Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:02

Bosniya miqrant düşərgəsini bağlamağı təxirə salır


Vucjak-da miqrantlar
Vucjak-da miqrantlar

Bosniya hakimiyyəti ölkənin şimal-qərbində müvəqqəti miqrant düşərgəsinin bağlanmasını qeyri-müəyyən müddətə təxirə salıb.

Dekabrın 9-da Vucjak düşərgəsi bağlanmalıydı. Beynəlxalq ictimaiyyət yüzlərlə adamın orada qeyri-adekvat şəraitdə saxlanmasını sərt tənqid edirdi. Qırmızı Xaç bu düşərgədə 600-dək miqrantın saxlandığını bildirir.

Qərar niyə ertələndi

Bosniyanın Əcnəbilərin İşləri üzrə Xidmətinin direktoru Rade Kovac dekabrın 9-da düşərgəyə baş çəkib. O, düşərgənin bağlanmasının təxirə salındığını, əlavə informasiya veriləcəyini deyib.

Yardım qrupları dəfələrlə xəbərdarlıq ediblər ki, Vucjak keçmiş zibilliyin yerində yerləşir, 1992-95-ci illər Bosniya müharibəsindən qalmış minalı əraziyə yaxındır, daimi suyu gəlmir, tualetləri yoxdur. Ötən həftə qar yağmağa başlayandan yaşayış standartları daha da pisləşib.

Kovac deyib ki, miqrantlar sonucda Sarayevo kantonundakı qəbul mərkəzlərindən birinə köçürüləcək. O, təxirəsalmanın səbəblərini açıqlamayıb. Amma medianın yazmasına görə, qərar qəbul mərkəzlərində adekvat şərait olmadığından ertələnib.

Bosniyanın Təhlükəsizlik naziri Dragan Mektic ötən həftə demişdi ki, Xorvatiya ilə sərhəddə yerləşən düşərgədə qalanlar regiondan kənardakı digər düşərgələrə köçürüləcək.

“Miqrantların gələn həftənin əvvəlindən bu məkandan digər qəbul mərkəzlərinə köçürülməsi, bu müvəqqəti düşərgənin bağlanması razılaşdırılıb”, – Mektic dekabrın 6-da bildirib.

Adekvat geyimləri-ayaqqabıları yoxdur

Avropa Şurasının İnsan haqları komissarı Dunja Mijatovic ötən həftə Vucjaka baş çəkib. O, düşərgə birdəfəlik bağlanmasa, ölümlərin qaçılmaz olması haqda xəbərdarlıq edib. “Düşərgəni bu gün bağlamasaz, adamlar sabah orada ölməyə başlayacaqlar”, – Mijatovic qarla örtülmüş düşərgədə olarkən jurnalistlərə deyib.

“Adamların çoxunun adekvat geyimi, ayaqqabısı yoxdur. Adamları bu şəraitdə saxlamaq qeyri-insani və qəbuledilməzdir”, – o vurğulayıb.

Amma bəzi miqrantlar qarlı-şaxtalı havaya baxmayaraq, sərhəddən uzağa getməkdən imtina edəcəklərini deyiblər. Bir çox miqrant ona görə Bosniyanın şimal-qərb hissəsinə yığışır ki, oradan qanunsuz olaraq Avropa Birliyinin üzvü Xorvatiyaya, daha sonra Qərbi Avropanın daha zəngin ölkələrinə keçməyi hədəfləyir.

Vucjak-da qalan miqrantlar düşərgənin köçürülməsinə etiraz olaraq bir neçə gün yeməkdən imtina etmişdilər, dekabrın 7-də yenidən ərzaq qəbul ediblər.

Bosniyaya miqrantlar əsasən Serbiya və Monteneqrodan keçirlər. Onlar Yaxın Şərqdə, Afrika və Asiyada müharibədən, yoxsulluqdan qaçırlar.

XS
SM
MD
LG