Dekabrın 10-da ABŞ Nümayəndələr Palatasının Demokrat üzvləri impiçment maddələrini açıqlayacaqlar. Bu haqda “AP” və “Reuters” qanunverici orqan daxilindəki anonim mənbələrə istinadla yazırlar. Mənbələr içində baş məsləhətçinin də olduğu bildirilir.
“AP” xəbər verir ki, demokratlar Prezident Donald Trump-a qarşı iki rəsmi ittiham irəli sürəcəklər.
İttihamlardan birinin vəzifədən sui-istifadə, digərinin Konqresin işini əngəlləməklə bağlı olacağı xəbər verilir.
Konqres Trump-a qarşı araşdırmanı sentyabrın 24-də başladıb və prezidentin şəxsi siyasi mənfəəti üçün xarici ölkədən kömək istəyib-istəmədiyi araşdırılır.
“Təhdid”
Araşdırmanın mərkəzində Trump-ın iyulun 25-də ukraynalı həmkarı Volodymyr Zelenskiy ilə telefon söhbəti dayanır. İddialara görə, Trump həmin zəng zamanı Ukrayna prezidentinə təzyiq göstərib ki, demokratlardan prezidentliyə namizəd Joe Biden və oğlu Hunter barədə araşdırma aparsın. Hunter Ukraynada enerji şirkətinin idarə heyətinə ödənişlə üzv olub.
Palatanın Kəşfiyyat komitəsinin müşaviri Daniel Goldman araşdırmanın faktaraşdırıcı hissəsini aparıb. Onun sözlərinə görə, Trump-ın vəzifədə qalması ölkəyə ziyan vurar.
“Trump-ın seçkini qazanmaq üçün aldatmaqda xarici ölkədən inadlı və davamlı kömək istəmək cəhdi bizim azad və ədalətli seçkilərimizə, dövlət təhlükəsizliyimiziə hədə yaradır”, – Goldman dekabrın 9-da Palatanın Ədliyyə komitəsində dinləmə zamanı deyib.
Trump-ın respublikaçı həmkarları isə demokratları yetərincə dəlil ortaya qoymadan prezidenti vəzifəsindən kənarlaşdırmağa, 2016-cı il prezident seçkisinin nəticəsini dəyişməyə çalışmaqda ittiham edirlər.
Trump hansısa yanlışa yol vermədiyini deyir, impiçment araşdırmasını “əcinnə ovu”, dinləmələri “kenquru məhkəməsi” adlandırır.