykot mövqeyini kənara qoyub ümumxalq kampaniyasına qoşula bilərlər.
“Burada seçki yarışı qalibləri müəyyənləşdirər, təmsilçilər xalqın iradəsi ilə parlamentdə iştirak edərlər və qanunverici orqandakı dinamizm, fərqlilik 2020-ci ilin Azərbaycan həyatı üçün mənalı olmasına imkan verər. Əks halda, qış ayı, gözlənilməz vəziyyətdə yaxalanma, ənənəvi qeyri-legitimlik söhbətləri, düşmənçilik iddiaları və sair epitetlərlə qarşıdakı prosesə yanaşma, hər şeyi yenə də şübhə altında qoymaq seçki prosesinin canlılığına müsbət təsir etməyəcək və partiyaları da məlum statik durumdan çıxartmayacaq”.
Zahid Orucun qənaətincə, qarşıdakı dönəm təkcə yeni qanunverici orqanın, yeni münasibətlərin meydana çıxması deyil, həm də parlamentdə işləyəcək yeni müxalifətin ortaya çıxması üçün böyük fürsətdir.
“İslahatın yox, avtoritar rejimin daha da möhkəmlənəcəyi anonsunu verdi”
Müsavat Partiyasının başqanı Arif Hacılı ümumiyyətlə, heç bir islahat aparılmadığını hesab edir. Onun fikrincə, yaz aylarında islahatlar haqqında anonslar verilsə də, indi bunlar da aradan qalxıb. O, fikrini əsaslandırmaq üçün İlham Əliyevin Bakı Dövlət Universitetinn 100 illiyi ilə bağlı tədbirdəki çıxışını yada salır:
“Həmin çıxış islahatın yox, avtoritar rejimin daha da möhkəmlənəcəyi anonsunu verdi”.
Ancaq Arif Hacılı hesab edir ki, əgər islahatlar aparılacaqsa, bu, ilk növbədə siyasi-iqtisadi sahələri əhatə etməlidir, fundamental insan haqları, seçki hüququ, ifadə, sərbəst toplaşmaq azadlığı təmin edilməlidir.
O, Müsavat Partiyasının hələ bir neçə ay əvvəl seçki qanunvericiliyi ilə bağlı islahat paketini təqdim etdiyini bildirir. Partiya ilk növbədə proporsional seçki sisteminin bərpa olunmasını tələb edir.
“Seçki kampaniyasının müddəti 2003-2005-ci illərdə olduğu kimi 4 ay olmalı, təbliğat kampaniyası dövrünə isə 2 ay ayrılmalıdır. Seçki mühitinin demokratikliyi üçün söz və sərbəst toplaşmaq azadlığı təmin edilməlidir, siyasi partiyalara rəqabət şəraiti və seçki kampaniyası dövründə bərabər hüquqlu təbliğat imkanları yaradılmalıdır. Seçki komissiyaları iddiaçı tərəflərin etimad göstərdiyi prinsiplər əsasında formalaşmalıdır. Bununla bağlı Avropa Şurası Venesiya Komissiyasının tövsiyələri həyata keçirilməlidir”.
Arif Hacılının fikrincə, yalnız bu istiqamətdə addımlar atılarsa, növbəti parlament indikindən fərqlənəcək.
“Dəyişikliklər aparılacaqsa, əhatəsi geniş olmalıdır”
Vətəndaş Hüquqları İnstitutunun rəhbəri, seçki eksperti Bəşir Süleymanlı prezidentin BDU-nun yubiley tədbirində siyasi islahatlara ehtiyacın olması haqqında söylədiklərini xatırladaraq əlavə edir ki, seçki islahatlarına da ehtiyac var.
“Dəyişikliklər aparılacaqsa, əhatəsi geniş olmalıdır, konkret olaraq “Siyasi partiyalar haqqında”, “Sərbəst toplaşmaq haqqında” qanunlar Avropa Şurası Venesiya Komissiyasının müəyyən zamanlarda qaldırdığı standartlara çatdırılmalıdır. O cümlədən, Seçki Məcəlləsində dəyişiklikllərə ehtiyac var, siyasi partiyalar və vətəndaş cəmiyyəti dəyişikliklərlə bağlı təkliflərini zaman-zaman səsləndirib. Söhbət daha çox seçki komissiyalarının tərkibinin formalaşmasından gedir, komissiyaları hakimyyətin nəzarətindən çıxartmaq lazımdır ki, qarşı tərəflərin də təmsilçiyi təmin edilsin və nəticədə seçkidəki pozuntular arada qaldırılsın”.
Bəşir Süleymanlının fikrincə, eyni zamanda, müşahidəçilər, təbliğat, təşviqat kampaniyalarının vaxtı, seçki şikayətlərinin araşdırılması halları ilə bağlı qanunvericilikdə dəyişikliklər aparılmalıdır. Bundan başqa, icra orqanlarının yerlərdə birləşmək azadlığına, vətəndaş cəmiyyətinin tədbirlərinə, partiyaların bölgələrdə insanlarla görüşlərə qoyduqları məhdudiyyətə diqqət yetirilməli olduğunu deyir. Ekspertin sözlərinə görə, əslində, qanunvericilikdə bunlara qadağa yoxdur, amma praktikada həyata keçirmək mümkün deyil.
Beləliklə, seçki islahatları ilə bağlı yetərincə təklif var. Hakimiyyət isə hələlik bu mövzuya toxunmur. Rəsmi Bakı adətən beynəlxalq qurumların bu yöndə təkliflərinə cavabında bəyan edib ki, ölkədə normal seçki keçirmək üçün Avropa standartlarına uyğun qanunvericilik, balanslı şəkildə formalaşdırılan komissiyalar var.